Modern.az

“Səviyyəmiz Qarabağ probleminin səviyyəsi ilə eyni deyil...” - Tanınmışların narazılığı

“Səviyyəmiz Qarabağ probleminin səviyyəsi ilə eyni deyil...” - Tanınmışların narazılığı

Ülke

24 Avqust 2011, 13:33

Azər­bayc­an xal­qı­nın böyük Qa­ra­bağ problemi ha­zırda hamımız üçün ən ak­tu­al möv­zudur. Amma müşahidələr göstərir ki, mətbuatda Qarabağ məsələsilə bağlı ciddi yazılara o qədər də maraq yoxdur. Şou-biznes xəbərlərinin oxucuları daha çoxdur, nəinki Qarabağ problemi ilə bağlı olan yazıların.  

Təəssüf ki, oxucular şou-biznes nümayəndələri Röya və Rəqsanənin pal-paltarının, ayaqqabılarının ölçüsünü əzbər deyə, Namiqlə Aygünün sevişməsindən az qala dastan danışa bilərlər. Hələ onların bayağı, şit mahnılarını nöqtə, vergülünə qədər söyləyə bilməklərini demirik. Bunlarla bağlı yazılar acgözlklə oxunduğu halda, Qarabağ problemi barədə məqalələrə laqeyd yanaşılır. Görəsən niyə...?

Məsələ ilə bağlı Modern.az saytına danışan Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı hesab edir ki, bu sualın birmənalı şəkildə cavabı yoxdur. Bu halı müsahibimiz də müşahidə edib:
“Saytlara baxıram, hansısa krminal şəxsin həbsdən buraxılması və yaxud tutulmasını minlərlə insan oxuyur. Amma Qarabağla bağlı baş verən vacib bir hadisəni oxuyanlar azdır. İnsanlarda şou ailəmi ilə bağlı xəbərlərə maraq güclüdür. Xırda bir məsələ olan kimi diqqət yetirirlər”.

A.Nağı düşünür ki, bu, bir tərəfdən insanların düşüncə səviyyəsinin aşağı olması ilə bağlıdır. Digər tərəfdən isə Qarabağla bağlı ciddi hadisələr baş vermədiyi üçün belə hal müşahidə olunur:
“Xəbərlərə inam yoxdur. Qarabağın taleyinin dəyişdirilməsi, işğaldan azad olması ilə bağlı nə cəmiyyət, nə də dövlət səviyyəsində ciddi adımlar atılır.  Ona görə də insanlarda bu cür reaksiya var”.

A.Nağının sözlərinə görə, Qarabağla bağlı yazılan yazılardan fərqli olaraq, bu problemlə bağlı keçirilən aksiyalar insanların daha çox marağına səbəb olur:
“Saytları izləyirəm, görürəm ki, aksiya ilə bağlı tətbir olanda 4-5 min adam baxır. Amma Qarabağla bağlı bəyanat verəndə və ya hər hansı bir mövqe bildirəndə maraq göstərmirlər”.
Müsahibimiz əminliklə qeyd edir ki, bu təbii reaksiyadır. Qarabağla bağlı dövlət səviyyəsində ciddi proseslər başlayanda 10 minlərlə insan saytlara daxil olaraq bu məsələ ilə bağlı hansı irəliləyişlərin əldə olunduğunu izləyəcək.

Millət vəkili Jalə Əliyeva deyir ki, nəinki Qarabağla bağlı xəbərlər, ümumiyyətlə cəmiyyət üçün faydalı olan ciddi mövzulara insanların marağı azdır. Səbəbinə gəlincə, J.Əliyeva bildirdi ki, Qarabağla bağlı yazıların az oxunması təbliğatın lazımı şəkildə qurulmamasından irəli gəlir.
“Digər tərəfdən isə şou xəbərlərinin oxucularının çox olması onların əyləncə axtarmaları ilə əlaqədardır. Şou-biznesin gərəksiz müğənnisi haqqında hər hansı bir xəbər 3000-5000 dəfə oxunur.Yəni bu qədərmi əhəmiyyətlidir..?”.

J.Əliyeva bu problemin ailədə həll olunmasının vacibliyini vurğuladı. Belə ki, millət vəkilinin fikrinə görə, valideyn övlad böyüdərkən ata-anaya sevgi aşılandığı kimi, vətənə də sevgini aşılamalıdır. Uşaq sadəcə evinin divarları içindəki dünyanı deyil, eyni zamanda arxasındakı dünyanı da dərk etməlidir:
““Vətən hamımızındır” ifadəsini dərindən anlayıb başa düşməlidir, bu proses sonra məktəbdə, ictimaiyyət arasında davam etməlidir, davamlı təbliğat işləri aparmalıdır. Təbliğat mexanizmi çox əhəmiyyətlidir. Bunu dəfələrlə deyirəm ki, müharibələrin içərisində söz müharibəsi, təbliğat müharibəsi çox əhəmiyyətlidir. Nəyə görə deyirlər ki, hər hansı bir problemi əvvəl-axır danışıqlar masası arxasında həll etmək daha optimal olardı. İnsanlıq sivlizasiyanın elə bir nöqtəsindədir ki, döyüşərək, savaşarak, şovinizimlə, milliyətçiliklə hər hansı bir nöqtəyə gəlib çatmaq olmaz. Mənim şəxsi düşüncəm budur ki, Azərbaycanda tolerantlığı qorumaqla bərabər Azərbaycan vətəndaşının ölkəsi ilə bağlı olan əhəmiyyətli məsələrdə də öz mövqeyini daha acıq və kəskin şəkildə bildirə bilməsi üçün cəmiyyətin hər bir fərdi başda ailə olmaqla, daha sonra təhsil müəssiəsələrində çalışmalıdır”.

J.Əliyevanın fikrinə görə, bu məsələdə televiziyaların da rolu az deyil.
“Belə ki, bu gün Azərbayvcan gənci televiziyalarda qalmaqal yarada biləcək mövzuların polemikasına qulaq asır, bunun yanındasa Dağlıq Qarabağ probleminə, onun çözülməsinə dair hansı işlərin görüldüyünü əks etdirən verilişlər yoxdur”. 

Yazıcı Seyran Səxavət isə qısa olaraq bu məsələ ilə bağlı fikrini belə ifadə etdi:
“Bizim səviyyəmiz Qarabağ probleminin səviyyəsi ilə eyni deyil və insanların təfəkkürü, şüuru şou-biznes səviyyəsindədir. Ona görə də Qarabağla bağlı yazılar az oxunur və ya oxunmur, əksinə isə şou-biznesdən yazılan yazılar çox oxunur”.

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı