Məktəblərdə şagirdlərin davranış və intizam qaydalarına əməl etməsinə nəzarət üçün qırmızı, sarı və yaşıl kart sisteminin tətbiqi müzakirə olunur.
Mövzuyla bağlı Məzahir Məmmədli Modern.az-a danışıb. O qeyd edib ki, beynəlxalq aləmdə bu praktikanın müsbət təsirləri olsa da Azərbaycanda belə olmayacaq.
"Şagirdlər tədris keyfiyyətinə görə əlamətdar günlərdəki fərqlənmələrinə görə yaşıl kartla, xüsusi narahatlıq yaradan, dərsə gecikən, dərs gedişində maneələr yaradan uşaqlara sarı kart, tədrisi pozan, davamiyyəti zəif olan və yaxud da ki, sinif daxili gərginlik yaradan uşaqlara da qırmızı kartlar təqdim olunur. Beynəlxalq təcrübədə müsbət nəticələnsə də, Azərbaycan üçün eyni şeyləri deyə bilmərik. Belə hallarda valideynlərin məktəblərə dəvət olunması, müəyyən profilaktik tədbirlərin görülməsi kartlarla qiymətləndirmədən daha yaxşı hesab olunur.
Həmçinin şagird qırmızı kart aldıqda demotivasiya olur və başqa mərhələdə uşaqda aqressiya yaranır".
Ekspertin sözlərinə görə kartlar əvəzinə başqa addımlar atılmalıdır:
"Bildiyimiz kimi müəllim şagirdə toxuna, irad bildirə, üstünə qışqıra bilməz. Ona görə də, 9-cu və 11-ci siniflərin buraxılış sənədlərində sinif rəhbəri və məktəb rəhbərliyi üçün şagirdin davranış və etik normalara riayət etmə səviyyəsini əks etdirən xüsusi qeyd bölməsi nəzərdə tutulmalıdır. Bu bölmədə əks olunan qısa, lakin mahiyyətcə əhəmiyyətli davranış qeydləri şagirdin gələcək akademik yolunda , xüsusilə ali təhsil müəssisəsinə qəbul mərhələsində nəzərə alına bilər. Bu mexanizm şagirdlərdə məsuliyyət hissini artıraraq onları təhsil müddətində müəllimlərə və məktəb mühitinə qarşı daha nəzakətli və nizam-intizamlı olmağa təşviq edər".
Ekspert təlim məsələlərində Qazaxıstanın modelini nümunə göstərib:
"Şagirdlərə sarı, yaşıl və ya qırmızı kartların təqdim edilməsi kimi formal tədbirlər onların davranışında əsaslı dəyişiklik yaratmır. Bu baxımdan daha təsirli mexanizmlərin tətbiqinə ehtiyac var. Məsələn, Qazaxıstan modelinə əsaslanaraq, şagirdin nizam-intizamı pozmasına və müəllimə qarşı hörmətsiz davranışına görə şagird və ya valideyn barəsində maliyyə sanksiyalarının tətbiqi nəzərdən keçirilə bilər. Bu cür hüquqi və inzibati təsir mexanizmlərinin mövcudluğu müəllimin mövqeyini gücləndirərək cəmiyyətdə müəllim nüfuzunun yüksəlməsinə töhfə verər".