Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini vəzifəsinə təsdiqlənib.
Modern.az-ın məlumatına görə, Füzuli Şiraslan oğlu İmrəliyev Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayarkən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Füzuli İmrəliyev İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Murovdağ istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. O, Hadrut əməliyyatının rəhbərlərindən biri olub. Şuşanın azad edilməsi üçün xüsusi qəhrəmanlıq göstərib, döyüşlər zamanı düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində fərqlənib. F.İmrəliyev Daşaltı kəndinin düşməndən təmizlənməsi məqsədilə həyata keçirilən döyüş əməliyyatı zamanı yaralanıb.
Füzuli İmrəliyev İkinci Qarabağ müharibəsində hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdiyinə görə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb.
Ölkə başçısının sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilədə təltif edilib.
Vətən Müharibəsindən sonra hərbi fəaliyyətini DTX-da polkovnik rütbəsində davam etdirən Füzuli İmrəliyev Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülüb.