Dolların manata nisbətən həm rəsmi, həm də bazar məzənnəsinin yüksəlməsi xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür. Bu eyni zamanda, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır.
Modern.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu barədə şərh verərkən dolların bahalaşmasının problemli kreditlərin həcmini daha artıracağını deyib.
Problemi necə həll etmək olar?
Ekspert ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif edib:
“Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqəladə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemli aktivlərin satın alınması və sağlamlaşdırılması oldu.
Təbii ki, proqramın aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da, bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu”.
İqtisadçı bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsi vacib oldğunu deyib:
“Bu proqram çərçivəsində kreditlərin restruktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması və o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür.
Nəticədə ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyli dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına, eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər. Qeyd edim ki, bu proqramla bağlı təkliflərimi artıq hökumətə təqdim etmişəm və inanmaq istərdim ki, bu istiqamətdə fəaliyyət güclənəcək”.
Gülşən RAUFQIZI