
Bu gün Milli Olimpiya Komitəsində 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, mətbuat konfransında çıxış edən gənclər və idman naziri Azad Rəhimov metronun “Koroğlu” stansiyası yaxınlığında, Heydər Əliyev prospekti 117 ünvanında tikilən çoxmərtəbəli yaşayış binalarından ibarət şəhərcikdən də danışıb. Nazir bildirib ki, həmin binalar Azərbaycanda birinci Avropa Olimpiya Oyunlarına gələcək idmançılar üçün icarəyə götürüləcək.
“Həmin binaları inşa edən şirkətlə müqavilə bağlanacaq. O binalardakı mənzillər müvəqqəti təmir ediləcək və mebellə təchiz olunacaq. Orada hər cür şərait yaradılacaq. Həmin ərazidə poliklinika, yeməkxana və idmançılara lazım olan digər məntəqələr tikiləcək. Belə bir planımız var” –deyə nazir vurğulayıb.