Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" “Tvinninq” layihəsinə həsr olunan tədbir keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutub.
“Tvinninq” layihəsinin əsas məqsədi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə DBNX-nin imkanlarını genişləndirməkdən ibarətdir.
Mərasimdə Aİ-nin Azərbaycandakı səfiri və Aİ nümayəndəliyinin, Fransanın və Macarıstanın Azərbaycandakı səfirliklərinin, Fransiz-Macar Konsorsumunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Avropa Rekonstruksiya və İnkişaf Bankının (ARİB), ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA), Dünya Bankının, ACİP layihəsinin Tvininq layihəsinin komandası, Maliyyə, Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, həmçinin Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin müvafiq strukturlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Tvinninq” layihəsi 2016-cı ilin 19 may tarixindən başlayıb və 2018-ci ilin may ayının 18-dək davam edəcəkdir. Layihə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Fransanın Qida, Kənd Təsərrüfatı və Kənd Əraziləri Nazirliyi, Macarıstan Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsi tərəfindən həyata keçiriləcəkdir.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov tədbirdə çıxış edərək Avropa İttifaqı ilə birgə həyata keçirilən layihələrdən və onların əhəmiyyətindən, ölkəmizin aqrar sektorda qazandığı nailiyyətlərdən söz açıb. Bildirilib ki, son dövrlər Azərbaycanda aqrar sahənin inkişafı dövlət səviyyəsində prioritet məsələyə çevrilib.
Nazir müavini vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi son illər bütün donor təşkilatları ilə işgüzar əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atır, bu da sözügedən təşkilatlar tərəfindən müsbət qarşılanır.
Qeyd olunub ki, 1994-cü ildən başlayaraq Aİ ilə bir çox “TASİS” layihələri həyata keçirilib. Bu layihələrin reallaşdırılmasında məqsəd ölkəmizdə aqrar sektorun inkişafının dəstəklənməsidir. Ölkəmizdə aqrar sahənin, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi dövlətimizin başçısı tərəfindən mühüm vəzifə kimi qarşıya qoyulub və bu istiqamətdə məqsədyönlü tədbirlər görülür. “Əgər əvvəlki illərdə daha çox taxıl və çəltik istehsalına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirildirsə, artıq cari ildən başlayaraq, ənənəvi sahələrin-pambıq, tütün və baramanın inkişafına yönələn xüsusi dövlət tədbirləri müəyyən edilib. Bunun nəticəsidir ki, bu il pambıq istehsalının təqribən 3 dəfə artıq olması gözlənilir,” - deyə S.Talıbov bildirib.
“Tivinninq” layihəsinə həsr olunmuş mərasimdə çıxış edin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov qeyd etdi ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə sayəsində təhlükəli yoluxucu xəstəliklərin əvvəlcədən müəyyən olunması və epizootiya baş verən zaman təcili reaksiya vermək üçün daha çox təşkilatlanmaya ehtiyac vardır. Bu təşkilatlanmanı da adı çəkilən tvinninq layihəsi bizə töhfə edəcəkdir.
A.Süleymanov ölkənin baytarlıq xidmətinin strukturuna daxil olan qurumların maddi-texniki bazasının gücləndirilmsəindən, beynəlxalq əlaqələrdən, baytarlıq sahəsində həyata keçirilən layihələrdən, baytarlıq mütəxəssislərinin müasir təlim kurslarında iştirak etməsindən məlumat vermişdir.
Mərasimdə Avropa İttifaqının səfiri xanım Malena Mardın qeyd etdi ki, bu layihə regional və kənd yerlərinin inkişafı sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığa daha bir töhfə olacaqdır.
"Bu yolla biz Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin inkişafına səbəb olacağıq. Ən vacib məsələ Azərbaycan ilə Aİ arasında təcrübə mübadiləsinin aparılmasıdır. Bu layihə 2018-ci ildə tamamlanacaq. Layihənin tərəfdaşlarına minnətdarlığımı bildirirəm. Əminəm ki, layihənin sonunda müsbət nəticələr əldə edəcəyik. İki il müddətində layihənin icra prosesində Macarıstan və Fransadan olan nümayəndələr iştirak edəcəklər", - deyə Aİ səfiri Malena Mardın bildirib.
Tədbirdə digər çıxış edənlər layihənin vacibliyindən və əhəmiyyətindən danışaraq bildirilmişdir ki, kənd təsərrüfatı sahəsində, xüsusilə baytarlıq xidmətində həyata keçirilən bu layihə çox vacibdir. Layihənin Azərbaycanda həyata keçirilməsi Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlığının bariz nümunəsidir. Aİ ilə əməkdaşlıq özünü bütün sahələrdə göstərir. Aİ Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Tədbirdə “Tvinninq” layihəsinin tərkib hissəsi olan 4 komponentin təqdimatı keçirilmişdir.
Mərasimdə Fransanın Azərbaycandakı səfirinin müavini Fabien Dru-Lozinski, Macarıstanın Azərbaycandakı səfirinin müavini Dr.Laszlo Makki və digərləri tədbirin təşkilinə, aparılan işlərə görə Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Baytarlıq Nəzarəti Xidmətinə öz təşəkkürlərini bildirərək, Azərbaycanla gələcək əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsigəməyəcəklərini qeyd etdilər. Eləcə də tədbirdə digər çıxış edənlər layihənin vacibliyindən və əhəmiyyətindən danışaraq vurğuladılar ki, bu layihə Azərbaycanda uğurla həyata keçiriləcək, ölkənin iqtisadi gələcəyinə, Avropa İttifaqının standartlarına uyğun bol məhsul istehsalına və ərzaq təhlükəsizliyinin etbarlı təminatına böyük töhfələr verəcəkdir.
Modern.az