Ötən gecə Türkiyənin İstanbul şəhərində güllələnən Rövşən Əliyev ad-soyadlı azərbaycanlı iş adamının əslində məşhur kriminal avtoritet Rövşən Lənkəranski olduğu haqda xəbərlər yayılıb.
Qeyd edək ki, Rövşən Lənkəranskinin soyadının Canıyev olduğu əvvəldən məlum olsa da, Türkiyə mediasının güəllələnmiş biznesmenin Əliyev olduğunu yazması çaşqınlıq yaradıb.
Hadisə Barbaros bulvarındakı Yıldız prospektində törədilib. Oteldən çıxan iş adamı Azərbaycana məxsus 90 ND 011 nömrə nişanı olan avtomobilinə əyləşərkən silahlı hücuma məruz qalıb.
Baş verən atışma nəticəsində ağır yaralanan iş adamı və sürücü xəstəxanaya çatdırılıb. Naməlum silahlılar hadisə yerindən qaçıblar.
Bəzi məlumatlara görə, güllələnən iş adamının sürücüsü və özü həlak olub. Digər məlumatlarda Rövşən Əliyevin ağır vəziyyətdə olduğu bildirilir.
Modern.az-ın məlumatına görə, Azərbaycanın bəzi KİV-ləri, o cümlədən “Report” agentliyi, “Musavat.com”, “Qafqazinfo” güllələnmiş azərbaycanlı iş adamının kriminal avtoritet Rövşən Lənkəranski olduğunu bildiriblər.

Modern.az