Modern.az

Baramaçılıq: əllərin işdən soyuduğu aqrar sahə - PROBLEM

Baramaçılıq: əllərin işdən soyuduğu aqrar sahə - PROBLEM

Ülke

31 Avqust 2012, 13:18

Vaxtilə bəy xanımları ipək kəlağayılarının gözəlliyi və bahalığı ilə sanki bir-birilərinə acıq verərdilər. İndi də əllərdən süzülüb gələn ipəyimiz gəlin köçən qızlarımızın cehizləri arasında istifadə olunan ən sanballı parça növü hesab olunur. Amma son dövrlər ipəkçilik sənayesinin diqqətdən kənarda qalması yalnız gələcəkdə də bu parça növündən geninə-boluna istifadə edəcəyimizi şübhə altında qoyur.

Elə bunu demək kifayətdir ki, sovet dövründə bir ildə 6 000 ton barama istehsal edildiyi halda indi bu rəqəm 6 tona düşüb. Vaxtilə Şəkidə 1 ildə toxunan parçanın uzunluğu Yer kürəsinin diametrinə bərabər idisə, indi kəlağayıdan başqa demək olar ki, heç nə toxunmur. Belə olan halda demək olar ki, barama tədarük olunmasa, onun da istehsalı təbii ki, dayanacaqdır.

Qeyd edək ki, baramaçılığı gəlirli sahələrdən sayanlar bu sahəyə güzəştli vəsaitin ayrılmasını və baramanın alış qiymətinin artırılmasını istəyir. Çünki bir kiloqram baramaya 3-4 manatın verilməsi sərfəli sayılmır. Yeri gəlmişkən, dünya bazarında baramanın bir tonu 9-10 min dollara, başqa sözlə, 7-8 min manata satılır. İpək parçanın qiyməti isə bundan təxminən 2 dəfə bahadır. Bir baramadan 800-1200 metr uzunluğunda sap almaq mümkündür. Bu saplardan isə sonradan ipək parça istehsal edilir. Vaxtilə Azərbaycanda bəzi rayonların əhalisinin həm ictimai və həm də fərdi formada baramaçılıqla məşğul olduğunu xatırladan mütəxəssislər bu sahənin inkişaf etməsini stimullaşdırıcı tədbirlərdə görür.

Elə bu sahənin mütəxəssisi Məzahir Ədilov da baramaçılığın kölgədə qalmasını baramanın alış qiymətinin aşağı olması ilə izah edir. Baramanın kiloqramına verilən məbləğ kümdarların (baramaçılıqla məşğul olanlara deyilir) maddi maraqlarını ödəmədiyindən baramaçılığa maraq ölüb:
“Vaxtilə bəzi zonalarda əhalinin təxminən 85-90 faizi ipəkçiliklə məşğul olub. Azərbaycan ipəyi dəfələrlə sərgilərdə qızıl medala layiq görülüb. Xüsusilə Ordubad və Şəki ipəyi 5 qızıl medal alıb. Amma respublikamız müstəqillik əldə etdikdən sonra rayonların diqqətdən kənarda qalması bir çox sahələr kimi ipəkçiliyə də güclü zərbə vurdu. Ağacların yanacaq kimi istifadə olunması ipəkçilik sənayesini məhvə apardı. Bundan başqa kümdarların bu sahədə maddi maraqlarının təmin olunmaması onların əllərini işdən soyutdu. Bir kiloqram baramaya 3 manat verildiyindən gəlir əldə edə bilmədiyini görən kümdarlar baramaçılığı ikinci plana saldılar. Belə olan halda respublikamızda olan 2 damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın rayonun baş barama qurutmaxanası, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqəsi, “Şəki-İpək” şirkəti, Ordubad və Ağdaş baramaaçma fabrikləri öz istehsalı dayandırmalı oldu”.

Mütəxəssisin dediyinə görə, baramaçılığın tarixə qovuşmasının bir səbəbi də kolxoz və sovxoz təsərrüfatlarının ləğv olunması və onların ərazisinin özəlləşdirilməsi oldu. Halbuki kolxoz və sovxozların hər birinin ərazisində 7 kiloqram tut ipəkqurdunu yemləmək üçün tut bağları var idi. Həmin bağları pay torpaqları kimi əhaliyə payladılar. Şəxsi təsərrüfatda baramaçılığın gəlir gətirmədiyini görən kümdarlar tut ağaclarını yanacaq kimi istifadə etdilər. Bu səbəbdən də baramaçılıq tənəzzülə uğradı:
“İpəkçilk Kombinatına səriştəsiz özbəklərin rəhbərlik etməsi də baramaçılığa biganə münasibət yaratdı. İstehsal üçün İrandan, Türkiyədən, Özbəkistandan barama alaraq ölkəyə gətirmələri Azərbaycanda bu istehsala diqqətdən kənarda qoydu. Amma tut meşələrinin az da olsa bir hissəsi qalıb. Ona görə də bu sahəni yenidən ayağa qaldırmaq mümkündür. Belə olarsa ilkin vaxtda min ton xam məhsul verə bilərik”.

1993-cü ildə rekord miqdarda barama istehsal olunduğunu deyən M. Ədilovun sözlərinə görə, həmin il Balakən rayonu 6 min ton barama verib. Bu isə ipəkçiliyin məhv olması deməkdir. Və bu da öz növbəsində barama tədarükünə söykənən istehsalçı sektorun məhvi anlamını daşıyır. Mütəxəssis onu da bildirdi ki, son illər barama istehsalı sıfır səviyyəsindədir. Onun fikrincə, ən yaxşı halda məhsul 20 ton olur ki, o da yaş baramanın kiloqramıdır.

Sovet dövründə bu sahə ilə məşğul olanlar kifayət qədər gəlir götürdüklərindən hətta övladlarının xeyir işlərini də bu qazancla etməyi planlaşdırırdılar. Mütəxəssis onu da bildirdi ki, vaxtilə kümdarlar sözügedən sahədən yüksək gəlir götürdüklərindən həvəslə baramaya baxırdılar: “O vaxtlar baramanın bir kiloqramı 5 manat 10 qəpiyə satılırdı. Hətta elə şəxslər var idi ki, onlar bir ton barama verirdilər. Odur ki, baramaçılığı inkişaf etdirə bilsək və kümdarların maddi maraqlarını təmin olunsa, baramaçılıqdan kifayət qədər gəlir götürə bilərik. Çünki sovet dövründə baramaçılıqdan Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəriipək” İdarəsində o qədər gəlir yığılırdı ki, hətta bütün xərcləri ödədikdən sonra belə küllü miqdarda vəsait qalırdı. Biz nazirliyə artıq qalan məbləği sosial sahəyə yönəltməyi təklif edirdik”.

Vaxtilə Azərbaycan SSRİ-də barama istehsalatına görə 2-ci (Özbəkistandan sonra), baramanın və ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tuturdu. Bu öncüllüyü yenidən qaytarmaq üçün M. Ədilov bu sahənin yenidən canlandırılmasını və ilk növbədə kümdarların maraqlarının təmin olunmasını təklif edir. Əks halda baramaçılıq tarixə qovuşacaq.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı