Modern.az

Kinorejissor Şamil Nəcəfzadə: “Yerli seriallara 1-ci seriyadan sonra baxa bilmirəm”

Kinorejissor Şamil Nəcəfzadə: “Yerli seriallara 1-ci seriyadan sonra baxa bilmirəm”

Ülke

12 Sentyabr 2011, 18:39

Telekanallar ucuz, bayağı, tamaşaçı üçün ciddi maraq doğurmaan teleserialları verməklə əslində ekran qarşısında əyləşənləri deyil, öz işlərini yüngülləşdirməyi düşünürlər, yəni efiri doldurmağa çalışırlar. İndi Azərbaycan telekanallarında uzaq latın Amerikası ölkələrinin istüehsalı olan onlarla serial nümayiş etdirilir. Bu serialların həm mövzusu, həm də tərcümə dili Azərbaycan tamaşaçısının zövqünü korlayır.

Son vaxtlar teleməkanımızı milli teleseriallar da bəzəməyə başlayıb. “Xəzər” telekanalında “Aramızda qalsın”, “Susmuş vicdan”, “Küləklər şəhərində”, ATV-də “Bacanaqlar” nümayiş etdirlir.
Yerli teleserialların çəkilişi və nümayişi yaxşı haldır. Ancaq başqa bir məqam var: bu seriallar tamaşaçılarımızın zövqünü oxşayırmı? Təlabatlara cavab verirmi? Xarici təcrübə ilə müqayisədə bizdə çəkilən teleseriallar hansı səviyyədədir? Teleseriallarımıza yazılan ssenarilər və aktyorların peşəkarlarlığı necədir?

“Azərbaycanda milli teleserialların çəkilməsində bir az ləngimə var. Çəkilən teleserialların isə əksəriyyəti qeyri-kinomotoqrafçılar tərəfindən ekranlaşdırılır”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Kinomotoqrafçılar İttifaqının katibi, kinorejissor-rəssam, əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə deyib.

Ş.Nəcəfzadənin fikrincə, müasir dövrdə televiziya filmləri və serialları çox vacib məhsula çevrilir: “Bu da televizyanın məişətdə özünə kifayət qədər yer tapmasından irəli gəlir. Bu baxımdan da televiziya serialları kifayət qədər vacib amilə çevrilib. Ancaq Azərbaycanda bu sahədə bir az ləngimə var. Artıq başqa ölkələrdə, məsələn, Gürcüstanda 5-6 il bundan əvvəldən yerli serialların istehsalına başlanılıb. Orada xaricdən alınan teleseriallarla yanaşı, öz ölkəsinin milli mədəniyyətinin məhsulu olan seriallar da yerli televiziya kanallarında yer tapıb”.

Kinorejissor eyni zamanda televiziya serialının televiziya üçün nəzərdə tutlan kino olduğunu vurğulayıb. Onun sözlərinə görə, əgər nümayiş etdirilən ekran işi çoxseriyalıdırsa, onda buna kino nöqteyi-nəzərdən yanaşmaq lazımdır.

“Bu baxımdan bu gün ölkədə serialların əksəriyyəti qeyri-kinomotoqrafçılar tərəfindən çəkilir və bu da istər-istəməz həmin teleserialların səviyyəsinə öz təsirini göstərir. Müqayisə üçün Rusiya və ya Gürcüstanı göstərmək olar. Rusiyanın çox məhşur serialları var ki, son 5-6 altı il ərzində ekranlardan düşmür. Yəni onlar bir mövsüm deyil, 5-6 mövsüm davam edirlər. Bütün titullara fikir versək, görərik ki, bu filmlərin çəkilişində iştirak edənlər  peşəkar kinomotoqrafçılar, ən azı kino təhsili olan kinorejissorlar, kinooperatorlar, kinorəssamlardır. Bu şəxslərin çəkdiyi seriallar peşəkarlıq baxımından kifayət qədər yüksək səviyyədə alınır”.

Şamil Nəcəfzadə bütün bunların teleserialı baxımlı edən çox vacib amil olduğunu hesab edir: “Seriallar çəkilməlidir və mütləq bura peşəkar yazıçılar, dramaturqlar da cəlb olunmalıdır. Çünki hansısa hekayəni dramaturji bir əhvalata çevirmək, transformasiya etmək də çox vacib amildir. Televiziya seriallarının da, çoxseriyalı filmlərin də özünün dramaturji qanunları var. Bu qanunları bilən və o qanunlar əsasında əhavalat quraşdırmağı bacaran peşəkarlar son nəticədə heç olmasa, orta səviyyədə serial yarada bilərlər. Bu gün çəkilən televiziya seriallarının peşəkarlar tərəfindən ekranlaşdırılmadığı açıq–aşkar özünü biruzə verir”.

Kinorejissor hesab edir ki, yerli televiziya məkanında serialların çox çəkilməsi onlar arasında rəqabət mühitinin yaranmasına səbəb olacaq. Nəticədə irəli getmək istəyən televiziya yaxşı məhsul üçün mütləq peşəkarlara üz tutacaq ki, auditoriyanı özünə cəlb etsin.

Yerli teleseriallara münasibətinə gəlincə, Şamil Nəcəfzadə ancaq onların birinci seriyasına baxdığını qeyd edir.

“Təbii ki, təzə serial ekrana çıxanda heç olmasa oturub onun bir seriyasına baxıram. Artıq bir seriya mənə onun ideyasını, səviyyəsini anlamaq üçün kifayət edir. Amma mən deyə bilmərəm ki, oturub bir seriala əvvəldən axıra kimi baxmışam”.

Kinorejissor eyni zamanda bildirib ki, xarici teleserialların Azərbaycan dilinə dublyajında ciddi problemlər var və bu da əsasən aktyorlardan asılıdır: “Xarici filmlərin, serialların Azərbaycan dilinə tərcüməsi və dublyajında da problem müşahidə olunur.

Tutalım ki, professional aktyorları dəvət edəndə mən artıq səslərindən onları tanıyıram, onların peşəkarlığını da televiziya ekranında görürəm. Yaxşı aktyor səsləndirməsi serialda o qədər də güclü olmayan obrazı gücləndirir. Bu həmin aktyorların professionallığından xəbər verir. Ancaq nisbətən bu sənətdən uzaq, təcrübəsiz insanların da işi o saat göz qabağında olur” deyə Şamil Nəcəfzadə əlavə edib.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı