Modern.az

Kimin addımı kiminlə...

Kimin addımı kiminlə...

Education

19 Mart 2015, 12:57

Zaman irəlilədikcə, parlament seçkiləri uğrunda mübarizədə kimin kiminlə bərabər olub-olmayacağı məsələlərinə konkret aydınlıq gəlməyə başlayır. Həşəmətli güc olduğu vaxtlardan, ciddi təbəddülatlar yaşadığı ta bu günlərə qədər,  müxalifət indi ilk dəfədir ki, seçki, dolayısı ilə hakimiyyət uğrunda mübarizəni vahid masada həyata keçirmir, müştərək fəaliyyəti mərkəzləşdirən ənənəvi siyasi məntəqəni ortaya qoymaqdan birmənalı imtina edir. Hazırda qeyri-hakimiyyət düşərgəsində seçkiboyu sabit qalacaq kimi görünən üç tərəf formalaşır:

-Birinci, iqtidarla dialoq formatına qəbul olunub, bu danışıqlarda yer tutan partiyalar; onlar əvvəllər iri partiyaların gücünə güc qatan, amma reallıqda böyük potensiala malik olmayan, yedək  təşkilatlar kimi çıxış edirdilər. Dialoq isə artıq ictimai rəydə onların siyasi çəkisini azacıq artırıb ki,  hansısa aparıcı partiyanın kölgəsinə yenidən qayıtmaq istəkləri çətin ehtimal edilən məsələdir. Seçkilərə öz blokları ilə qatılacaqları haqqında bəyanatlarını çoxdan veriblər. Üstəgəl, hakimiyyətlə sıcaqlaşan əlaqələrə sətiraltı və sətirüstü mənalarda böyük ümidlərlə baxırlar,  bu mənada AXCP və Müsavatın dialoq xəttindən axıra qədər kənarda qalmasına maraqlıdırlar. Bu niyyət dialoqun növbəti raundu baş tutmasa da belə, onları AXCP, Müsavatla siyasi əməkdaşlıq düşüncəsindən qıraq salır. 

Söhbət ondan gedir ki, hakimiyyət hər iki təşkilatın qatı, barışmaz müxalifətçiliyi müqabilində, dialoqdakı siyasi məhbusların azadlığı, seçki islahatları kimi predmetlərdən qaçarsa, əvəzində, buradakı partiyalara stavkanı gücləndirə və onların populyarlaşıb üstün mövqeyə keçməsi  üçün gərəkli imkanları işə sala bilər.

-İkinci, dialoq təşəbbüskarlarının yanına keçməyə tərəddüd edən, keçmiş əsas müttəfiqi AXCP ilə isə məhrəm münasibətləri bərpa etməyə zorluq çəkən, qurultaydan sonra kifayət qədər geriləyən Müsavat partiyasıdır ki, meydanda artıq təkbaşına qalıb. Düzdür, təşkilatın iki il öncə səmimi, ya qeyri-səmimi belə bir mövqeyi var idi ki, ayrılmaq birləşməkdən daha faydalı variantdır. Hərçənd, Müsavat partiyası qurultaydan sonra elə bir daxili böhrana rast gəldi ki, onun yeni başqanı AXCP ilə bütün mövzularda əlaqələrin qorunub saxlanması cəhdlərini biruzə verməyə bilmədi. Bir neçə dəfə bu təşkilatla müxtəlif məsələlərdə səylərin  birləşdirilməsi jestləri isə qarşı tərəfdən rədd edildi.   

-Üçüncü, Milli Şura adı altında özünü inteqrasiyaya qabil, bir neçə partiyanın,  bəzi qatı müxalif təmayüllü  QHT-lərin lokomativi kimi göstərməyə çalışan, əslində Müsavat kimi tək olan və mübarizəni qəsdən təkbaşına aparmaq istəyən AXCP-dən ibarətdir. Onun axırıncı mitinqində yalnız öz qüvvəsi ilə meydana çıxmaq iddiası açıq-aşkar ortadaydı. Parlament seçkilərində bütün dairələr üzrə namizədlər potensialına sahib göstərmək lovğalığı da, ortaq qərarlar verməkdən qaçmağı özündə ifadə edir.  

Bu qabarıq ayrımcı tendensiyanın kökündə dayanan səbəblər, heç də İsa Qəmbərin son prezident seçkisindən sonra vahid güc siyasətini, birlik ideyalarını tənqid etməsindən qaynaqlanmayıb. Buna qədər onsuz da simsar, bağrı-badaş kimi görünən partiyalar arasında münasibətlər batində  xəbis, xudbin keyfiyyətlər üzərində qərar tuturdu. Məsələ ondadır ki, bəzən koordinasıyalı fəaliyyət, hədəfə doğru bir nöqtədən yürüş etmək ictimai rəyə saxta görünür, drijor çubuğunun kimin əlində olması axtarışları başlayır, müxalifətin təşəbbüsləri üzərinə komizm çalarları hopdurur və partiyaların birləşməyə rəğmən yaranan  fərsiz obrazları uzun müddət onların reytinqini aşağı göstəricidə saxlayır, ən pisi isə ayrılmanın nəticələri ilə qidalanan söz dueli şəxsi münasibətləri kobudcasına zədələyir.  


Bu ayrımcı tendensiyanın iqtidarın xoşuna getməsi şübhəsizdirsə, amma heç də birmənalı düşünmək olmaz ki, hakimiyyət iddiaçıları üçünsə  ciddi siyasi fəlakət vəd edir. Bəlkə də əksinə, müxalifət birinci, ən azından birləşib bir addım irəli getməmək üzərinə lağ predmeti olmaqdan özünü qurtara bilir.

İkinci, bir-birini suçlamaq kimi uzun emosional gərginliyə, mənfi enerjiyə köklənib daxili insidentlərlə, ixtilaflarla məşğul olmağa  ehtiyac qalmır. 

Üçüncü, ola bilsin, bu eksperiment müxalifəti yonub-yontalayacaq, təklikdə necə dirənməyi, siyasətdə itib-batmamağın cığırlarını, yollarını  axtarıb tapmaqda partiyalara əhəmiyyətli siyasi dərslər keçəcək.

Bir qədər diqqətli olmaq kifayətdir ki, siyasi təşkilatlarda müstəqil şəkildə özünü inkişaf etdirmək, gücləndirmək mücadiləsinin simptomlarını artıq görmək də mümkün olsun.

Yuxarıdakı təsnifdə birinci qrup partiyaların dialoqa meyllənməsi, cəmiyyətdə siyasi ədavəti aradan götürmək, barışdırıcı missiya ilə çıxış etmək, hərtərəfli reformalar hazırlamaq təkliflərinin arxasında, həm də öz mövqelərini gücləndirmək, maddi, mənəvi qazanc imkanlarını siyasi fəaliyyət  daxilində möhkəmləndirmək  maraqları gizlənirdi.  Hazırda ikinci dərəcəli partiyaların yedək rollardan söz sahibinə çevrilmək çabası var, dialoq üsulu ilə ən azından bunun zahiri effekti ortaya qoyulub.   

AXCP-yə gəldikdə, onun son davranışları maraqlıdır. Birinci mitinqdə Müsavatın rəhbərliyinə onları tribunaya dəvət etməmək baxımından etikasızlıq sərgiləndi. Son mitinq üçün də Müsavat komandasının yardım əli geri çevrildi. Niyə? Xalq Cəbhəsi praktik siyasi insanların bəyanatları ilə hər dönəm zərbə alan imicini düzəltməyə, güclənib daxili və beynəlxalq ictimai rəyin diqqətini öz üzərinə çəkmək ssenarisi ilə hərəkət etdiyindən, uğurlara Müsavatı şərik etməkdən qaçır. Son mitinqin ötən aksiyalara nisbətdə  babat təşkil edilməsi onu növbəti təkbaşına mitinqlərə həvəsləndirir ki, AXCP-nin hədəfində, əslində  hansı yolla olur-olsun, güc mərkəzi statusuna yüksəlmək  ambisiyaları dayanır.

Müsavat Partiyasının sağa, sola ləng çevrilməsi, təkbaşına atdığı sönük addımlarsa, hələlik güclənmənin qarşıya məqsəd qoyulması təəssüratlarını tam yarada bilmir.

Amma bir həqiqətdən qaçmaq olmaz ki, kim  təkbaşına verdiyi qərarlardan, dolayısı ilə güc marafonundan  babat reytinq qazana biləcəksə, müxalifətdə babat nüfuzlunun istiqaməti də  o olacaq, gələcək inteqrasiya imkanlarının mərkəzi də.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı