Modern.az

YAP-dan Gülər Əhmədovanın Həcc ziyarətinə dəstək

YAP-dan Gülər Əhmədovanın Həcc ziyarətinə dəstək

Aktual

6 Sentyabr 2016, 17:03

Bir neçə gündür dünyanın müxtəlif yerlərindən, o cümlədən Azərbaycandan zəvvarlar müqəddəs Həcc ziyarəti üçün yola çıxıblar.

Müqəddəs torpaqlara yollanmaq, Həcc ziyarətini gerçəkləşdirmək arzusunda olanlar arasında sabiq deputat Gülər Əhmədova da var.  

 

Cəmiyyətdə isə siyasətçilərin dini dünyagörüşləri hər  zaman müzakirə predmetinə çevrilib. Baxmayaraq ki, Gülər Əhmədova artıq siyasi fəaliyyətlə məşğul olmur. Daha YAP-ın da üzvü deyil.  Amma sosial şəbəkələrdə onun Həcc  ziyarətinə getməsi ətrafında müxtəlif müzakirələr açılıb, birmənalı olmayan fikirlər səslənir.

 

Məsələyə hakim Yeni Azərbaycan Partiyasi (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarkomitəsinin sədri Siyavuş  Novruzov da münasibət bildirib. O,  Modern.az-a deyib ki, insanların dini istəkləri müzakirə olunmamalıdır.

 

“Həcc  ziyarəti  hər bir insanın qəlbindən gələn istəkdir. Ümumiyyətlə, müsəlmanın 2 vətəni  var.  Bir doğulduğu  torpaq,  bir də  Məkkə şəhəridir ki, insanlar ora ziyarətə  yollanır. Kimin Məkkəni ziyarət etmək arzusu, istəyi varsa, bunu siyasətə qatmaq lazım deyil.  Din ritualdır”. 

YAP rəsmisi onu da əlavə edib ki, kiminsə hansı  partiyanın üzvü olub-olmaması onun dindarlığına maneçilik törətməməlidir.

“Hər  bir müsəlmanın arzusudur ki, Həcc ziyarətini həyata  keçirsin. Kim istəyir gedib ziyarətini  gerçəkləşdirə bilər. İstər  YAP-çı olsun, istər solçu, fərq etməz. Bu cür  məsələləri bir araya  gətirib, insanların etiqad azadlığını pozmaq olmaz”.

 
Qeyd edək ki, keçmiş deputat bir müddət öncə məhkəmə vasitəsilə ölkədən xaricə çıxmaq icazəsi alıb.

Belə ki, bu il iyulun 12-də Bakı Apellyasiya Məhkəməsində eks-deputat Gülər Əhmədovanın Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxlıb və ona üç ay müddətinə Azərbaycan  hüdudlarından kənara çıxmasına icazə verilib. 

 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib.

 

Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

 

Namidə  BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı