Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çinə səfər edib.
Modern.az xəbər verir ki, o, Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Ma Hui ilə görüşüb.
Elçin Əmirbəyov həmçinin Çin Xalq Siyasi Məşvərət Şurası (CPPCC) Milli Komitəsinin Xarici Əlaqələr Komitəsinin sədri He Pinq, Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Liu Bin, Ümumçin Xalq Nümayəndələri Yığıncağının (NPC) Xarici Əlaqələr Komitəsi sədrinin müavini Van Ke, habelə Çin Xalq Xarici Əlaqələr İnstitutunun (CPIFA) vitse-prezidenti Yan Tao ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycan-Çin münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Siyasi dialoqun daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran aktual regional və beynəlxalq məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin son illərdə dinamik inkişafını məmnunluqla qeyd edərək, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin və qarşılıqlı səfərlərin ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini vurğulayıblar. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfərinin və səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilmiş görüşün xüsusi əhəmiyyəti qeyd olunub. Həmin görüşün nəticəsi olaraq iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalanıb. Bu sənədin imzalanmasının Azərbaycan-Çin münasibətlərinin bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə güclü təkan verdiyi, onların gələcək inkişafı üçün möhkəm siyasi və institusional əsas yaratdığı vurğulanıb. Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, habelə nəqliyyat-logistika, enerji, rəqəmsal texnologiyalar, elm və təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu qeyd ediblər.
Ənənəvi əməkdaşlıq istiqamətləri ilə yanaşı, bərpa olunan enerji, yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, sənaye istehsalı, yüksək texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və logistika, innovasiya və elmi tədqiqatlar kimi yeni sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri də nəzərdən keçirilib.
Elçin Əmirbəyov çinli həmkarlarını Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin gedişi, ölkəmizin Cənubi Qafqazda möhkəm və dönməz sülhün təmin olunması, habelə regionda yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində göstərdiyi səylər barədə məlumatlandırıb. Çin tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə və Azərbaycanın regionda davamlı sülhün bərqərar olmasına yönəlmiş sülh gündəliyinə tam dəstəyini ifadə edib.
Görüşlərdə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirilib. Elçin Əmirbəyov işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənməsinin Azərbaycanın üzləşdiyi ən ciddi humanitar problemlərdən biri olaraq qaldığını bildirib. O, bu təhlükənin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, habelə bu sahədə beynəlxalq dəstək və həmrəyliyin əhəmiyyəti barədə məlumat verib. Çin tərəfi Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə bundan sonra da dəstək göstərməyə hazır olduğunu təsdiqləyib. Bu xüsusda, Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti xüsusi qeyd olunub.