Modern.az

Bağlanan banklardakı əmanətlər hansı valyuta ilə qaytarılmalıdır?  

Bağlanan banklardakı əmanətlər hansı valyuta ilə qaytarılmalıdır?   

22 Oktyabr 2016, 14:02

Lisenziyası ləğv edilmiş banklarda xarici valyutada olan əmanətlərin hansı valyuta və məzənnə ilə geri qaytarılması müzakirə edilən məsələlərdəndir.

 

Modern.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu haqda şərh verib.

Ekspert bildirib ki, mövcud qaydalara əsasən, milli valyutada olan əmanətlərlə yanaşı, bir əmanətçinin eyni bankda həm milli, həm də xarici valyutada olan əmanətləri manatla qaytarılır:

 

“Bu o deməkdir ki, yalnız iki halda əmanət manatla qaytarılar bilər. Digər hallarda ödəniş xarici valyutada olmalıdır. Manatla əmanətlərin milli valyutada qaytarılması aydın məsələdir. Digər halda isə məsələn, əgər əmanətçinin müflis olmuş bankda iki əmanət hesabı varsa və əgər onlardan biri dollarda, digər isə manatladırsa, həmin şəxs dollar olan əmanətini də manatla almaq məcburiyyətindədir. Hətta məsələn, həmin şəxsin 50 000 dollarlıq xarici valyuta əmanəti sadəcə 1000 manatlıq milli valyuta əmanəti varsa, bütün pulunu mövcud qaydalara əsasən manatla alır”.

 

İqtisadçı bildirib ki, əgər əmanətçinin müflis olan bankdakı pulu yalnız dollarladırsa, o zaman həmin pul heç bir halda manatla ödənilə bilməz:

“Əmanətlərin Sığortalanması Fondunun öz qaydalarına əsasən, həmin pul yalnız dollar ilə qaytarılır. Eyni ilə əgər əmanət sadəcə avroda yerləşdirilibsə, kompensasiya manatla ödənilə bilməz, yalnız Avropa pulunda qaytarılmalıdır.

 

Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, digər valyutada olan əmanətlərə (məsələn, Böyük Britaniya funt sterlinqi, Rusiya rublu və s.) sığorta hadisəsi baş verən günədək Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış dollar və ya avroda qaytarılır. Yəni, əgər əmanət Böyük Britaniya funt sterlinqindədirsə, həmin vəsait də manatla qaytarıla bilməz və yalnız ABŞ və ya Avropa pulu ilə qaytarılmalıdır.

İstər milli valyuta daxil olmaqlam ikili əmanəti olanları ödəniş edilən zaman, istərsə də dollar və avro istisna olunmaqla əmanət məbləği hesablanan zaman kurs, sığorta hadisəsi baş verən günə olan rəsmi məzənnəyə əsasən hesablanır.

 

Yəni, əgər əmanətçinin eyni bankda milli valyuta və dollar əmanəti vars, ona ödənilən vəsait köhnə kurs ilə deyil, Mərkəzi Bakın bank müflis olan günə rəsmi kursu ilə ödənilməlidir. Bu isə o deməkdir ki hətta rəsmi qaydalara görə belə, heç bir halda devalvasiyadan əvvəlki məzənnə ilə ödəniş həyata keçirilə bilməz.

 

Qeyd edək ki, bu məsələni Milli Məclisin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov qaldırmışdı. O bildirib ki, keçmiş deputat Gülər Əhmədovanın 27 min dollarını “Bank Standard”dan geri almaqda ciddi problemi var:

 “Gülər xanım “Bank Standard”a 27 min dollar vəsaiti qoyub və indi də bunu geri götürmək istəyir. İndi dolların kursu dəyişib. Gülər xanıma deyirlər ki, sən o vaxt 27 min dolları kurs 0.78 olanda qoymusan. Biz sənə indi 1.60-la verək? Yəni Gülər Əhmədovaya 27 min dollar əvəzinə, 17-18 min dollar pul vermək istəyirlər. Bəs 9-10 mini kim verməlidir Gülər xanıma?”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?