Modern.az

Rusiyada neft emalı zavodları fəaliyyətini dayandırdı

Rusiyada neft emalı zavodları fəaliyyətini dayandırdı

Dünya

Bu gün, 22:00

Rusiyanın mərkəzi bölgələrində yerləşən iri neft emalı zavodlarının fəaliyyəti Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlardan sonra məhdudlaşıb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, son günlər baş verən hücumlar nəticəsində Mərkəzi Rusiyadakı bir çox iri neft emalı zavodu ya fəaliyyətini tam dayandırıb, ya da yanacaq istehsalını azaltmağa məcbur olub. Hazırda tam və ya qismən dayandırılan müəssisələrin ümumi gücü ildə 83 milyon tondan çoxdur ki, bu da Rusiyanın ümumi neft emalı gücünün təxminən dörddə birini təşkil edir.

Bildirilir ki, sözügedən zavodların payına Rusiyada istehsal olunan benzinin 30 faizdən çoxu, dizel yanacağının isə təxminən 25 faizi düşür.

Hücumlara məruz qalan müəssisələr arasında Kirişi neft emalı zavodu, Moskva neft emalı zavodu, həmçinin Nijni Novqorod, Ryazan və Yaroslavldakı zavodlar yer alır.

Mənbələrin sözlərinə görə, Rusiyanın ən iri neft emalı müəssisələrindən biri sayılan Kirişi zavodu mayın 5-dən etibarən tam fəaliyyətini dayandırıb. İldə 20 milyon ton emal gücünə malik zavodun fəaliyyətsiz qalması ölkənin yanacaq bazarında əlavə təzyiq yaradıb.

Bundan başqa, ildə 17 milyon ton gücə malik “Nijegorodnefteorgsintez” (NORSI) zavodunun da mayın 20-də dron hücumuna məruz qaldığı bildirilib.

Qeyd edək ki, Moskva hökuməti daxili bazarda yanacaq qıtlığının qarşısını almaq üçün apreldən iyulun sonuna qədər benzinin ixracına qadağa tətbiq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı