“Bakıda keçirilən şahmat oyunlarını yüksək qiymətləndirirəm. İnanıram ki, komandalarımız çox uğurla çıxış edəcəklər”. Bunu Modern.az-a açıqlamasında tanınmış şahmatçı Aynur Sofiyeva deyib.
O, Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının oyunlarını izləməyindən də söz açıb.
“Şahmat oyunlarının keçirilməsi çox vacibdir. Baxmayaraq ki, hazırda başqa sahədə çalışıram, amma Bakıdakı yarışları sevə-sevə izləyirəm”.
Aynur Sofiyeva Azərbaycan şahmatçılarının qələbə çalacağına olan inamından bəhs edib.
“Baxmayaraq ki, şahmat sahəsindən xeyli vaxtdır uzaqlaşmışam, amma bu yarışlarda Azərbaycan şahmatçılarının qələbə çalmasına 100% əminəm. Oyunlarda uğurlu çıxış edəcəklər. Əsasən kişi komandasının uğurlu oyun nümayiş etdirəcəyinə inanıram. Təbii, qadınlardan ibarət komandaya da inanıram”.
Aynur Sofiyeva hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışır.
1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci illər arasında Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.
Qeyd edək ki, sentyabrın 1-dən Bakıda start götürən 42-ci Ümumdünya Şahmat Olimpiadası sentyabrın 13-də yekunlaşacaq.
Namidə BİNGÖL