Modern.az

Bir cüt ayaqqabıya möhtac olanlar

Bir cüt ayaqqabıya möhtac olanlar

Ölkə

31 Oktyabr 2011, 15:37

Son vaxtlar Azərbaycanın hansı rayonuna yolum düşübsə, orda müasir tələblərə  cavab verən tibb müəssisələrinin inşa olunduğunu görmüşəm. Müasir tibbi avadanlıqla təchiz olunmuş bu xəstəxanalar özlərinin əzəmətli görüşü ilə adamı əməlli–başlı sevindirir. Amma BMT–nin Əhali Fondunun iki gün öncə açıqladığı “Dünya əhalisinin durumu–2011” adlı hesabatla tanış olanda başa düşdüm ki, sevinmək üçün hələ çox tezdir. Hesabatda qeyd olunur ki, Azərbaycanda beş yaşına çatmamış uşaqlar arasında hər 1000 nəfərə təqribən 33 ölüm düşür. Hər 100.000 doğuş zamanı isə 38 ana dünyasını dəyişir. Sənəddə həmçinin digər göstəricilər üzrə də vəziyyətin ürəkaçan olmadığı vurğulanır.

Azərbaycanda səhiyyə sisteminin çökdüyünü artıq heç kim inkar etmir. Maddi imkanı yaxşı olan azərbaycanlılar uzun illərdi ki, öz həyatlarını əcnəbi həkimlərə etibar edirlər. Bu insanlar hətta sadə katarakta əməliyyatı üçün də qonşu ölkələrə üz tuturlar. Səhhətində problem olan adamların ayağının biri Bakıda, digəri isə İstanbul və Təbrizdə qalıb. Ötən yazılarımızın birində də vurğuladığımız kimi, Baloğlan Əşrəfov, Zəlimxan Yaqub, Yaşar Nuri  kimi tanınmış simaları məhz Türkiyəli həkimlər ölümün pəncəsindən xilas ediblər. Maddi vəziyyəti bir qədər aşağı olan adamlar isə İran təbiblərindən imdad umurlar.

Təəssüf ki, Azərbaycanda təkcə səhiyyədə deyil, digər sahələrdə də acınacaqlı vəziyyət hökm sürür. Dörd gün əvvəl  Şəkidə yaşlı bir qadınla tanış oldum. Dedi ki, bir müddət öncə polislər qaydasız döyüş üzrə Avropa çempionu olan oğlunu həbs ediblər. Şəkili idmançının həbsinə səbəb hədə-qorxu yolu ilə müxtəlif adamlardan pul tələb etməsi olub. Son bir ayda üç tanınmış idmançı müxtəlif cinayətlərdə ittiham edilərək, həbs olunub. Azərbaycan həbsxanaları çempion məhbuslarla doludur. İdmançılar dünyanın hər yerində humanist əməllərlə məşğul olsalar da, Azərbaycanda baş kəsib qan tökmək, adam öldürməklə ad çıxarırlar.

Rövnəq Abdullayev neft pullarını Afrikanın çəngəlliklərində tutub gətirdiyi ayağıəyri futbolçuların ciblərinə dürtüşdürməklə məşğuldur. Avropada top daşımağa layiq olmayan futbolçular Azərbaycanda bir ayda üç akademikin illik maaşından çox pul qazanırlar. AFFA onların bəzilərini milliləşdirərək, Azərbaycan bayrağı altında meydana çıxartmağa başlayıb. Bəs, illərdən bəri Azərbaycan  futbolunun inkişafı üçün sərf olunan pullar hara gedir? Bu ölkədə uşaq futbolu niyə inkişaf etmir?

Ötən həftə Masallıda orta yaşlı bir kişi ilə söhbət etdim. Dedi ki, bir gün uşağını məktəbə buraxmayıb. Səbəbini soruşdum. Utancaq baxışlarını yerə dikib, fikrə getdi. Handan–hana güclə eşidiləcək səslə belə izahat verdi. “Ayaqqabısı su buraxırdı”.
Şəkidə olanda isə valideynlər sinif otaqlarının soyuqluğundan şikayətlənmişdilər. Bu qədim şəhərdə sinif otaqları hələ də odun sobalarının hesabına qızdırılır. Ən acınacaqlısı isə odur ki, məktəbdə istifadə olunan odunu şagirdlər öz pulları ilə alırlar...

Ölkədə neft gəlirləri ilbəil artır. Təkcə bu il Azərbaycan büdcəsinə neftdən 11 milyard dollar vəsait daxil olub. Əgər həmin puldan Masallıdakı məktəbliyə bir cüt ayaqqabı düşmürsə, bu artım mənim nəyimə lazımdır?!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı