Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. Modern.az saytı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı bu mərhələdə Cənubi Koreya təmsilçisi Ryu Xan Su ilə qarşılaşıb.
Yunan-Roma güləşçimiz rəqibi 8:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl qələbə qazanıb və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına yiyələnib.
Rəsul Çunayev Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında erməni rəqibinə məğlubiyyətinin səbəbini açıqlayıb: “Mənə dəstək verən və verməyənlərə, hamısına minnətdarlığımı bildirirəm. Dəstək verməyənləri başa düşürəm, çünki düşmən idmançıya uduzmuşam. Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim. Mən çoxdandır 66 kq. çəki dərəcəsində çıxış etmirdim. Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Bunda, əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi, tanıdığım rəqiblər idi - olimpiya çempionu, dünya çempionu...Qalib gəlmək üçün gərək ki, güclünü udasan. Yalnız yarımfinal görüşündə nəsə səhvə yol verdim”.
Qeyd edək ki, Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.
Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.
Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.
O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev ilk görüşdəki uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4.
Modern.az