Modern.az

Sirli işığın Rəşad Məcidi

Sirli işığın Rəşad Məcidi

Təhsil

21 Avqust 2014, 17:42

Çalışdığım Modern.az xəbər portalı və öz adımdan “525”-ci qəzetin baş redaktoru Rəşad Məcidin 50 yaşına kiçik bir təbrik

H amının tanıdığı Rəşad Məcidlə heç kəsin tanımadığı, daha doğrusu tanıya bilmədiyi  Rəşad Məcid intervalında yol getmək çox çətindir. “525-ci qəzet”in baş redaktoru,  AYB katibi olan Rəşad Məciddən  içində böyük ağrını, söz yanğısını,  Qarabağ yanğısını gəzdirən Rəşad Məcidə hər adam  gedib çıxa bilmir.   Jurnalist kimi ilk müsahibəmi Rəşad Məciddən almışam. O zaman  üçüncü kursda oxuyan tələbə idim. Tələbə utancaqlığı sualların  keyfiyyətini marafon yarışı misalı bir xeyli arxada qoymasına baxmayaraq Rəşad Məcidin məntiqli və konkret cavabları o sualların əlindən tutub qabağa çəkdi.

Tələsməyin, obrazlı danışmağa başlamıram. Sadəcə burada “əlindən tutdu”  ifadəsinin bu dəfə özüm əlindən tutub real faktların üzərinə gətirmək istəyirəm.  

Başladıq... 

Deməli, Ukraynanın Xarkov Universitetində  Marşak soyadında bir qocaman professor  var. Bütün tələbələrinə deyirdi ki, siz əslində məni çoxaldırsınız. Hara getsəniz orada sizdən əlavə bir Marşak da olacaq. İndi bəh- bəhlə oxuduğunuz saytlarda müəlliflərlə yanaşı bir Rəşad Məcid də  var.

Əksər  gənc yazarın evində Rəşad Məcid mütləq gözə dəyir. Həmin gənc yazar ədəbiyyatda onun əlindən tutan insanla gündə bir dəfə də olsa xəyali ədəbi dialoqa girir. Bizim kənddəki evimizdə də Rəşad Məcid var. Bir dəfə kitab mağazalarının  birində Rəşad müəllimlə qarşılaşdım. Balaca əmim qızına hədiyyə kitablar almaq istəyirdim. Özümə də kitab seçdim. Birdən Rəşad müəllim dedi ki, bunları sənə mən hədiyyə edirəm. Sifətimin qızartısı məndən tez dilləndi.

Sonra özüm dedim  ki, kəndəki uşağa hədiyyə alıram. Rəşad Məcid cavabında, nə olar ki, uşağa da deyərsən ki, bunu Rəşad müəllim sənə hədiyyə etdi. Bu gün kiçik əmim qızı Lalə həmin kitabları görəndə Rəşad Məcidlə, açanda isə kitabın öz müəllifi ilə söhbət edir.  

Amma oğul istəyirəm ki, Rəşad Məcidin gözlərindəki parıltı ilə söhbət eləsin... Yazının əvvəlində dediyim tanınmayan  Rəşad Məcid şifrə şəklində məhz o işıqda yerləşib.

O işıq  1993-cü il iyulun 23-dən bu yana (yəni Ağdam gedəndən bu yana)  sönmək bilmir ki, bilmir... Sönmür və öz atəşi altında Rəşad Məcidi də gizli saxlayır. O atəşlə mən iki dəfə danışmağa çalışdım. Amma alınmadı. Deməli, birinci dəfə o xəyali söhbət 2010-cu ildə oldu. İrəvan Dövlət teatrında Elçin  Hüseynbəylinin “İmperator” tamaşasına baxandan sonra Rəşad Məcid üzünü biz tələbələrə (yeri gəlmişkən bizi teatra elə o gətirmişdi)  tutub dedi:

- Bu aktyor, aktrisalardan  yazın, məşqlərdə soğan-çörək yeyib sizə tamaşa təqdim edənlərdən yazın.

Elə bunu demişdi ki, üzümü onun gözlərinə dikdim. Amma söhbət etmək mümkün olmadı. İkinci söhbət isə diplom işimlə bağlı Rəşad müəllimlə görüşərkən baş verdi. Böyüdüyü Ağoğlan kəndindən danışdı. Ağacın altındakı bir oğlandan, nənəsi ilə söhbət etməyi xoşlayan uşaqlığından danışdı. O zaman da həmin işıqla söhbət etdim. Elə Ağoğlan kəndindəki uşağın dilində danışırdı o işıq... 

Bu gün hamının tanıdığı baş redaktor, katib  Rəşad   Məcidin 50 yaşı tamam olur. Heç kimin tanımadığı, daha doğrusu,  tanıya bilmədiyi   Rəşad Məcidin yaşı isə gözündəki işığın yaşı ilə ölçülməlidir. İşıqlar isə əmanətdir... əcdadlardan əmanətdir.

Birinci Rəşad Məciddən ikinci Rəşad Məcidə yolçuluq etmək üçün isə gərək bu işığın dilini biləsən...

İşığınız azalmasın Rəşad bəy! Var olasız, Ağoğlan kəndindəki oğlan! Yorulmayasız , 1993-ün 23 iyulundan bəri  bir an da olsa sönməyən İşıq! ən sonda... Sədaqətli olasınız,  hamının tanıdığı Rəşad Məciddən , kimsənin tanıya bilmədiyi Rəşad Məcidə doğru gedən insanlar...    


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı