Modern.az

Bahalı yas mərasimləri - şəriətə zidd yarış meydanı... (ARAŞDIRMA)

Bahalı yas mərasimləri - şəriətə zidd yarış meydanı... (ARAŞDIRMA)

Ölkə

28 Mart 2011, 18:05

Yası düşənlər bilmir ölüsünə ağlasın, yoxsa...


Təbiətin qanunu belədir: dünyaya bir gün gələn, bir gün getməlidir. Atalarımız yaxşı deyib: bu fani dünyadan insana 5 metr kəfən, bir neçə qarış torpaq qalır.
Təəssüf ki, sağlığında insanların əksəriyyəti bunu anlaya bilmir...    

Dünyadan köçən yaxınlarının xatirəsini əziz tutmaq üçün indi mərhumlara bahalı daşlardan abidələr qoyulur, dəbdəbəli "yas" mərasimləri təşkil olunur, masalara “quş südü, can dərmanı”, banandan tutmuş çərəzə kimi hər cür təamlar düzülür. Bəziləri hətta borca düşsə belə, məclisinin yüksək səviyyədə keçməsi ücün əlindən gələni əsirgəmir. Elə ailələr də var ki, yası “təm-təraqlı” yola vermək üçün maşınını, qiymətli əşyalarını satır. Bir sözlə, bu gün yaxınını itirən ölü sahibi bilmir ölüsünə ağlasın, dünyadan köçən yaxınının dərd-kədərini çəksin, yoxsa yas mərasimini yüksək səviyyədə yola salmağın qayğısına qalsın.

Dini ekspertlər isə hesab edir ki, bütün bunların heç zərrəsi belə dünyadan köçənə yetmir. Çünki çəkilən zəhmət və xərcə baxmayaraq, işin mahiyyətində savab yoxdur.

Yasları da "modern”ləşdirirlər

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı belə qənaətə gəldik: bu təm-təraqlı yas mərasimlərinin təşkilində məqsəd ölü sahiblərinin el qınağına gəlmək istəməməsidir. Onu da əminliklə demək olar ki, heç bir  ölkədə Azərbaycanda olduğu kimi, bahalı yas mərasimləri təşkil olunmur. Məsələn, qonşu Türkiyədə yas mərasimi məscidlərdə, bəzən də evlərdə təşkil edilir. Orada məclisin qayğısına ev sahibi yox, qonum-qonşu, qohumlar qalır. Ev sahibinə dəstək olmaq üçün ətrafdakılar yas evinə yemək bişirib gətirirlər. Hüzrə gələnlərin əksəri isə yemək yemir. Bizdə isə...

Yas mərasimləri günbəgün "modern”ləşməklə yanaşı, həm də bahalaşır. Yasa gələnlər sanki kədərə, hüznə şərik olmağa yox, restorana və ya toya buyurublar. Yas mərasiminin müzakirə obyektinə çevrilməsi, düzülən naz-nemətə “qulp”qoşulması kimi halların olması, ehsandan yemək savab sayılır deyiminə xələl gətirir.

“Çadırda mikrofon, çilçiraq, kondisioner quraşdırırıq”

Qeyd edək ki, artıq bir neçə ildir təmtəraqlı yas mərasimlərinə Naxçıvanda qadağa qoyulub. Bəzi Bakı kəndlərində də yas mərasimində süfrəyə ancaq çay, qənd, halva qoyulur. Ancaq əksər yerlərdə yas süfrəsinin zənginliyi bir yana, dəbdəbəli çadırlar və orada göstərilən xidmət növlərinin sayı durmadan artır. Bu xidmətləri təklif edənlər isə şəhərin əksər hissələrində, daha cox isə qəbiristanlıqların yaxınlığında göstərdikləri xidmətlərlə bağlı elanlar vurublar “Kirayə çadir verilir”, “Yas mərasiminin təşkil olunur” və s.

Elanlarda təqdim edilən nömrələrdən birini götürüb təklif edilən xidmətlərlə maraqlandıq. Özünü Rüfət kimi təqdim edən şəxs bildirdi ki, çadırların qiyməti avadanlığın sayından, görünüşündən və digər xidmət növlərindən asılı olaraq dəyisir:
“Yas mərasiminin təşkili üçün qiymətləri 1000 manatdan başlayaraq 2 - 4 min manat arasında dəyişir. Orta səviyyədə olan çadır 600 manatdır. Ancaq  səsgücləndirici mikrofon, molla, aşbaz, ofisiant sifariş verdikdə qiymətlər artır. Boş çadırlar 24 saat müddətinə 400 - 500 manata da kirayə verilir. Bu zaman işçilərimiz gəlib yalnız boş çadırı quraşdırıb gedəcəklər”.

Həmsöhbətimiz çadırda kondisioner, çılçıraq, soba quraşdırılması kimi xidmətlər də təklif etdi: "Ünvanı deyin, hara istəyirsinizsə, çatdıraq. Çayçı-ofisiant, aşpaz və dəfn mərasiminin yola verilməsi üçün digər xidmətlərimiz, hətta qadın və kişi məclislərini yola salmaq üçün mollalarımız da var".

Canfəşanlıqla xidmətlərin növlərini sadalayan xidmətin əməkdaşı qiymətlər haqda da məlumat verdi: “Bir günlük ofisiantın xidməthaqqı 20 - 30, aşpazınkı isə 50 - 80 manatdır. Molla və mərsiyə deyənlər isə məclisə 150 - 200 manata gəlir”.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı onu da öyrəndik ki, hazırda ölünün yuyulması 40 - 50 manat, mürdəşirə ödənilən məbləğ 30 manat, məsciddə qeydiyyata düşməyin qiyməti isə 4 manatdır. Cənazənin son mənzilə yola salmaq ücün maşının sifarişi isə ölü sahibinə 80 - 100 manata başa gəlir. Bura əklilin (50-100 manat) qiymətini də gəlsək, daha şübhə qalmaz ki, bu gün ölmək yaşamaqdan bahadır…

“Ölən öldü getdi, vay qalanın halına...”

Problemlər yas mərasimi və ölünün dəfni ilə bitsəydi, yenə də sükür etmək olardı. Yas mərasimini yola verdikdən sonra qəbirin üstünün götürülməsi mərhələsi baslayır. Burda da digər xalqlardan fərqli olaraq fərdi xüsiyyətlərimiz var…

Qəbrin üstünün mərmərdən və ya digər bahalı daşdan olması, kənarının hasara alınması, əzəmətli görünüşü ilə digər qəbirlərdən geri qalmaması fikri ölü sahiblərinin çoxunun yuxusunu ərşə çəkir.

Yeri gəlmişkən deyək ki, xarici ölkələrdə qəbrin üzərinə mərhum haqqında məlumat olan 50 - 60 santimetrlik kiçik daşlar qoyulur. Əslində islama görə az müddətdən sonra meyit torpağa qarışmalıdır. Ancaq hazırda qoyulan baş və sinə daşların sayəsində meyitin torpağa qarışacağına kimisə inandırmaq çətin olar.

Badamdarda "Qurd qapısına" yaxın ərazidə fəaliyyət göstərən qəbir daşları sexinə də üz tutub qəbir daşının neçəyə başa gəlməsi ilə maraqlandıq. Sexin qarşısında fərqli daşlardan hazırlanmış müxtəlif ölçülü qəbir daşları nümayiş olunur.

Sexdə çalışan usta bildirdi ki, müxtəlif qiymətə qəbir daşları sifaiş etmək olar: “Hazırda əsasən Qaradağ və Naxçıvanın "Gülbax" daşlarından baş və sinə daşı hazırlayırıq. Çünki bu daşlar asan cilalanır və yaxşı naxış götürür. Bu daşlardan orta qəbirüstü abidə 700 - 1000 manata başa gəlir”.

- Çox bahadır, bundan ucuz nə təklif edə bilərsiniz?

- Ən ucuz qəbirüstü abidə daş qırıntılarının üyüdülüb sementlə qarışdırıldıqdan sonra qəliblərə salınanlardır. Onların qiyməti 200 - 300 manatadır.

Usta qiymətlərin qəbir daşının ölçüsündən asılı olaraq dəyişdiyini də söylədi. Onu da öyrəndik ki, Ukraynadan gətirilən qırmızı və qara qranitlər isə 3000 - 5000 manata başa gəlir. İran və Çin mərmərləri isə bundan xeyli ucuzdur. 1 metr 30 santimetr qranitdən hazırlanan qəbir daşı 700, 1 metr 50 santimetr qranitdən hazırlanan qəbir daşı isə 1000 manatadır.

Fırıldaqçı molla

Sexdən aralanıb Yasamal qəbiristanlığına da baş çəkdik ki, buradakı vəziyyətdən də hali olaq. Qəbirsanlığın qarşısında molla əlindən tərpənmək olmur. Yaxınlaşanın olduğunu görən mollalar arasında canlanma yarandı. Hiss olunur ki, hamısı “müştəri” sorağındadır.

Mollaların birindən yas mərasimini neçəyə idarə etdiyini xəbər aldıq. Molla hüzürü 250 manata yola verəcəyini söylədi:
“Burada hamı məclisə eyni qiymətə gedir. Cümə axşamları və 40-ı da idarə etsəm, 300 manat verməli olacaqsınız". Molla burada qiymətlərin məscidlərdəkindən ucuz olduğunu da dedi.

"Yasin" oxutmağın qiyməti isə 4 - 5 manatdır. Yaxınlarımızdan birinə yasin oxutmaq istədiyimizi deyib mollaya 4 manat uzadırıq. Molla pulu aldıqdan sonra yasin oxumağa başladı. Birdən ara verib söylədi ki, “istəyirsiniz sona kimi gözləməyib gedə bilərsiniz, narahat olmayın, özüm oxuyacam”.
Din adamının sözünə inanıb ondan uzaqlaşaraq avtobusa mindik. Elə bil ürəyimizə dammışdı. Avtobusun pəncərəsindən mollanın yasini oxuyub-oxumadığını yoxlamaq məqsədilə ona tərəf baxdıq. Molla avtobus yerindən tərpənər-tərnənməz kitabı örtüb digər mollaların yanına getdi. Yaxınımızın  ruhunu şad etmək istəyimiz ürəyimizdə qaldı…

Dəfn mərasimləri ilə bağlı qanun layihəsi hazırlanıb

Yas mərasimlərində baş verənlər əlaqəli qurumların da narahatlığına səbəb olub. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəfn mərasimləri ilə bağlı qanun layihəsi hazırlayıb. Qurumdan verilən məlumata görə, komitə artıq layihəni müvafiq instansiyalara təqdim edib: “Layihədə dəfn və yas mərasimlərində ifrata varmamaqla bağlı tövsiyələr təklif edilir”.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasından isə bildirildi ki, Azərbaycanda yas mərasimlərinin dəbdəbəli keçirilməsi İslam qanunlarına ziddir: "Təziyə mərasimləri çox sadə keçirilməlidir. Halva, xurma və çay ehsan süfrəsi üçün əsas şərtlərdən olmalıdır. Ancaq bu gün belə sadə süfrələrə çox nadir hallarda rast gəlinir. Hamı çalışır onun ehsan süfrəsi yasa gələnlərin qeybət predmetinə çevrilməsin. Ölünün qəbrini qiymətli daşlardan düzəltdirməyin ölüyə heç bir faydası yoxdur. Əksinə, bu, dinə ziddir".

Milli Məclisin Sosial siyasət komitəsində sədr müavini Musa Quliyev isə bizdə ehsanın düzgün verilmədiyini deyir: “Başqa ölkələrdə ehsan bişirildikdən sonra kasıblara, əlillərə paylanılır. Bizdə isə bu hal bəhs predmetinə çevrilib. Ölkəmizdə yas mərasimlərinin həddindən artıq dəbdəbəli keçməsi qanunla tənzimlənə bilməz. Ümumiyyətlə, dünyanın heç bir yerində belə bir qanun yoxdur. Bu cür məsələlər din xadimləri tərəfindən tənzimlənməlidir. Ona görə də bununla dini qurumlar məşğul olmalıdır. Bu məsələni qanunvericiliklə tənzimləməyə cəhd edilib, ancaq hələlik problemin qanunla çərçivəyə alınması mümkün olmayıb".

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva isə əksinə, yas mərasimlərinin adət-ənənələrimizə uyğun şəkildə keçirilməsi üçün inzibati metoddan istifadəni zəruri sayır:
“Hesab edirəm ki, bununla bağlı Milli Məclisdə qanun qəbul edilməlidir. Çünki yas mərasimlərində israfçılıq son həddə çatıb. İş o yerə catıb ki, qadınlar yas mərasimlərinə gedəndə də yollarını gözəllik salonlarından salırlar. Bu mənzərənin dəfələrlə şahidi olmuşam. Yas mərasimlərinə zinət əşyaları taxanlar, bahlı geyinənlər də az deyil. Bugünkü yas məclislərində mərhumdan başqa hər şeydən danışılır. Adət-ənənələr unudulur. Utanc gətirən bu halların aradan qaldırılması üçün nüfuzu olan ziyalılarımız nümunə göstərməlidirlər. Buna paralel olaraq cəmiyyətdə maarifləndirmə işləri aparılmalı, mətbuatda, telekanallarda buna xüsusi diqqət verilməlidir. Hesab edirəm bu üsullarla yas mərasimlərini özünə qaytarmaq olar".

Mirvari Kamilqızı

Yazı “Bakı-Xəbər” qəzetinin keçirtdiyi "İslamda yas mərasimləri və əyintiləri" mövzusunda müsabiqəyə təqdim olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı