“Xidmətə cəlb olunmanın 18 yaş həddi qüsurludur. Hərbi xidmət yaşının artırılmasının lehinəyəm. Vətəndaşın hərbi xidmətə hazırlanması orta məktəbdən dövlət proqramı hesabına baş verməlidir ”.
Bu barədə Modern.az-a Millli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. O, bildirib ki, vaxtilə Milli Məclisdə yaşla bağlı hərbi xidmətə çağırılmada müxtəlif dəyişmələr həyata keçirilib. Onun sözlərinə görə, ilk dövrlər 18-27 yaş kimi meyarlar sonrakı dönəmdə 35-ə qaldırıldı. İndi faktiki olaraq elə bir adam yoxdur ki, 30-32 yaşına qədər hərbi xidmət keçməsin:
“Dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən Türkiyədə fərqli sistemlər mövcuddur. Məsələn, vətəndaş 33-35 yaşına qədər xidməti həyata keçirə bilər. Kim özünü kamil hesab eləsə onda xidmətini reallaşdıra bilər. Orduda da qanunun əlavə digər müddəaları da var. Hamı belə düşünsə, xidməti 18-20 yaş arasında edənlər sıra sayı nə vəziyyətdə olar? Onda hamı ailə institutunu formalaşdırar ondan sonra hərbi xidmətə gedər. Bunun özü də müəyyən problemlərə yol açar”.
Hərbi xidmətə cəlb olunmanın 18 yaş həddini qüsurlu olduğunu hesab edən millət vəkilinin sözlərinə görə, həqiqi hərbi xidmətə çağırılma yaşı artırılmalıdır. Deputat onu da bildirib ki, orta məktəblərdə xidmətə hazırlıq proqramı demək olar ki, işləmir:
“ Vətəndaş hərbi xidmətə çağırılarkən öz valideynin, ailəsinin himayəsindən çıxaraq fərqli bir mühitə daxil olur. Belə olan halda özünü aparma tərzini tapa bilmir, psixoloji mənəvi problemlərlə üz-üzə qalır, adaptasiya olunmağını sürətlə keçə bilmir və müxtəlif vaxtlarda əsgər-zabit, əsgər-əsgər münasibətlərində böhran yaranır. Hətta ayrı-ayrı hallarda bunun ağır nəticələri də olur. Ona görə də vətəndaşın hərbi xidmətə hazırlanması orta məktəbdən dövlət proqramı hesabına baş verməlidir. Belə olduğu təqdirdə həmin şəxslər riyaziyyat, kimya, fizika kimi ondan da üstün bir səviyyədə dövlətin gələcək həyatında iştiraka xidmətə mükəlləfiyyətə hazır olacaq”.
Dünya təcrübəsinin də fərqli olduğunu söyləyən millət vəkilinin dediyinə görə, bütün ölkələrin hərbi quruculuq sistemləri bir-birindən kəskin şəkildə fərqlənir. Onun sözlərinə görə, NATO dövlətlərinin özündə də fərqli sistem işləyir:
“Əgər biz o dövlətlərdən danışırıqsa orada kontrakt ordusu mövcuddur. Çağırışdan xeyli dərəcədə imtina olunması və müqaviləli orduya çağırış var ki, vətəndaş öz həyatını, gələcəyini bütövlükdə bu sistemlə bağlayıb və ora iş yeri kimi baxır, dövlət də məhz bu cür peşəkarların üzərində öz müdafiəsini, təhlükəsizliyini təmin edir. Lakin əksər sosialist düşərgəsi və postsovet ölkələrində hələ ki, qarışıq modellər mövcuddur. Yeri gəlmişkən, bu dövlətlərin özündə də hərbi şəkil Avropa sisteminə yaxınlaşmağa doğru gedir. Hətta ən mühafizəkar ölkə olan Rusiya və müharibə şəraitini yaşayan Gürcüstan da belə ordudakı ənənəvi sovet modelləri dəyişdirilir ”.
Millət vəkili onu da qeyd edib ki, həqiqi hərbi xidmətə çağırılma yaşınжт 19-a artırılması heç də hamının bu yaşda hərbi xidmətə hazır olması demək deyil:
“Tutaq hərbi xidmət yaşı 19-a çatdırıldı. Amma 19 yaşında hamı xidmətə hazır olacaq? Yox. Hələ deyə bilmərəm ki, bu barədə qanun layihəsi var və 2013-cü ildə bu Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq. Bu gündən komitələr fəaliyyətinə start verir. Müzakirələrə başlayırlar. Mənim başqa xarakterli hərbi məsələlərlə bağlı təkliflərim olacaq. Amma hər hansı bir formada mediadan, cəmiyyətdən bu formada gələn təkliflər varsa, dəyərləndiriləcək. Əgər belə bir layihə varsa, ona da baxılacaq”.
Gültəkin Ələsgər