Modern.az

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ  

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ   

14 Dekabr 2018, 09:01

14 dekabr tarixi dahi sənətkar, xalq artisti Rəşid Behbudovun doğum günüdür. Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.

1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansambılının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Qızı Rəşidə Rəşid də müğənnidir.


“Heç kim Rəşid Behbudovun yanında iki-üç aydan artıq işləyə bilmirdi”


Azərbaycanın xalq artisti, müğənni Bilal Əliyev Rəşid Behbudovla bağlı xatirələrini  Modern.az-la bölüşüb:


“Mən xalqımızın dahi sənətkarı Rəşid Behbudovla çiyin-çiyinə çalışdığıma görə xoşbəxt insanam. Rəşid Behbudov hər zaman mənim ifalarımdan razı qalıb, onunla müxtəlif xarici ölkələrdə Azərbaycanı tərənnüm etmişəm. Bir şeyi nəzərinizə çatdırım ki, onun yanında iki-üç aydan artıq heç kim işləyə bilmirdi. Ancaq o, son gününə qədər məni işdən buraxmadı. Mən 30 il Azərbaycan Dövlət Mahnı Teatrında çalışdım, onun 5 ili böyük sənətkarımız Rəşid Behbudovun vaxtına düşdü. O, məni “Bilalçik”  deyə çağırırdı”.

“Kaş Bakıda olaydım, bu çiçəklərin hamısını Ceyran xanıma verəydim”

B.Əliyev dahi sənətkarın xarakterindən də söz açıb:

“Mən həyatda Rəşid Behbudov kimi yaxşı insanlara çox az  rast gəlmişəm. İnanın ki, onun kimi təmiz qəlbli adam bəlkə də tək-tək olar. Rəşid Behbudov ifalarında zəngulələrdən, milli nəfəslərimizdən istifadə edərdi. Bilirsiniz, mən də hər zaman ifalarımda zəngulələr vururdum. Mənə həmişə “Sən oxuyanda uşaqlığım yadıma düşür. Çalış, səsini qoru. Bu səs sənin deyil, xalqının səsidir” deyərdi.  Eyni zamanda, mənə geyimdən tutumuş səhnədə çıxış qabiliyyətinə qədər-müğənniyə lazım olan bütün məsləhətləri verərdi. Rəşid Behbudov ailəsini çox sevən insan idi.

Heç yadımdan çıxmaz, Hindistanda səfərdə olanda ona bir maşın gül-çiçək vermişdilər. Konsertdən sonra onun xidmətində dayanan Aydın adlı şəxsə tapşırdı ki, ən yaxşı gülləri oteldəki otağına aparsın. Bir gün Rəşid Behbudovla söhbət edən zaman gülləri iyləyərək  “Kaş Bakıda olaydım, bu çiçəklərin hamısını Ceyran xanıma (həyat yoldaşına) verəydim” dedi”.


“Rəşid Behbudovun arzusu ürəyində qaldı”

“Rəşid Behbudov həmçinin ondan sonra həyat yoldaşı Ceyran xanımın Azərbaycan Dövlət Mahnı Teatrına rəhbərlik etməsini istəyirdi. Hətta bunun haqqında əvvəlcədən planlar cızardı. Təəssüf ki, Rəşid Behbudovun arzusu ürəyində qaldı”.


Bilal Əliyevin sözlərinə görə, Rəşid Behbudov ad günlərini keçirmək istəməzdi:

“Onun 70 yaşını, qızı Rəşidə Behbudovanın isə 35 yaşını bir yerdə qeyd etdik.  Həmin vaxt yalnız kollektiv və ailə üzvləri orada iştirak edirdi. Bir dəfə də səs rejissoru Yaşar Əliyev Rəşid Behbudovdan  xahiş etmişdi ki, onun ad gününü öz evində keçirək. Yenə kollektivlə sənətkarın ad gününü qeyd etdik, amma bu, sonuncu ad günü idi.

Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəməzdi. Onu kollektiv məcbur edirdi. Kollektivi çox sevərdi, onun hər bir üzvünə öz övladı kimi yanaşardı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir