Modern.az

Bir gəncin MONEYfesti…

Bir gəncin MONEYfesti…

Ülke

10 Oktyabr 2011, 13:22

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. Modern.az layihəyə 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədovla start verib. Vahid Əhmədov Modern.az portalına bildirib ki, o, tələbələrin təhsil prosesində hansı çətinliklərlə üzləşdiklərini, bu məsələlərin aradan qaldırılmasında nəyi çıxış yolu kimi gördüklərini bilmək istəyir.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:

- Bu məqaləni çoxdan yazmağı düşünürdüm. Nədənsə heç cür alınmırdı. Amma rüşvət, korrupsiya, ədalətsizlik haqda eşidəndə ilk olaraq ağlıma hər zaman bu hadisə gəlirdi. Düşdüyüm vəziyyət, üzləşdiyim hadisə elə utancverici idi ki, o hadisənin yenidən baş verməsini istəyirdim. İkinci dəfə iştirakçı olmağı yox, sadəcə kənardan izləyici qismində tamaşa eləməyi arzulayırdım. Özümü və müəllimi, ümumilikdə Azərbaycan təhsilinin vəziyyətini görmək olardı orda. Amma sonra anladım ki, tələbə və müəllim arasında olan həmin dialoqun izləyicisi olmaq, iştirakçısı olmaqdan daha çətindi…

Universitetin ilk ilinin, ilk imtahanların necə çətin olmasını bütün tələbələr yaxşı bilir. I kurs mənim üçün də çətin idi. Məktəbdəki müəllimlərin nəvazişi artıq yox idi. Əvəzində müəllimin təzyiqi, qurduğu “labirint”-lərlə üz-üzə qalmalı olurdum. Kəsrim çıxmasın deyə hər vasitəyə əl atırdım: imtahanlara ciddi hazırlaşır, müəllimin dediklərini edir, kitabları bir-birinə calayırdım. Bir vasitə də var idi. Bu vasitə mənim vasitələrim sırasında olmasa da, davamlı olaraq mənə çıxış yolu kimi təklif edilirdi. İstəməsəm də, məndən alınırdı. Bu vasitə RÜŞVƏT idi…

Düşdüyüm, daha doğrusu zorən atıldığım vəziyyət elə gətirdi ki, mən də adımı müəllimin siyahısına yazdırmalı oldum. Müəllim imtahanda kömək edəcəyini bildirərək, adımı yazdı. Buna baxmayaraq, imtahana hazırlıqlı idim. Vəziyyət elə gətirdi ki, imtahan ciddi oldu və müəllim kömək edə bilmədi. Heç zala buraxılmadı da. Yazıları da o yoxlamadı. Əvvəl oxuduqlarım köməyimə gəldi və yazdım. Cavablar çıxanda 4 aldım. Səhərisi bizdən pullar tələb ediləndə özüm yazdığıma görə vermək istəmirdim. Müəllim mənimlə görüşmək istədiyini bildirdi. Görüş baş tutdu. Nə universitetdə, nə dəki auditoriyada. Görüş təmirlə əlaqədar bağlanmış, istifadəsiz, gözdən iraq bir yerdə baş tutdu. Detektiv əsərlərində ki, kimi yarı uçmuş, yarı tökülmüş, bir sözlə xarabaxanada alındı “ünsiyyətimiz”. Özümü lap cinayətkar kimi hiss edirdim. Təbii, məkan görüşün məqdəsinə görə “uğurla” seçilmişdi.

Müəllimlə salamlaşdım. Amma üzümə baxmırdı. Arxası mənə tərəf idi. Filmlərdəki kimi, üzümə baxmadan danışırdı mənimlə. Görünür utanırdı (necə də həyalı müəllimdi ). Dialoq uzun çəkmədi, məni imtahandan kəsəcəyi ilə hədələyərək pulu məndən aldı. Hələ o pulu yaxşı məqsədlər üçün aldığını da bildirdi. Sadəlövh I kurs tələbəsi isə ona inanaraq, ilk rüşvətini verdi…

Ola bilər sadə görünsün, amma o hadisə təhsilimlə bağlı qurduğum bütün xəyalları alt-üst etdi. Gözümün qabağına hazırlıqlar, müəllim yanına getməyim, bütün günü ora-bura qaçmağım gəldi. Qəbul olarkən valideynlərimin sevincini, özümlə qürurlanmağımı gətirdim göz önünə. Bütün bu sevinc, əziyyət buna görə idimi?! Bunamı görə qışın şaxtasında bütün şəhəri fırlanırdım müəllim yanına gedərkən?! Buna görə valideynlərim sevinirdi?! Heç cür cavab tapa bilmirdim. Həmin gün bir şeyi yaxşı bilirdim: “O xarabaxanya bir müəllimin gəlməyi, tələbə ilə görüşməyi, onunla söhbət edərkən üzünə baxmaması, tələbəni isə qorxudan tər basması, bir sözlə hər şey təhsilimizin nə vəziyyətdə olduğundan xəbər verirdi”

Görüş yerində donub qalmışdım. Amma özümü toplayıb o məkandan bacardığım qədər tez ayrıldım. Ayrılarkən orada gələcəklə bağlı qurduğum xəyalları, alt-üst olmuş arzuları qoydum, ümidlərimi isə özümlə götürdüm…

İndi isə hər şey dəyişib: mən III kursda oxuyuram, artıq müəllimlərlə dil tapa bilirəm, qiymət almaq əvvəlki kimi çətin olmur, çalışıram rüşvət verməyim. Bacardığım qədər alınır. O vaxtki həmin məkan da artıq dəyişib. Xarabaxananın yerində hündür və əzəmətli bir bina ucaldılıb. Bünövrəsi puç olmuş arzularımla qoyulan hündür və əzəmətli bir BİNA…


Cavid Həsənov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı