(İçsəs)
İdeal – insanilik ölçüsüdür.
***
İdeallaşdırma – insaniləşdirmədir, insan üçün yararlı etmə və saymadır.
***
İnsanlığa uyğun olmayan – ideal ola bilməz.
***
Dəyər verilən, mənalandırılan hər şey – ideallaşdırılandır.
***
İdeallaşdırma – mahiyyətə, mənaya, həqiqətə yüksəltmədir.
***
Bütün gözəl insani münasibətlər, ilişkilər – ideallaşdırmadır.
***
İdeallaşdırmaq – olayları insanilik ölçüsündə dəyərləndirmək və ona inanmaqdır.
***
İdeallaşdırmaq – gerçəklikdə insani, ruhani olanı görmək, onu qorumaq, yaşatmaq istəyidir.
***
Dünyanı, həyatı, insanı ardıcıl olaraq sevmək, onda müqəddəsliklər, ucalıqlar duymaq, aramaq – varlığı ideallaşdırmaqdır.
***
İnanılan, sevilən hər şey – ideallaşdırılandır.
***
Qorxulan sevilmir, inanılmır – ideallaşdırılmır.
***
İdeallaşdırılan – inanılır, sevilir, qorxulmur.
***
Bütün bayağılıqlar, adi münasibətlər – idealsızlıqdandır.
***
Təbiəti insaniləşdirmək, özünü onda görmək – təbiəti ideallaşdırmaqdır.
***
Dünya, həyat hər an yenilənir – ideala, ideallığa can atır.
***
İnsan idrakı dayanmadan yaradır, yaratdıqlarını yeniləyir – ideala yüksəlir və yüksəldir.
***
Sənətin gözəlliyi, insaniliyi öyməsi – ideallığa xidmətdir.
***
Yaxşının yamanla, doğrunun yalanla savaşı – ideallığı qorumaq istəyidir.
***
İdeallığın qaynağı – insanilikdir. Ona görə də ideallaşdırma – insaniləşdirmədir.
***
Bütün ideallar insanilik qaçılmazlığından, gərəkliyindən yaranır.
***
İnsaniliyə yaramayan, idraka uyğun olmayan ideallar ölür.