Modern.az

Prezident qalib idmançıları mükafatlandırıb

Prezident qalib idmançıları mükafatlandırıb

Aktual

2 Sentyabr 2016, 20:03

Bu gün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. Modern.az saytı xəbər verir ki, görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşılayıblar.

 

Dövləti başçısı görüşdə nitq söyləyib.

 

Sonra Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edilib.

 

Dövlət başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb.

 

Prezident vurğulayıb ki, Rioda Azərbaycan bayrağının 18 dəfə dalğalanması müstəqilliyimizin 25 illiyinə gözəl hədiyyədir: “Rio Yay Olimpiya Oyunlarında Azərbaycan komandası möhtəşəm və tarixi qələbə qazanıb. Bu qələbə münasibətilə idmançılarımızı və bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. Bu, doğrudan da tarixi qələbədir. Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında 18 medal qazanmışlar. Bu, rekord göstəricidir. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medaldır. Bu onu göstərir ki, Azərbaycanda doğrudan da idman dövlətidir. Mən bunu dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm və həyat və idmançılarımızın nəticələri bunu bir daha təsdiqləyir. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. Siz Azərbaycan xalqını sevindirmisiniz. 18 dəfə müstəqil Azərbaycan bayrağı Rioda dalğalanıb. Xüsusilə nəzərə alsaq ki, bir aydan sonra biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu, müstəqilliyimizin 25 illiyinə Azərbaycan idmançıları tərəfindən gözəl hədiyyədir. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir”.


Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov, qadınlardan ibarət taekvondo üzrə yığma komandanın məşqçisi Elnur Amanov, Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Elmar Qasımov, Rio Olimpiadasının gümüş medalçısı, güləşçi Mariya Stadnik çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.

 

Prezident İlham Əliyev Qroznıda Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanmış “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə də görüşüb, onu qazandığı qələbə münasibətilə təbrik edib.

 

Sonda Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı