Modern.az

Ağla Albaniya, ağla...

Ağla Albaniya, ağla...

Ölkə

28 Dekabr 2012, 12:59

Bizim kimi keçmişinə biganə olan varmı?

XXI əsrin astanasındayıq. Bütün millətlər milli maraqlarını necə təmin etmək barədə düşündüyü halda biz  hələ milli kimliyimizi təyin etmək uğrunda mücadilə aparırıq. Ancaq eyni məxrəcə gələ bilmirik. Bir qrup alim deyir ki, bizim millət kimi adımız azərbaycanlıdır. Başqa bir qrup alim deyir ki, yox, biz türkük, Azərbaycan sadəcə yer adıdır. Bir başqa zümrə isə kompromis varianta əl ataraq xahiş edir ki, gəlin adımızı azəri türkü qoyaq. Heç nə alınmır ki, alınmır. Milləti biri sağa, biri sola, bir başqası bataqlığa dartıb işləri daha da korlayır. Nə qədər ki, mübahisələr bu yöndə davam edəcək, məsələnin həlli də tapılmayacaq. Niyə? Ona görə ki, biz itirdiyimizi itən yerdə deyil, başqa yerdə axtarırıq. Mülahizələr saxta faktlar əsasında irəli sürülür. Əsl kimliyimizi unudub özümüzə qondarma adlar qoyuruq. Bu yanlışlıqlar, əsasən, tarixin daha dərin qatlarına baş vurmaq əvəzinə yaxın dövrlərin bilgiləri ilə kifayətlənmək üzündən irəli gəlir.

Tarix kitablarımızın böyük əksəriyyəti orta əsrlərdən üzü bəri dövrləri əhatə edir. Doqquzuncu əsrə qədər hansı məqamların yaşandığına isə ötəri nəzər salınır. Sərhədləri şərqdə Xəzər dənizinə, şimalda Böyük Qafqaza, qərbdə İveriyaya, cənubda Araz çayına, cənub- qərbdə isə Ermənistana dirənən Albaniya haqqında yazanda tarixçilərimiz özlərini elə aparırlar ki, sanki bu dövlətin bizə heç bir dəxli yoxdur. Bax, bütün deyilənlərin tənqidə davam gətirməməsinin sirri burdadır. Biz nədənsə qədim Albaniyada yaşamış albanların həqiqi varisi olduğumuzu deməyə çəkinirik. Hələ də özümüzdə haqqımıza və keçmişimizə sahib çıxmaq cəsarəti tapa bilmirik. Bunun da iki əsas səbəbi var. Birinci səbəb odur ki, Albaniya uzun əsrlər boyu xarici müdaxilələrə sinə gərib öz varlığını qorusa da, sona qədər buna nail olmadı. VIII əsrin sonlarına yaxın ərəblərin istilasına məruz qalması bu dövlətin varlığına birdəfəlik son qoydu. Xilafətin əli ölkənin dağlıq ərazilərinə çatmadığından albanların bir hissəsi öz xristian dinində qaldı, aran yerlərində isə əhaliyə islam dini qəbul etdirildi. Nəticədə Dağlıq Qarabağda, Qəbələ və İsmayıllının dağlıq ərazilərində alban tayfaları öz dinində qaldı və eyni zamanda öz tayfa adlarını qoruyub saxlaya bildilər. Eyni milləti müxtəlif  qövmlərə parçalamaqda din başlıca rol oynadı. Dərhal qazdan ayıq ermənilər VIII əsrin ortalarında özlərinə daha yaxın ərazidə yerləşən Dağlıq Qarabağ albanlarının əvvəl kilsələrinə, sonra da özlərinə sahib çıxmaq  üçün hərəkətə keçdilər. Onların xəlifə Abd əl-Malikə müraciətləri cavabsız qalmadı. Xəlifənin razılığı ilə alban Katalikosluğu Ermənistanın tabeçiliyinə verildi. Ermənilər də fürsətdən yararlanaraq uzun əsrlər boyu burada erməniləşdirmə siyasəti apardılar. Nə yazıqlar ki, bundan sonra yerli əhaliyə milli kimliyini unutdurmaq onlara müyəssər oldu. Daha acınacaqlısı isə o idi ki, iyirminci əsrə kimi gah ayrı-ayrı tayfalara, xanlıqlara parçalana-parçalana gələn, gah da qolu-qanadı sındırılıb qonşu dövlətlərin tərkibinə qatılan Albaniya torpaqlarının sahibləri tarixin keşməkeşli yollarında, zamanın qaranlıq dalanlarında azdırıldı və bilmədilər hardan gəlib hara gedirlər. Beləcə, Cavanşirin, Babəkin yurdu ağlar günə qaldı. Burda nə vaxtsa yazdığım şeirdən bir bənd yadıma düşür:

