Modern.az

Tehranın regiondakı proksiləri və məqsədləri: İran nə istəyir?

Tehranın regiondakı proksiləri və məqsədləri: İran nə istəyir?

Analitika

31 Yanvar 2024, 17:38

Son vaxtlar İranın regional proseslərdə aktivləşdiyi, hətta bəzi hallarda güc yolu ilə müdaxilələrini artırdığı müşahidə olunur. Pakistan və İraqa birbaşa zərbələrin endirilməsi ilə yanaşı, Yəməndəki husilərin İsrail və Qırmızı dənizə yönələn hərbi fəaliyyətləri, eləcə də İraqdakı İranyönümlü qruplaşmanın İordaniya-Suriya sərhədindəki ABŞ bazasını vurması Tehranla əlaqələndirilir.

 

Qeyd etmək lazımdır ki, 1979-cu ildəki inqilabla mollaların hakimiyyətə gəlməsindən sonra İran aqressiv xarici siyasət kursu və hərbi-təhlükəsizlik xəttini seçib. 1980-88-ci illəri əhatə edən İran-İraq müharibəsi də daxil olmaqla, Tehran əsasən regiondakı müsəlmanların yaşadığı ölkələri hədəf taxtasına qoyub. Ermənistan xaric olmaqla, bütün qonşuları müsəlman ölkələri olan İranın demək olar ki, elə Ermənistandan başqa bütün qonşuları ilə müəyyən problemləri olub və var.

 

Qonşularından başqa, həm də Suriya, Livan, Fələstin, Yəmən və digər ərəb ölkələri, qismən Afrika ölkələri, həmçinin Gürcüstan, Rusiya kimi ölkələrin müsəlman icmaları ilə aktiv ideoloji-siyasi təbliğat işi aparan İran mərkəzi dövlət hakimiyyəti zəif olan bəzi ölkələrdə özünə bağlı silahlı qruplaşmalar da formalaşdırıb.

 

Ədəbiyyatda proksi qruplar adlandırılan bu cür təşkilatlardan İran öz geopolitik və ideoloji məqdədlərini reallaşdırmaq, xarici siyasətini icra etmək, hərbi-təhlükəsizlik maraqlarını təmin etmək üçün istifadə edir. Məsələn, Yəməndəki husilər (Ənsərullah), Livandakı Hizbullah bu cür proksi qrupların ən böyükləri hesab olunur. Bunlardan başqa, İran tərəfindən idarə edilən və maliyyələşdirilən onlarla belə irili-xırdalı qruplaşmalar mövcuddur.

 

 

Proksi qruplardan istifadənin əsas prinsipi asimmetrik savaş metodları ilə vəkalət müharibələri aparmaq, bu cür hərbi fəaliyyətləri sərhədlərindən maksimum kənarda həyata keçirməklə itkiləri və ziyan dəyməsini minimuma endirmək, ölkə daxilində müharibələrdəki uğursuzluqlarla bağlı yarana biləcək ictimai təpkilərdən yayınmaqdır. Bundan başqa, bu cür qruplar kəşfiyyat resursu hesab olunur və informasiya toplamaq, təxribat planları təşkil etmək üçün də istifadə olunur.

 

"İslam inqilabı ixracı"nı əsas prioriteti elan edən Tehran bu cür vasitələrlə öz maraqlarını reallaşdırmaq modelini seçib. "Şiə hilalı" adlanan coğrafi əhatəyə düşən ölkələrdə İran proksilərlə yanaşı, dini motivlərə söykənən "humanitar-mədəni" əlaqələr qurmağa da can atır, bacardığı qədər "yumşaq güc" formalaşdırmağa çalışır. Bu cür addımlar müəyyən qədər məhdud nəticələr versə də, müasir dünyada orta əsrlərdən qalan pastulatlarla cəlbedici olmaq, gənclər arasında simpatiya qazanmaq mümkün deyil.

 

İran vətəndaşlarına məxsus olan ölkənin milli sərvətlərini bu cür avantürist layihələrə sərf edən hakimiyyət sanksiyalar girdabında boğulan xalqın iqtisadi imkanlarını israf etməklə məşğuldur. Yoxsulluğun əzdiyi insanlar həm də beynəlxalq təcrid vəziyyətində olan ölkədə sosial, mədəni və hüquqlar baxımından da tənəzzül yaşayırlar.

 

Belə bir şəraitdə İran hakimiyyəti uzun illərdir, nüvə silahı əldə etmək eşqinə düşüb. Bu olmadan da region, bütövlükdə dünya üçün başağrısına çevrilmiş quruluşun nüvə silahı olmasa, yaxşıdır...

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var