“ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin illərlə uzanmayacağına ümid edir. Biz ümid edirik ki, sülh yolu ilə nizamlanma prosesi illərlə davam etməyəcək, amma, əlbəttə ki, bu məsələ ilə bağlı qəfil sıçrayış gözləmək lazım deyil”. Modern.az saytı xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində bildirib.
Amerikalı həmsədr qeyd edib ki, danışıqlar zaman və çoxsaylı müzakirələr tələb edir: “Lakin bizim irəliyə getmək üçün yolumuz var, konkret təkliflər var. Prezidentlər bu məsələdə iştirak edirlər. Mən məsələnin sabah, bir həftə və ya bir ay sonra nizamlanacağını əvvəlcədən söyləyə bilmərəm, amma prezidentlər irəliləmək üçün siyasi iradə nümayiş etdirsələr, nizamlanmanın bütün elementləri hazırdır".
İki ölkənin prezidentlərinin görüşü ilə bağlı sualı cavablandıran amerikalı həmsədr bildirib ki, planlar var, ancaq heç bir konkretlik yoxdur: “Biz prezidentlərin yeni görüşünün keçirilməsini istəyirik, lakin hələ nə vaxtla bağlı, nə də bunun harada keçirilməsi ilə bağlı açıq-aşkar bir fikir yoxdur. Biz həmsədrlər olaraq növbəti sammitin təməlini qoymaq üçün xarici işlər nazirləri ilə görüşəcəyik. Hər iki naziri BMT Baş Assambleyasının sessiyası zamanı növbəti addımları müzakirə etmək üçün iki həftədən sonra Nyu-Yorkda görəcəyimizə ümid edirik. Ümid etmək istərdim ki, orada iki prezidentin də görüşü baş tutacaq"
Modern.az