Modern.az

"Bakılı qız" dondurmaları saxta çıxdı

"Bakılı qız" dondurmaları saxta çıxdı

Ölkə

11 İyun 2010, 16:01

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxtda və regionlarda fəaliyyət göstərən ticarət obyektlərində dondurmaların keyfiyyətinə nəzarət məqsədilə monitorinqlər keçirir. Monitorinqlər zamanı etiketində AZS 228-2006 standartının tələblərinə uyğun istehsal edilmiş “İceland” əmtəə nişanlı “Bakılı qız” adlı plombir dondurmaların saxlama müddətinin bir il göstərildiyi aşkar edilib.

Dövlət Xidmətinin həmin dondurmaların istehsalçısı “Camal Ltd” şirkətində apardığı yoxlama zamanı AZS 228-2006-nın tələblərinə əsasən, reseptura olmadan istehsal edilən dondurmaların maksimal saxlanma müddətinin 1 ay olmasına baxmayaraq, müəssisənin “İceland” əmtəə nişanlı südlü, qaymaqlı və plombir dondurmalarının etiketlərində saxlama müddətinin 12 ay göstərildiyi müəyyən edilib.

Bununla əlaqədar olaraq, müəssisənin anbarında olan və yararlılıq müddəti normativ sənədlərlə müqayisədə artıq göstərilmiş 3,9 ton dondurmanın satışının dayandırılması və ticarət şəbəkələrinə paylanmış dondurmaların geri yığılması barədə müəssisəyə icrası məcburi göstəriş verilmiş, məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Bundan başqa, “Camal Ltd”də üzərində saxlama müddəti normativ sənədlərdə nəzərdə tutulmuş müddətlərdən artıq göstərilmiş 193 ədəd dondurma etiketi və 431 kq bükülmə materialları aşkar edilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin materiallar istifadədən çıxarılaraq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb. Dövlət Xidməti araşdırmalarını davam etdirir.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı