Modern.az

ATV telekanalına yeni rəhbər gətirildi

ATV telekanalına yeni rəhbər gətirildi

Aktual

14 May 2012, 13:40

“Azad Azərbaycan” Teleradio Şirkətinin rəhbərliyi dəyişdirilib. Modern.az saytına bu barədə ATV-nin işçiləri məlumat veriblər. Məlumata görə, rəhbərlikdəki dəyişikliklə bağlı şirkətdə iclas keçirilib və ATV-nin prezidenti Tağı İbrahimov kollektivlə sağollaşıb.

ATV-dən bildirlib ki, artıq yeni rəhbər də məlumdiu, Vüqar Qaradağlı Teleradio Şirkətinin baş direktoru təyin olunub.

Qeyd edək ki, Vüqar Qaradağlı 1966-cı il noyabrın 24-də Bakıda anadan olub. Məşhur diktorlar Aydın Qaradağlı ilə Gültəkin Cabbarlının kiçik övladıdır. 

1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985-1987-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. Bu universitetin baş laborantı (noyabr, 1990 – may, 1991), tədris hissəsinin böyük inspektoru (1991, may – oktyabr, 1992), ərəb filologiyası kafedrasının müəllimi (oktyabr, 1992 – mart, 1994), baş müəllimi (mart, 1994 – dekabr, 2006) vəzifələrində çalışıb. 1994-cü ilin fevralından 1999-cu ilin sentyabr ayınadək universiteitn ilahiyyat fakültəsinin dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının dosentidir. Filologiya elmləri namizədidir. Ərəb, rus, türk dillərini bilir.

Ailəlidir, iki övladı var.

2006-cı ildə Azərbaycan və rus dillərində nəşr olunan «Qurani Kərimin tarixi: qiraətləri, təcvidin əsas qaydaları» («İstoriya Korana i osnovnıye pravila çteniya») kitabının müəllifidir.

Qurani-Kərimin akademiklər Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində Azərbaycan dilində 10 dəfə işıq üzü görən nəşrinin redaktoru olub.

1882 və 1888-ci illərdə A.O.Çernyayevski ilə S.H.Vəlibəyovun müəllifliyi ilə çıxmış «Vətən dili» kitabını əski əlifbadan transfoneliterasiya edib, kitaba ön söz yazıb, qeyd və cədvəllər, şərhlər verib.

V.Qaradağlı elmi-pedaqoji fəaliyyətlə yanaşı, media sahəsində də mühüm işlərdə çalışıb. 1999-cu il mayın 5-dən işıq üzü görən «Bizim əsr» və elə həmin il iyunun 4-dən nəşrə başlayan «Naş vek» qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan «Radio Lider»in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq»in baş direktoru işləyib (2006-ci il sentyabrın 1-dək).

2008-ci ilin noyabrından 2011-ci ilin yanvarınadək “Mərkəz” qəzetində baş redaktor postunu tutub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir