“Qardaşım Muradın bu vəzifəyə təyin edilməsi bizim üçün gözlənilməz oldu”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova qardaşı, polis mayoru Murad Hüseynovun yeni vəzifəyə təyin olunmasına münasibət bildirərkən deyib.
O bildirib ki, nazir hər zaman onlara diqqət ayırır və problemləri ilə maraqlanır:
“Buna görə də sizin vasitənizlə Ramil Usubova özüm və qardaşımın ailəsi adından dərin təşəkkürümü çatdırmaq istəyirəm. O hər zaman bizlərin dar günündə yanında olub. Ona görə də bizlər göydə allaha, yerdə cənab nazir Ramil Usubova çox şey borcluyuq”.
Qeyd edək ki, dünən nazir Ramil Usubovun əmri ilə Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.
Tofiq Hüseynov Xocalı uğrunda gedən döyüşlərdə şəhid olub. Xocalı şəhərində anadan olmuş T. Hüseynov hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, “Mixaylo” ləqəbi ilə tanınıb. Döyüşlərdə böyük şücaət göstərən T.Hüseynov 1992-ci il fevralın 26-da Xocalının işğal günü düşmənlə sona qədər vuruşub, sonda qumbara ilə özünü partladaraq 10 nəfərə yaxın ermənini də məhv edib. Onun həyat yoldaşı da Qarabağ döyüşlərində şəhid olub.
Modern.az