Sentyabrın 26-na təyin edilmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar təşviqat kampaniyası davam edir.
Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında dəyişiklərlə bağlı fikirlərini bölüşüb.
“Məlum olduğu kimi, sentyabrın 26-da Azərbaycanda referendum keçirilməsi nəzərdə tutulur. Konstitusiyanın 23 maddəsinə əlavə və dəyişikliklər olunub. 6 maddə isə yeni maddələrdən ibarətdir. Əlavə edilən maddələrlə bağlı demək istərdim ki, bunlar xalqın xeyrinə olan maddələrdir. Məsələn, Azərbaycanda torpaqlarla bağlı maddəyə dəyişiklik çox lazımlı dəyişiklikdir.
Bildiyiniz kimi, istifadə olunmayan torpaqlarımız var. Halbuki, onlardan istifadə edilsə çox yaxşı olar. Ona görə də torpaqlarla bağlı dəyişikliklər insanlar üçün faydalı olacaq”.
Deputat Konstitusiyada öz əksini tapacaq yaş məsələsinə, eləcə, də digər məsələlərə toxunub.
“Əgər 18 yaşlı gənc seçkilərdə namizədini seçə bilirsə, özü niyə seçilməməlidir?! Bu da tamamilə doğru qərardır. Prezidentin səlahiyyətlərinin artırılması da yerində olan qərardır. Vaxtilə mən belə bir təkliflə çıxış edərək demişdim ki, biz müharibə şəraitində yaşayırıq. Ona görə də prezidentin səlahiyyət müddəti uzun olmalıdır. Bir var 15 il ərzində 3 dəfə seçki keçirilsin, bir də var 2 dəfə.
Bütün bu dəyişikliklər xalqımızın xeyrinə olacaq. Konstitusiyada göstərilən maddələrin hamısı onu deməyə əsas verir ki, süründürməçilik aradan qaldırılacaq, iş yerlərində operativlik artacaq, çeviklik baş verəcək”.
Namidə BİNGÖL