İran prezidenti Həsən Ruhani bu gün Azərbaycana rəsmi səfərə gəlib. Modern.az saytı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentini baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha sonra İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib. İran və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan və İran prezidentləri rəsmi foto çəkdiriblər.
Qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
H. Ruhani bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, sabah isə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşə qatılacaq.
Modern.az