"Azərsığorta" Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialı müdirinin qətli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib. Filial müdiri Raya Bayramova idarədə mühasib işləyən Vəliyev Vidadi Bəhman oğlu ilə otaqda mübahisə edib. Bu zaman V.Vəliyev R.Bayramovanın başını öncə masaya vurub, daha sonra başına küt alətlə (Otaqda qırmızı kərpic qırıntıları aşkar edildiyindən, onun qadının başına kərpiclə zərbə endirdiyi ehtimal edilir) bir neçə zərbə endirib. Onun öldüyünü gördükdən sonra, filialın qapısını bayırdan bağlayaraq hadisə yerindən qaçıb.
Mübahisə zamanı V.Vəliyev də başından xəsarət aldığından o, ilk olaraq Gəncə şəhərindəki xəstəxanaların birinə gedib rengenə düşüb, daha sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedərək yıxılaraq xəsarət aldığını bildirib və xəstəxananın Travmatologiya şöbəsində tibbi yardım alıb. Gecəni xəstəxanada keçirən V.Vəliyev oradan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməyə aparılıb. Məlum olub ki, hadisə vaxtı filialda kimsə olmadığından, həmçinin binanın kənar bir yerdə yerləşməsindən cinayət zamanı yaranmış səs-küyü eşidən olmayıb. V.Vəliyev ilk ifadəsində yıxılaraq başından xəsarət aldığını bildirsə də, aparılan araşdırmalardan sonra həmin ifadəsinin də yalan olduğu məlum olub. Belə ki, onun mübahisə zamanı xəsarət aldığı güman edilir. İfadəsi alınan mərhumun övladları isə analarının 2 gündür evə gəlmədiyini, qadının həmin günlərdə Gürcüstanda olduğunu düşündüklərini bildiriblər. Lakin analarına məxsus xarici pasportun evdə tapılması onları bu düşüncələrindən yayındırıb və polisə məlumat veriblər. Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qapısı bağlı filialın ikinci açarı mühasibdə də olduğu məlum olub və açar ondan alınaraq otağa giriş olunub və qadının cəsəti filialda tapılaraq ekspertizaya göndərilib. Məlumata görə, ekspertiza zamanı şübhəli şəxs qismində saxlanılan V.Vəliyev xəstəxanada müalicə olunurmuş. Polisin hadisə ilə bağlı nə bildiyi sualına isə V.Vəliyev:
"Mən özüm də onun yoxa çıxdığını, ailəsinin onu axtardığını bilirdim. Filiala baxmaq istədim görüm ordadımı, lakin qapı bağlı idi, dama çıxıb ordan içəri keçmək istəyirdim ki, ayağım sürüşdü yıxılıb başımdan xəsarət aldım" – deyə cavab verib. Lakin istintaq zamanı onun ifadələrində yalan və hadisə yerində aparılan araşdırmalar zamanı kifayət qədər faktların olması cinayətin onun tərəfindən törədilməsi subut edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
O sonradan ifadəsində Raya Bayramova ilə arasında pul üstündə mübahisə etdiyini bildirib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
20:27
Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, "Azərsığorta" Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramovanı qətlə yetirən şəxs saxlanılıb.
Həmin şəxs şirkətin baş mühasibi Vidadi Vəliyevdir. V.Vəliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. O, istintaqa ifadəsində qətli pul mübahisəsi üstə törətdiyini bildirib.
V. Vəliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerinə aparılıb və cinayət yerində dindirilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.
Qeyd edək ki, aprelin 22-də "Azərsığorta" Dövlət Sığorta Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramova iş otağında küt alətlə qətlə yetirilib.
Onun müavini Vidadi Bəhman oğlu Vəliyev şahid qismində ifadə verərkən bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.
Modern.az