Beynəlxalq Olimpiya Komitəsi karatenin olimpiya idman növləri sırasına daxil edilməsi haqda qərar qəbul edib. 2020-ci il Tokio Olimpiadasında karateçilər də mübarizə aparacaqlar.
Azərbaycanda karateçilərin 2020-ci il Tokio Olimpiadasında iştirak etmələri üçün hansı işlərə başlanılıb?
Modern.az saytı bu məsələ ilə bağlı Azərbaycandakı Karate federasiyaları ilə əlaqə saxlayıb.
Milli Karate Federasiyasının baş katibi Mircabbar Seyidov noyabrın 26-27-də karate üzrə ölkə çempionatının keçiriləcəyi barədə məlumat verib.
“Biz artıq bütün regionlara bu barədə məlumat vermişik. Çempionatda yığma komandanın üzvləri müəyyənləşəcək. Seçim başa çatdıqdan sonra isə yığma komandanın üzvləri məşqlərə cəlb olunacaqlar. Beynəlxalq Karate Federasiyası ilə əlaqlərimiz var. Biz onlardan məlumat gözləyirik ki, Olimpiya Oyunlarında iştirak etmək üçün seçim hansı formada olacaq. Bizdə 5 çəki kateqoriyası var. Amma olimpiadada 3 çəki kateqoriyası olacaq. Bunlar hansı çəki dərəcələri olacaq, bu barədə Beynəlxalq Karete Federasiyasından məlumat gözləyirik. Olimpiadaya seçim dünya, Avropa çempionatı və premyer-liqa yarışlarında olacaq. Olimpiadada iştirak etmək üçün o yarışlarda yer tutmaq lazımdır”.
Azərbaycan Şotakan Karate Federasiyasının baş məşqçisi Əbülfət Qarayevin sözlərinə görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına qatılmaq üçün qarşıdakı 4 il ərzində respublika çempionatlarında iştirak etmək lazımdır:
“İdmançılarımız əvvəla respublika yarışlarında yer tutmalıdır. Daha sonra isə lisenziya xarakterli yarışlarda yer qazanmalıdırlar. Müəyyən xal topladıqdan sonra isə 2020-ci ildə keçiriləcək Tokio Olimpiya Oyunlarında iştirak edə biləcəklər. Biz mütəmadi olaraq məşqləri davam etdiririk ki, bu yarışlarda iştirak edə bilək. Bu yaxınlarda Olimpiya Oyunları ilə bağlı iclas keçirilməlidir. Olimpiadada iştirak üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. Gənclər və İdman Nazirliyi, Karate Federasiyaları Assosiasiyasının müəyyən tədbirləri keçirildikdən sonra bizə göstəriş verməlidirlər. Bu tədbirlərdən sonra isə 2020-ci il Tokio Olimpiya Oyunlarına neçə nəfərlə qatılacağımız barədə nəsə demək olar”.
Azərbaycan Koşıki Karate Federasiyasının prezidenti Talıb Berzigiyarov karatenin 2020-ci il Tokio Olimpiadasına sınaq idman növü kimi daxil edildiyini mümkün sayır.
“Düzdür, karate olimpiya oyunlarına daxil edilib. Amma karatenin hansı növləri daxil edilib, bu barədə məlumat yoxdur. Ola bilər ki, 2020-ci ildə karate olimpiya oyunlarına sınaq növ kimi daxil edilib. Hələ Gənclər və İdman Nazirliyindən də bu suala cavab verən olmayıb. Əlbəttə ki, bizim də idmançılarımızdan olimpiya oyunlarında iştirak edən olacaq. Koşıki karate növündə bir avadanlıq var, o qəbul olunacaq-olunmayacaq bunu bilmirəm, amma biz çox ciddi hazırlaşırıq. Biz Dünya Karate Federasiyasının üzvüyük və onun təşkil etdiyi çempionatlarda iştirak edirik. Siz təsəvvür edin ki, dünyada karate idman növünün cəmi 20 faizi bu yarışlarda iştirak edir və 80 faizi kənarda qalıb. İndi onları birləşdirmək istəyirlər ki, Olimpiadaya daxil olsun”.
Azərbaycan Karate-do Federasiyasının məşqçisi Anar Allahverdiyev:
“İnşallah bizim də idmançılarımızdan bu oyunlarda iştirak edən olacaq. Bunun üçün müəyyən olunmuş lisenziyaları almaq lazımdır. İdmançılarımız əvvəlcə respublika çempionu olmalıdırlar. Daha sonra isə Avropa və dünya çempionatlarında iştirak edib nəticələr qazanmalıdırlar. 2020-ci il Tokio Olimpiya Oyunlarında iştirak etmək üçün gələn ildən başlayaraq çox ciddi işlər görüləcək. Ümid edirik ki, idmançılarımız da yaxşı nəticələr göstərərək, ölkəmizi laiqincə təmsil edəcəklər”.
Mirmahmud KAZIMOĞLU