Nəsil nəsildən ayrıldı, Əsil əsildən ayrıldı,
Kərəm Əslidən ayrıldı,
Ağla, Albaniya, ağla.

Təbii ki, öz faciəsini dərk etməyən ağlaya bilməz. Burada “ağla” dərdi dərk etməyə çağırışdır. Dərdi dərk etdikdən sonra nəyin uğrunda mübarizə apardığını bilirsən və bu sənə iki qat güc verir, lazım gəldikdə göz yaşları qurşunla əvəz edilir.

Mətləbdən uzaq düşməyək, gələk ikinci səbəbə. Müstəqillik əldə edənə qədər xalqımızın tarixini yazmaq başqalarına – erməni, rus və digər millətlərin araşdırıcılarına tapşırılıb. Onlar da məsələyə öz milli maraqlarından yanaşaraq bölünmüş, parçalanmış bir ölkənin tarixini saxtalaşdırmaq və özlərinin köklərinə bağlamaqla məşğul olublar. İlk növbədə alban kilsələri qarət olunub, qədim məxəzlər, cünglər tamamilə daşınaraq aparılıb. Alban dilini bir qrup ləzgi dilinə, başqa bir qrup isə erməni dilinə pərçim etmək istəyib. Bizim öz tarixi keçmişimizə sahib durmamağımız başqalarının daha geniş əl-qol açmasına şərait yaradıb. Tarixi gerçəkliklər o qədər saxtalaşdırılıb, dolaşdırılıb ki, indi hər şeyi əvvəlki yerinə qoymaq böyük əzab-əziyyət, enerji tələb edir. Hətta iş o yerə çatıb ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurularkən bu dövlətin qurucuları bir yerə yığışıb ölkəni necə adlandırmaq ətrafında baş sındırıblar. Nəhayət, biri durub deyir ki, cənubda – Araz çayının o biri tərəfində eynilə bizim kimi danışan əhalinin yaşadığı yer Azərbaycan adlanır. Gəlin biz də adımızı Azərbaycan qoyaq. Bu təklif qəbul olunur və o vaxtdan bu torpağın adı Azərbaycan qalır. Bütün bunları yazmaqda elə başa düşülməməlidir ki, mən əsl adımızın alban olduğunu deməklə  türk soylu olduğumuza şübhə ilə yanaşıram. Qətiyyən belə deyil. Bizim bu gün danşdığımız dil qədim alban dilinin azca dəyişikliyə uğramış varisidir. Buna şübhə edənlər alban tayfalarından biri olan udinlərin yepiskopu Robert Mobilinin bu yaxınlarda işıq üzü görmüş udin, Azərbaycan və rus dilində lüğət kitabına baxa və əsrlər boyu aldandığımızın şahidi ola bilərlər. Kitabda aydın görünür ki, dilimiz, təxminən, səksən faiz eynilik təşkil edir. Ancaq nədənsə bu dili indiyədək təhlil edib bir çox həqiqətlərə açar ola biləcək nüansları ortaya çıxarmamışıq. Bəs bu günahı kimin ayağına yazaq? Görəsən, keçmişinə bizim kimi bu qədər biganə olan varmı?

Bu günlərdə Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, tanınmış alim Yaqub Mahmudov 2013-cü ildən başlayaraq 3 il ərzində Azərbaycanın gerçək tarixinin yazılacağı barədə məlumat verib. Deyib ki, kitabda Azərbaycanın itirilmiş torpaqlarının – o cümlədən Güney Azərbaycan, Borçalı, Dərbənd və başqa ərazilərin də tarixi öz əksini tapacaq. Gec də başlanılsa, bu bizi sevindirməyə bilməz. Ancaq nigarançılığım bir şeydəndir: görəsən, bizim ulu keçmişimiz olan Albaniya yenəmi arxa planda qalacaq?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı