Azərbaycanlı alimlər beynəlxalq elmi konfransa qatılıb. Modern.az saytı xəbər verir ki, AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Avstriyanın paytaxtı Vyanada keçirilən “Qeyri-səlis sistemlər və kompyuter texnologiyalarının tətbiqi” adlı XXII beynəlxalq konfrans iki gün davam edib. Tədbirə ümumən 20-ə yaxın ölkə, o cümlədən ABŞ, Kanada, Almaniya, Rusiya, Türkiyə və digərlərini təmsil edən 50-dən çox alim və mütəxəssis məruzə ilə qatılıb. Respublikamızdan konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Quyuların qazılması texnologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, Azərbaycan Dövlət Neft Akademiyasının professoru, GGİ-nin Elmi Şurasının üzvü, akademik Pərviz Məmmədov və institutun doktorantı İqor Pirverdiyev iştirak ediblər.
GGİ təmsilçiləri konfransda “FCM alqoritmindən istifadə etməklə geoloji obyektlərin təsnifatı və məhlulun udulma dərəcəsinin qiymətləndirilməsi” və “Qeyri-səlis klaster analizin vasitəsilə nasosun effektivliyini təyin edən amillərin onun işinə təsirinin təhlili” adlı məruzələrlə çıxış ediblər. Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Modern.az