Modern.az

Praqa görüşü tamamilə fərqli olacaq – Masada nələr var?

Praqa görüşü tamamilə fərqli olacaq – Masada nələr var?

Aktual

6 Oktyabr 2022, 10:44

Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq.

 

Bundan əlavəl, eyni gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyan arasında da görüş olacaq. Türkiyə mediasında yer alan xəbərlərə görə, Ərdoğan görüş zamanı “Zəngəzur dəhlizi”nin açılması məsələsini qaldıracaq.

 

Praqa görüşündən gözləntilər nələrdir?

 

Bu barədə Modern.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, bugünkü görüş digərlərindən öz əhəmiyyətilə fərqlənəcək. Onun fikrincə, görüşdə tərəflər bir-birilərinə öz vacib istəklərini çatdıracaqlar:

 

"Bugünkü görüş digərlərindən həm də onunla fərqlənəcək ki, masada sülh müqaviləsinin ilkin variantı müzakirə olunacaq. Hələlik sülh layihəsinin tam detalları bizə məlum deyil. Qarabağ məsələsində Ermənistan gələcəkdə özünü irrasional aparsa, bu, Azərbaycanın Qərbi Zəngəzur və Göyçə ilə bağlı ciddi addım atmasına kömək edə bilər”.

 

 

Politoloq hesab edir ki, Praqa görüşündə Fransa Prezidenti Emmanuel Makronun da iştirak etməsi müsbət hal kimi qiymətləndirilə bilər:

 

“Makronun görüşdə iştirakına Azərbaycan ictimaiyyəti birmənalı yanaşmır. Ancaq Fransa prezidentinin iştirakı yaxşı haldır. Bununla da, Makron Nikol Paşinyanın danışıqlar prosesində özünü necə apardığına bir daha şahidlik edəcək. Bu dəfə Azərbaycan Prezidenti birbaşa Fransa Prezidentinə ciddi ismarıclar göndərəcək. Fransa Prezidentinə vəziyyətin hansı yerdə olduğu və Ermənistanın hansı öhdəlikləri götürdüyü aydınlaşacaq. Ermənistan Baş naziri burada yeniyetmə uşağa bənzəyir. Paşinyan öz valideyni ilə görüşə gəlib, orada Azərbaycan Prezidentinin kəskin mövqeyini bir daha qəbul edəcək. Onun mənəvi valideyni olan Makron bu kəskin fikirləri eşitdikdən sonra dəcəl uşağı tərbiyələndirməyin yolu barədə fikirləşəcək. Həm də onu xatırlamaq lazımdır ki, Fransa Avropanın lider dövlətlərindən biridir. Qafqazla bağlı məsələlərdə ABŞ və Fransa koordinasiyalı hərəkət edir”.

 

 

Zaur Məmmədov onu da vurğulayıb ki, Avropa İttifaqı ilə Rusiyanın sülh müqaviləsi və Zəngəzur dəhlizi barədə təklifləri ciddi fərqlənir:

 

“Avropa İttifaqının sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı öz təklifi var. Bu təklif şübhəsiz ki, Rusiyanın təklifindən fərqlənir. Məsələn, Avropa Zəngəzur dəhlizində Rusiya Dövlət Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətlə məşğul olmasını istəmir. Yolun açılmasının tərəfdarı olsa da, Ermənistanın suveren ərazisində bu layihənin həyata keçməsini arzulayır. Rusiya da Ermənistanın suveren ərazisini Zəngəzur boyunca tanıyır. Ancaq FSB-nin orada nəzarətlə məşğul olmasını istəyir. Eyni zamanda, delimitasiya və demarkasiya məsələsində də müəyyən fikir ayrılıqları var. Rusiya tərəfi delimitasiya və demarkasiya məsələsinə tələsmir. Avropa İttifaqı isə çox güman ki, delimitasiya və demarkasiyanın 1991-ci il xəritəsi əsasında həyata keçirilməsini istəyir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır