Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Leyla Məmmədova son illər dünyada, eləcə də ölkəmizdə daha çox müşahidə edilən sonsuzluq halları, sonsuzluğu yaradan səbəblər, onların aradan qaldırılması, süni mayalanma və s. məsələlərlə bağlı Modern.az saytının suallarını cavablandırıb:
- Leyla xanım, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da sonsuzluq problemləri var. Həkim diaqnostikasına görə sonsuzluq nədir?
- Sonsuzluq ailə üzvləri arasında münasibətə stress elementi əlavə etmiş olur. İnsanların əksəriyyətinin həyatının mənası övlad sahibi olmaqdır. Tədqiqatlar göstərir ki, sonsuzluq problemi ilə üzləşən insanlarda depressiya, narahatlıq, özünü günahlandırma, əsəbiliyə yüksək tezliklə rast gəlinir.
Əhalinin reproduktiv sağlamlığının qorunması dövlət əhəmiyyətli bir məsələdir. Belə ki, əhalinin reproduktiv sağlamlığı dövlətin, millətin sağlam gələcəyini təmin edir. Əlbəttə, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sonsuzluq problemi mövcuddur. Hesab olunur ki, sonsuzluq səviyyəsinin 15%-ə çatması səhiyyə, cəmiyyət və dövlət üçün ciddi məsələ kimi qəbul olunmalıdır. Bu halda sonsuzluq dövlət səviyyəli problemə çevrilmiş olur, belə ki, ciddi demoqrafik problemlərə gətirə bilər.
Sonsuzluğun diaqnostikası və müalicəsi üzrə dünyada tətbiq olunan bütün müayinə və müalicə üsulları Azərbaycanda da mövcuddur. Azərbaycanda sonsuzluğun müalicəsi sahəsində yüksək ixtisaslı mütəxəssislərimiz var .
Əlbəttə, sonsuzluğun profilaktikası mühüm məsələlərdən biridir. Reproduktiv sağlamlığın qorunması uşaq yaşlarından diqqət mərkəzində olmalıdır. Yeniyetməlik dövründən başlayaraq reproduktiv sağlamlıqla bağlı problemlərə ciddi diqqət göstərilməlidir. Eyni zamanda yeniyetmə və gənclər arasında maarifləndirmə işinin aparılması vacib məqamlardan biridir. Dünyanın əksər ölkələrində “Cinsi tərbiyə” fənni orta məktəblərin tədris planına daxil edilir. Yeniyetməlik dövründən başlayaraq reproduktiv sağlamlığın qorunması gələcəkdə sonsuzluq probleminin yaranma riskini nəzərə çarpacaq dərəcədə azaldır.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda da süni mayalanma ilə əlaqəli müddəalar öz əksini tapıb. Bu qanunda göstərilib ki, “yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir. Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.
- Dünya ölkələri və Azərbycan ailələrindəki sonsuzluqların yaranma səbəblərinin diaqnostikasında nə kimi oxşarlıqlar müşahidə edilir?
- Bütün dünyada olduğu kimi, Azırbaycanda da sonsuzluğun diaqnostikasına, müalicəsinə həsr olunmuş elmi tədqiqat işləri aparılır. Azərbaycanda aparılan elmi tədqiqat işləri arasında köməkçi reproduktiv texnologiyaların tətbiqi ilə baş verən hamiləliklərin gedişinə, ekstrakorporal mayalanmanın uğursuzluqlarının səbəbinin araşdırılmasına həsr olunmuş elmi-tədqiqat işləri də var. Lakin dünya ölkələri ilə müqayisədə hər hansı tədqiqat işinin aparılıb-aparılmaması barədə məlumatım yoxdur.
- Maraqlıdır, bu günədək Azərbaycanda nə qədər sonsuz ailə qeydiyyata alınıb?
- Təəssüf ki, sonsuz ailələrin sayı ilə əlaqəli dəqiq statistika mövcud deyil. Belə ki, sonsuzluq problemi ilə üzləşən ailələrin heç də hamısı həkimə müraciət etmir. Digər tərəfdən, eyni ailə qısa müddət ərzində bir neçə tibb müəssisəsinə müraciət edir və hər bir müəssisə onu qeydiyyata alır. Rəsmi nikahı olmayan cütlüklər də sonsuzluq problemi ilə üzləşirlər. Belə olan halda aidiyyəti dövlət qurumlarında ailə kimi qeydiyyatda olmadıqlarından onların övladlarının olmadığı da qeydə alınmır.
- Sonsuzluğun yaranma səbəbləri...
- Sonsuzluğa, xüsusilə boru-peritoneal mənşəli sonsuzluğa gətirən əsas səbəblərdən biri cinsi yolla yoluxan infeksiyalardır. Erkən cinsi həyat, əmək miqrasiyası, reproduktiv sağlamlıq məsələləri, o cümlədən cinsi yolla yoluxan infeksiyalara dair məlumatlılıq səviyyəsinin aşağı olması və digər səbəblər infeksiyaların tezliyinə ciddi təsir göstərir. Kiçik çanaq üzvlərinin xroniki iltihabi xəstəlikləri, yumurtalıqların kistaları, uşaqlığın mioması, endometrioz kimi ginekoloji xəstəliklər, abortların nəticələri, zərərli vərdişlər də sonsuzluğa gətirən amillərdəndir. Endokrin sistemin anovulyasiyaya gətirən pozğunluqları, uşaqlığın anadangəlmə anomaliyaları və qazanılma xəstəlikləri də sonsuzluğa gətirən amillərdəndir.
İstənilən halda sonsuzluq probleminin əsasını insanların öz reproduktiv sağlamlığına etinasız münasibəti təşkil edir. Cinsi yolla yoluxan infeksiyalar həm kişi sonsuzluğuna, həm də qadınlarda boru-peritoneal mənşəli sonsuzluğa gətirən əsas səbəblərdəndir. Yeniyetmə qızlarda reproduktiv sistemin pozğunluqlarına diqqət verilməməsi nəricədə endokrin mənşəli sonsuzluğa gətirir.
- Qadın və kişi sonsuzluğu. Hazırda Azərbaycanda yaşayan kişilərmi, yoxsa qadınlarmı faiz etibarilə daha çox sonsuzdur?
- Qadının, kişinin və ya hər ikisinin reproduktiv sistemində olan pozğunluq onların sonsuz olmasına gətirib çıxara bilər. Sonsuzluğun səbəbinə gəldikdə qadın sonsuzluğu 45%, kişi sonsuzluğu 40%, müştərək sonsuzluq, yəni həm qadında, həm də kişidə reproduktiv sistemlə əlaqəli pozğunluqların olması – 15% təşkil edir.
Səhiyyə Nazirliyinin rəsmi statistikasına əsasən, 2015-ci ildə 1198 kişi sonsuzluğu halı qeydə alınıb ki, onlardan 425-nə həyatında ilk dəfə bu diaqnoz qoyulub. 5101 qadın sonsuzluğu halı qeydə alınıb ki, onlardan da 2314 nəfərə həyatında ilk dəfə bu diaqnoz qoyulub.
Rəsmi statistikaya əsasən, kişi sonsuzluğu diaqnozunun sayının qadın sonsuzluğuna nisbətən az olması heç də onlarda sonsuzluq probleminin az olmasına dəlalət etmir. Təəssüf ki, bir çox hallarda sonsuzluq problemi ilə üzləşən ailə ilk olaraq qadının müayinə olunmasını məqsədəuyğun hesab edir. Qadının həyat yoldaşının müayinədən keçməkdən imtina etdiyi hallar da olur. Məhz buna görə rəsmi statistikaya əsasən qadın sonsuzluğu diaqnozu sayca üstünlük təşkil edir.
- Bu mənada kişi və qadında valideyn olmağın qarşısını kəsən amillər nədən ibarətdir?
- Qadınlarda əsasən boru-peritoneal mənşəli sonsuzluq – uşaqlıq borularının keçiriciliyinin üzvi və ya funksional pozğunluğu, endokrin mənşəli pozğunluq – ovulyator pozğunluqlar, uşaqlıq mənşəli sonsuzluq – endometriumun patologiyaları, uşaqlığın mioması, uşaqlığın inkişaf qüsurları, servikal faktorla əlaqəli sonsuzluq ayırd edilir. Endometrioz da qadın sonsuzluğunun səbəblərindən biri kimi qəbul olunur.
Kişilərdə valideyn olmağa imkan verməyən səbəblər - idiopatik sonsuzluq, kriptorxizm, urogenital infeksiyalar, varikosele, erektil disfunksiya, hipospadiyalar, ümumi və sistem xəstəliklər, hipoqonadizm, immunoloji faktorlar, obstruksiya və digər pozğunluqlardır.
- Doktor, bir pasiyentə "sonsuz" diaqnozunun qoyulması üçün nə qədər müddət lazımdır?
- Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə cütlük bir il ərzində kontraseptiv vasitələrdən istifadə etmədən müntəzəm münasibətdə olduğu halda qadın hamilə qalmırsa, bu sonsuz nikah hesab olunur. Qadının yaşı 35-dən çox olduğu halda 6 aydan sonra müayinələrə başlanmalıdır.
- Amma son illər dünyada yaşla əlaqəli sonsuzluq problemi də aktualdır...
- Bəli, bir çox hallarda inkişaf etmiş ölkələrdə bəzi qadınlar təhsil və karyera ilə əlaqəli bütün vacib məsələləri həll etdikdən sonra valideyn olmaq qərarına gəlirlər. Bu halda təbii yolla hamiləliyin baş vermə ehtimalı azaldığından köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə övlad sahibi olmağı daha məqsədəuyğun hesab edirlər.
- Nəzərə alaq ki, erkən yaşlarda nikaha daxil olan gənclərimiz də var. Məsələn, 18-19 yaşında olan cütlüyə sonsuz diaqnozunun qoyulması mümkündürmü?
- Bu suala birmənalı cavab vermək olmaz. Azərbaycanda rəsmi nikah yaşının 18 yaş olduğunu nəzərə alsaq, 18 yaşlı yeniyetmə sonsuzluq problemi ilə müraciət etməməlidir. 19 yaşlı gənc qadın 1 il ərzində ailəli olduğu halda hamilə qalmazsa, bu halda sonsuzluq problemi ilə əlaqəli müayinələr aparıla bilər. Digər tərəfdən, 18 yaşlı yeniyetmədə də müayinə zamanı reproduktiv sistemin elə pozuntuları müəyyən oluna bilər ki, bu halda da sonsuzluq diaqnozu qoyula bilər. Məsələn, gənc qadının yaşı 18-dir, lakin müayinə nəticəsində onun uşaqlığının olmaması və ya uşaqlığının çox kiçik olması, yumurtalıqların fəaliyyətinin olmaması müəyyən olunarsa, bu halda da sonsuzluq probleminin qeydə alınması mümkündür.
- Uzun müddət mübahisələrə səbəb olan süni mayalanma sonsuz cütlüklərin ümid yeridir. Bəs “sonsuz” diaqnozu qoyulan cütlük süni mayalanmaya nə vaxt müraciət edə bilər?
- Köməkçi reproduktiv texnologiyaların tətbiqinə göstərişlərə mütləq boru sonsuzluğu, yəni uşaqlıq borularının olmaması və ya keçməməzliyi, naməlum mənşəli sonsuzluq, immunoloji sonsuzluq, kişi sonsuzluğu, yumurtalıqların polikistozu sindromu, endometrioz aid edilir. Əlbəttə, ilkin olaraq 3-6 ay ərzində sonsuzluğun səbəbi müəyyən olunmalıdır.
Sonsuzluğun səbəbi müəyyən edildikdən sonra aparılan müalicə fonunda ( laparoskopik və histeroskopik korreksiya, ovulyasiyanın stimulyasiyası, sonsuzluğun kişi faktorunun müalicəsi) 9-12 ay ərzində hamiləlik baş vermədiyi halda köməkçi reproduktiv texnologiyalara müraciət etmək məsləhət görülür. Əgər boru mənşəli, müalicəyə tabe olmayan kişi sonsuzluğu müəyyən olunarsa, köməkçi reproduktiv texnologiyalara vaxt itirmədən müraciət etmək məqsədəuyğundur.
- Təbii yolla valideyn olmaqdan əli üzülən cütlük köməkçi reproduktiv texnologiyalara müraciət edərkən nələri gözə almalıdır? Bu mənada süni mayalanmanın riskləri və fəsadları nədən ibarətdir?
- Süni mayalanmaya əks-göstərişlər mövcuddur. Bu əks-göstərişlərə uşaqlığın embrionun implantasiyasını və hamiləliyin başa çatdırılmasının mümkünsüz edən anadangəlmə inkişaf anomaliyaları və ya uşaqlıq boşluğunun qazanılma deformasiyaları, uşaqlığın cərrahi müalicə tələb edən xoşxassəli şişləri, istənilən lokalizasiyası bədxassəli yenitörəmələr, yumurtalıqların şişləri, istənilən lokalizasiyalı kəskin iltihabi proses, hamiləliyə əks-göstəriş olan somatik və psixi xəstəliklər aid edilir. Fəsadlara ovulyasiyanın stimulyasiyası məqsədilə tətbiq olunan preparatlara qarşı allergik reaksiya, qanaxma, çoxdöllü hamiləlik, yumurtalıqların hiperstimulyasiyası sindromu və uşaqlıqdankənar hamiləlik aid edilir. Ədəbiyyat mənbələrinə əsasən köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşaqlıqdankənar hamiləliyin tezliyi 3-5% arasında tərəddüd edir.
- Bu gün Azərbaycanda süni mayalanmadan doğulan uşaqların sayı nə qədərdir?
- Süni mayalanmadan doğulan uşaqların sayına dair məlumatın tam şəkildə toplanması mümkün deyil. Belə ki, hər bir klinika öz statistikasını aparır və statistik məlumatı Səhiyyə Nazirliyinə təqdim edir. Lakin köməkçi reproduktiv texnologiyaların tətbiqi ilə baş vermiş hamiləlik bəzi hallarda uğursuz nəticələnir, yəni bu və ya digər səbəbdən hamiləlik vaxtından əvvəl pozulur. Digər tərəfdən, xarici ölkələrdə ekstrakorporal mayalanma ilə hamilə qalmış qadınlar bu barədə öz həkimlərinə məlumat vermədiklərinndən, sənədlərdə də hamiləliyin köməkçi reproduktiv texnologiyaların tətbiqi ilə baş verdiyi barədə məlumat qeyd olunmur. Bir çox hallarda cütlük hətta yaxınlarından hamiləliyin süni mayalanma ilə baş verdiyini gizlədir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının qanununda da göstərilib ki, süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir.
-Bəs süni mayalanmadan doğulan uşaqları öz yaşıdlarından kəskin fərqləndirən xüsusiyyətlər varmı?
- Əgər hamiləlik, vaxtında doğuşla başa çatarsa, uşaqları öz yaşıdlarından fərqləndirən heç bir cəhət yoxdur. Lakin çoxdöllü hamiləliklərin spontan baş vermiş hamiləliklərlə müqayisədə yüksək tezliklə rast gəldiyini nəzərə alaraq vaxtından əvvəl doğuşların tezliyi də bir qədər yüksək olur və bu halda yenidoğulmuşlara xüsusi qulluq tələb olunur. Köməkçi reproduktiv texnologiyaların tətbiqi ilə hamilə qalmış qadınlara antenatal xidmət, onların anamnezinə və sonsuzluğun səbəbinə müvafiq olaraq aparılmalıdır. Reproduktiv texnologiyaların tətbiqi ilə baş vermiş hamiləliklər arasında çoxdöllü hamiləliklər yüksək tezliklə rast gəlinir ki, bu da xüsusi diqqət tələb edir. Bir çox hallarda ekstrakorporal mayalanma ilə hamilə qalmış qadınların fəsadlı mamalıq anamnezi– anamnezidə çoxsaylı özbaşına abortların olması da bu hamilələrə antenatal xidmətin fərdi alqoritm üzrə aparılmasını tələb edir. Endokrin mənşəli sonsuzluğu olan qadınlara antenatal xidmət də onların endokrinoloji patologiyasının korreksiyasını nəzərə almaqla aparılmalıdır. Bir çox hallarda ekstrakorporal mayalanma ilə hamilə qalmış qadınların yaşı 35-dən artıq olduğundan onların somatik sağlamlığına da xüsusi diqqət verilməlidir.
Gülşən RAUFQIZI