Modern.az

Ali Baş Komandan Ağdamdan dünyaya sülh mesajları verdi

Ali Baş Komandan Ağdamdan dünyaya sülh mesajları verdi

6 Oktyabr 2022, 17:04

Azərbaycan Milli Şəhərsalma Forumu olduqca mütərəqqi və müasir dövrdə mühüm əhəmiyyətə malik bir ideyadır və təşəbbüsün ilk dəfə ölkəmizdə gerçəkləşməsi, həm də erməni vandalizminin ən dəhşətli nümunələrindən biri olan Ağdam şəhərində baş tutması tarixi əhəmiyyətə malikdir.

 

Bu sözləri Moden.az-a açıqlamasında millət vəkili Azər Kərimli deyib. Millət vəkili qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə keçirilən Forum Azərbaycanın növbəti dəfə quruculuğun, yaradıcı enerji və potensialın daşıyıcısı olduğunu, dünyaya sülhün, sabitliyin, əminamanlığın, bəşəri dəyərlərin, tolerantlığın pəncərəsindən baxdığını bir daha sübuta yetirir:

 

“Yerlə bir edilmiş, az qala hər qarışı minalanmış Ağdamda sülhdən, quruculuqdan, təhlükəsiz və firavan gələcəkdən söz açmağı yalnız yüksək mənəvi dəyərlərin, cəsarət və qətiyyətin, aydın və işıqlı zəkanın, geniş dünyagörüşünün daşıyıcısı olanlar bacara bilər. Məhz bu baxımdan, 30 ilə yaxın davam edən bir işğala son qoyan, torpaqları viran edilmiş, yaşayış məntəqələri, məscidləri, ziyarətgahları dağıdılmış bir xalqın liderinin, Ali Baş Komandanının Qafqazın Xirosiması sayılan Ağdam şəhərindən bütün dünyaya sülh mesajları verməsi yaşadığımız zaman kəsiyi də nəzərə alınmaqla, tarixi və bəşəriyyətə nümunə ola biləcək bir davranışdır”.

 

Azər Kərimli Prezident İlham Əliyevin öz nitqində Azərbaycan xalqının və dövlətinin 30 ilə yaxın müddət ərzində qarşılaşdıqları çətinliklərə necə sinə gərdiyini bütün detalları ilə açıqladığını, yaxın tarixə və gələcəyə ayna tutduğunu bildirib:

 

“Cənab Prezident öz nitqində qeyd etdi ki, ermənilər vaxtilə işğal altında saxladıqları Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıblar. Bu, fantastik bir rəqəmdir və təbii ki, Ermənistanın, ultramillətçi ideyalarla zəhərlənmiş erməniliyin Azərbaycan xalqına qarşı əsassız, xəstə dünyagörüşündən qaynaqlanan, ölçüyəgəlməz nifrətinin nümunəsidir. Bütün bunların qarşılığında Azərbaycan torpaqlarında yaşayan ermənilərə münasibətdə nümayiş etdirilən dözümlülük, sülh gündəliyinin təşviqi tarixdə misli görünməyən humanizm nümunəsi sayıla bilər”.

 

Millət vəkili dövlətimizin başçısının hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı məsələnin də mahiyyətinə tam aydınlıq gətirdiyini bildirib:

 

“Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin də vətəndaşlarımız olduğunu vurğuladı və bildirdi ki, biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Bu Azərbaycanın prinsipial və suveren hüquqlarını ifadə edən mövqeyidir. Heç kim bizə öz ərazilərimizə nəyi necə və nə vaxt edəcəyimizi deyə bilməz və Azərbaycan vətəndaşlarının sülh şəraitində, təhlükəsiz və firanan həyatını necə təşkil etməyi hər kəsdən daha yaxşı bilirik. Qarabağ Azərbaycandır və bu ərazidə yaşayan bütün insanlar da Azərbaycan vətəndaşlarıdır. Onların hüquqları isə Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?