...Vaxtilə Sumqayıtın kimya müəssisələrində işə başlayarkən onların heç birinin ağlına belə gəlməzdi ki, nə zamansa dünyanın nizamı yenidən pozulacaq və onlar iş yerlərini səngərlərə dəyişərək, Vətən torpaqları uğrunda ağır döyüşlərə atılacaqlar. Və vaxt gələcək ki, xalqımızın mərd, igid oğulları tək sinələrini sipər eləyib qoruduqları bu müqəddəs torpaq, vətənin qədirbilən övladları onların şəhid adını uca, xatirələrini əziz tutacaq, bir zaman həvəslə işə gəlib-getdikləri zavodun yaşıllığa, gül-çiçəyə bürünmüş geniş ərazisində onların şərəfinə xatirə komleksi ucaldılacaq və hər birinin adı orda qızıl hərflərlə həkk ediləcəkdir.
Onlar Qarabağ savaşına müxtəlif illərdə yollansalar da, eyni zirvədə - şəhidlik zirvəsində “görüşmüşlər”. Çoxları gənc, lakin ailəli, övlad atası olsalar da, subay olanları, validenlərinin, qardaş-bacılarının toya hazırlaşdıqları oğullar da az deyildi. Lakin onlar Vətənin azadlığını, doğma xalqın xoşbəxtliyini öz şəxsi səadətlərindən üstün tutaraq, döyüş yolunu seçdilər. Onlar öz ölümləri, şəhidlikləri ilə Vətənə sonsuz sevgilərini sübut etdilər və bununla da Vətənin, xalqın əbədi sevgisini, məhəbbətini qazandılar.
Bu sevgidən irəli gəlirdi ki, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun qarşısındakı meydançada 54 igid oğulun - şəhid kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksinin açılışına yalnız kimyaçılar deyil, şəhərin müxtəlif müəssisə və təşkilatlarının nümayəndələri, əmək və müharibə veteranları, məktəblilər, şəhidlərin keçmiş döyüş yoldaşları və doğmaları-əzizləri də gəlmişdilər. Bunu duymaq çətin deyildi ki, bu gün kimyaçıların şəhid yoldaşlarının ruhu nə qədər sevinirdi! Bu gün sanki onlar da öz keçmiş iş yoldaşları ilə, xatirələrini əziz tutaraq bu abidənin açılışına toplaşmış sumqayıtlı həmyerliləri, doğma bacı-qardaşları, ata-anaları ilə bir sırada, həm də vüqarla dayanmışdılar.
Vətən şəhidlərinin adını uca tutub, yüzlərlə adamın toplaşdığı tədbiri Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq, şəhid kimyaçıların Vətən yolunda fədakarlıqla vuruşmalarından, builki aprel döyüşlərində Azərbaycan Milli Ordusunun əsgər və zabitlərinin igidliklərindən, rəşadətindən, qəhrəmanlıq yürüşündən fəxrlə söhbət açmışdır. Torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş kimyaçıların və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhid atası, uzun illər kimya sənayesində çalışmış Valeh Axundov və Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən Azərbaycanın Dövlət Bayrağının qaldırılması könülləri riqqətə gətirmiş, bayrağımızın tezliklə işğaldan azad ediləcək Qarabağda - Şuşada, Laçında, Xankəndidə, Ağdamda, Kəlbəcərdə, digər şəhər və kəndlərimizdə dalğalanacağına ümidləri daha da şölələndirmişdir.
Şəhərin 11 saylı orta məktəbi şagirdlərinin ifasında Azərbaycanın Dövlət himni əzəmətlə səsləndirildikdən sonra Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri Tərlan Hacızadə, “Sumqayıtın Tarixi” Muzeyinin direktoru Olya İslamova çıxış edərək, işğal olunmuş torpaqlarımızın düşməndən azad olunması, bu ali məqsədlə ölkə rəhbərliyi tərəfindən Milli Ordumuzun daha da gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən, Azərbaycan əsgərinin yüksək döyüş ruhundan, qələbə əzmindən söhbət açmışlar. T.Hacızadə “Azərikimya” İB rəhbərliyinə Sumqayıt şəhidlərinə həsr edilmiş geniş formatlı xatirə kitabı bağışlamışdır.
Şəhid kimyaçıların ailələri adından çıxış edən Pərvanə Babaşova Vətən yolunda həlak olmuş oğulların xatirəsinin əbədiləşdirilməsinə, şəhid valideynlərinə və övladlarına göstərilən diqqət və qayğıya görə “Azərikimya” rəhbərliyinə, ölkə başçısına minnətdarlığını bildirmişdir.
Xatirə kompleksinin açılışında Milli Məclisinin deputatları – “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilov iştirak etmişlər.
Tədbirin sonunda xatirə kompleksinin önünə əklillər qoyulmuş, tər qərənfillər düzülmüş və şəhidlərin ruhuna dualar oxunmuşdur.
Şübhə yoxdur ki, şəhidlərin unudulmaz adları əbədi həkk olunmuş xatirə abidəsi bundan sonra şəhid ailələri üçün bir təsəlli, gənclər üçün and yeri, kimyaçılar üçün ziyarətgah olacaq. Və xalqımızın arzusunda olaraq intizarla gözlədiyi o böyük Qələbə günü şəhidlərin ruhu bəlkə də hamıdan çox sevinərək, əbədi rahatlıq tapacaqlar.
Rəhman Orxan