Modern.az

215 sayı məktəbin direktoru: “Cəsur müəllimin yanlış olduğunu sübut edə bilərəm...”

215 sayı məktəbin direktoru: “Cəsur müəllimin yanlış olduğunu sübut edə bilərəm...”

Ölkə

19 May 2011, 16:03


Sabunçu rayonundakı 215 saylı orta məktəblə bağlı qalmaqal hələ də bitməyib. Bu təhsil ocağından aidiyyatı orqanlara şıkayət edən jurnalist-valideyn Cəsur Sümərinli 215 saylı orta məktəbdə təmir adı altında valideynlərdən yığılan pulların geri qaytarılmasını və oxşar qeyri-qanuni hadisələrin baş verməməsinə təminat istəyib.

Modern.az saytı ötən günlərdə şikayətçi jurnalistin  mövqeyini dərc etmişdi. Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənmək üçün məktəbin direktoru ilə əlaqə saxladıq.

Direktor, filologiya elmləri üzrə fəlsəfə doktoru Qızqayıt Süleymanova öncə məktəbin tarixi və yeni tikilən korpus barədə məlumat verdi:
“Məktəbimiz 1852-ci ildə tikilib. Əslində bura bir sahibkarın şəxsi mənzili olub. Sonradan elə olub ki, bura peşə məktəbinə çevrilib. 2006-ci ildə Prezident İlham Əliyevin sərancamına əsasən, məktəbə ikimərtəbəli, səkkiz siniflik, təxminən 140 şagird üçün əlavə korpus tikilib. Mən 2010-cu il iyunun 8-dən bu məktəbə direktor təyin olunmuşam. Gələndən sonra ibtidai sinifləri yeni korpusa köçürtdüm. Köhnə bina isə çox pis vəziyyətdədir. Burada kitabxana, akt zalı, idman zalları yoxdur”.

Sən demə məktəbdə kitabxana zirzəmidə fəaliyyət göstərirmiş.

“Buna baxmayaraq məktəb yaxşı fəaliyyət göstərir və hər şey qaydasındadır”. Bunu da direktor deyib.

Q.Süleymanova məktəbə direktor təyin olunandan sonra şəxsən özü bir çox dəyişiklər etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu əməyinin nəticəsində valideynlər və müəllimlər də ondan çox razıdır:
“Direktor təyinatım olanda təhsil naziri Misir Mərdanovdan xahiş etdim ki, mənə ən pis vəziyyətdə olan məktəbi versin, dedim mən oranı bərpa etdirmək istəyirəm. Bir şeyi qeyd edim ki, məktəbdə təmir mütləq olmalıdır. Sağ olsun Prezidentimizi, 2011-2013-cü illərə dair təmirlə bağlı sərəncam verib, amma biz bunu oturub gözləyə bilmərək ki?! Dövlətimiz bizim ailəmizdir. Əgər ailəmizdə nəsə varsa, biz kənardan kömək gələnə qədər gözləməməliyik. İstər-istərməz məktəbdə yüngülvarı nəsə etmək lazımdır”.

Direktor bununla bağlı valideyn komitələrinin də yazılı şəkildə müraciət etdiyini vurğulayıb:
“Amma mən həmin ərizələrin üstünə “yox” yazmışam. Çünki Sabunçu ərazisi bir az kasıb zonadır. Ola bilsin ki, siniflərdə bir-iki imkanlı ailə kömək etmək istəyib. Amma hər birinə “yox” demişəm”.

Qızqayıt Süleymanovanın fikrincə, məktəb bir ailədir və nəsə etmək üçün ailə başçısını gözləmək lazım deyil. Onun sözlərinə görə, hər bir valideyn, müəllim özü məktəbə kömək etməlidir:

“Bizim məktəbimizin büdcəsi var, amma bu azlıq edir. 1852-ci ildə tikilən bina o qədər köhnədir ki... Mən sadəcə olaraq kosmetik təmir üçün nəsə etmək istəmişəm və özüm gücüm çatanı etmişəm. Amma valideynlərdən pul yığılmayıb, heç belə fikir də olmayıb. O məlumatı eşidib saytda oxuyarkən pis oldum, məncə bunu belə şişirtmək lazım deyildi. Kiçik təmir işlərini də öz vəsaitimiz hesabına etmişik”.

Direktor deyir ki, özü məktəbdə elektrik xətlərini dəyişdirtdirib, siniflərə kamera çəkdirib: “Artıq hər sinifdə keçirilən dərsləri izləmək imkanlarımız var. Məktəbdə hər şey ciddidir, kimsə içəri girmək istəyəndə soruşulur ki, onu buraxaq, yoxsa yox. Valideynlər uşaqların dərslərində oturmaq üçün müraciət edirlər. Hamı bundan çox razıdır”.

Q.Süleymanova bu qalmaqaldan sonra həm şagirdlərin, həm də valideynlərin şokda olduğunu qeyd edib. Onun fikrincə, bu söhbət böyük haqsızlıq idi: “Yoxlamalar oldu və məktəbdə korrupsiya faktı aşkarlanmadı. Şikayətçi Cəsur müəllimin informasiyasının yanlış olduğunu sübut edə bilərəm.

Mənə təsir edən odur ki, bəlkə kimsə yalan informasiya verib, bəs qarşı tərəfin rəyini niyə öyrənmirlər...?
Maraqlanmadan bunu yazmaq düzgün deyil. Cəsur müəllim bura gəldi, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən adamlar gəldi. Özüm də otaqda oturdum, hirsimdən çölə çıxmadım.Valideynləri yığıb, bütün siniflərə anonim sorğu düzəltdilər. 670 şagirdin hamısı “yox” cavabı verib. Bu yalan olsaydı, orada nəsə səhv gedərdi. Valideynlər Cəsur müəllimin özünə də dedilər ki, “bu yalan informasiyadır, niyə siz biz valideynlərin adından danışırsınız?””.

Direktor bu hadisədən sonra bir daha müəllimlərlə danışdığını və hər birinə nöqsanlara yol verməməsi barədə göstəriş veridiyni qeyd edib:
“Bu anlaşılmazlığın yaranmasına səbəb kimi isə səhv informasiyaların verilməsini hesab edirəm. Ən azından Cəsur Sümərinli bura gəlib, məktəbin müdiriyyətilə, mənimlə danışardı və belə bir şey olardısa, biz bunun qarşısını alardıq. Bu hadisə məni çox sarsıdıb”.

Q.Süleymanova deyib ki, 215 saylı məktəbdə uşaqların davamiyyəti, təhsili çox yaxşı səviyyədədir.
“Keçən il məzunlarımızın 50 faizi ali məktəblərə daxil olub. Bu il 11-ci sinifdə olan 31 şagirddən 30-u dərsdədir. Hətta bu qədər ciddi rejim “Bakı Təhsili” qəzetindən bura gələnləri də şoka salmışdı. Onlar mart ayında, axırıncı çərşənbə günü - bundan sonra şagirdlər tətilə çıxır - hər kəsin dərsdə, özü də məktəbli forması ilə gəlməsinə çox təəcüblənmişdilər. Çünki davamiyyət 100 faiz idi”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı