18 noyabr 2018, Bazar
Ana Səhifə - REPORTAJ - Fəxri Xiyabanda dəfn olunmaq fəxri simalara hansı imtiyazlar verib? - FOTOREPORTAJ
Fəxri Xiyabanda dəfn olunmaq fəxri simalara hansı imtiyazlar verib? - FOTOREPORTAJ
26.04.2014, 16:12


Azərbaycanın görkəmli ictimai, siyasi, mədəniyyət xadimlərinin dəfn olunduğu Fəxri Xiyabanı ziyarət edərkən sanki başqa bir aləmə düşürsən. Başdaşılarından boylanan məşhur simaların baxışları bu məkanda qəribə bir ab-hava yaradır.
Sonuncu dəfə bu məkan mərhum xalq yazıçısı İsa Hüseynovu (Muğanna) ağuşuna aldı.
Fəxri Xiyabanda kimlər dəfn olunmayıb... Azərbaycan mədəniyyəti, ədəbiyyatı, elminin qaymaqlarından tutmuş eks-prezidentlərə kimi..., çox dahilər yatır burda...

Amma son dövrlər tanınmış adamların Fəxri Xiyabanda dəfni ilə bağlı mübahisəli məqamlar da yaşanır.

Maraqlıdır, burada dəfn olunmaq üçün hansı şərtlər olmaldır? Ümumiyyətlə, burada dəfn ölü sahibinə hansı imtiyazları verir? Bu sualları cavblandırmaq üçün məhz Fəxri Xiyabana yollandıq. Suallarımızı Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətənadaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov cavablandırdı.

Sabir Həsənov Modern.az saytına açıqlamasında bildirdi ki, dövlət qarşısnda xüsusi xidmətləri olan şəxslər dünyasını dəyişdiyi təqdirdə bütün dəfn xərcləri hökumətin hesabına olmaqla onların dəfni Fəxri Xiyabanda həyata keçirilir. Bura mərasim xərcləri daxil edilmir.
“Vida mərasiminin təşkili, vida mərasimindən sonra cənazənin Fəxri Xiyabana gətirilməsi, dəfn olunması, qəbrüstü abidənin düzəldilməsini biz həyata keçiririk”.

Müsahibimiz deyir ki, hazırda I Fəxri Xiyabanda 251, II Fəxri Xiyabanda isə 500-dən artıq mərhum dəfn olunub. II Fəxri Xiyabanda boş qəbir yeri I Fəxri Xiyabana nisbətdə az qalıb.

Sovet dövründə və müstəqillik illərində Azərbaycan Respublikasında yüksək vəzifələr tutmuş, o cümlədən dövlət başçıları, parlament sədrləri, nazirlər, deputatlar, xalq yazıçıları və şairləri I Fəxri Xiyabanda dəfn olunurlar. II Fəxri Xiyabanda isə Vətən qarşısında müxtəlif xidmətləri olan görkəmli ədəbiyyat və mədəniyyət xadimləri, hərbçilər dəfn olunurlar.

Baş mühəndisin sözlərinə görə, ümumilikdə Fəxri Xiyabanda 20-ə yaxın fəhlə çalışır ki, onlar da qəbirlərin üstünün təmizlənməsi, yaşıllığa qulluq işlərini həyata keçirirlər.

İşçilərin özlərilə söhbətləşərkən məlum oldu ki, hər kəsin özünə aid sahəsi var. Yəni bir nəfər gündəlik 10-15 qəbrə və ətrafının təmizliyinə xidmət edir. İş vaxtı hər gün olmaqla, səhər saat 8-dən axşam 5-ə qədərdir. İstirahət vaxtı isə onların istəyinə uyğun olaraq götürülür. İşçilər 260 manat maaşla bərabər, xüsusi günlərdə əlavə pul mükafatları da aldıqlarını vurğuladılar.

Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılıb. Elə həmin ildən Fəxri Xiyabanın tikintisinə başlanılıb. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri məzarları Fəxri Xiyabana köçürülüb və onların qəbirüstü abidələri qoyulub.