Son illər dövlət tərəfindən həyata keçirilən çox şaxəli tədbirlər kənd təsərrüfatı sahəsinin, o cümlədən heyvandarlığın davamlı inkişafı və ölkə əhalisinin heyvandarlıq məhsulları ilə etibarlı təminatının gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Modern.az xəbər verir ki, heyvandarlıq məhsullarının istehsalında stabil artım 2016-cı ildə də davam edib. Belə ki, 2016-cı ildə diri çəkidə 523,8 min ton ət, 2009,9 min ton süd, 1609,8 milyon ədəd yumurta və 16,7 min ton yun istehsal edilib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,7 min ton və ya 1.8 faiz, süd istehsalı 47,4 min ton və ya 2,9 faiz, yun istehsalı 0,1 min ton və ya 1,0 faiz artıb. Quş əti istehsalı isə 95.5 min ton təşkil edib.
Heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın artırılması istiqamətində seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılması və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən yüksək məhsuldarlığa malik damazlıq heyvanların idxalı davam etdirilmiş və heyvanların süni mayalandırılması işi genişləndirilmişdir. 2009-cu ildən 2017-ci ilin 01 may tarixinədək olan dövrdə23668 baş iribuynuzlu cins damazlıq heyvan alınaraq ölkəyə gətirilmiş, həmin heyvanlar 720 fiziki və hüquqi şəxsə lizinq yolu ilə güzəştli şərtlərlə satılıb.
2016-cı il ərzində bir sıra heyvandarlıq məhsullarının ixracı həyata keçirilmişdir. Belə ki, 1163 baş əmtəəlik at və 128 baş damazlıq qaramal, 582,2 ton ət və ət məhsulları,1381,7 ton süd və süd məhsulları, 6 ton bal, 31,8 ton yun ixrac edilib.
Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamına əsasən əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya verilməsi müəyyən edilib. Heyvan sahiblərinə subsidiyanın verilməsi mexanizminin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə “Süni mayalandırma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə subsidiyanın verilməsi “Qaydası” təsdiq edilib. 2016-cı ildə süni yolla 103 min qaramal mayalandırılmış, heyvanlardan alınmış buzovlara görə subsidiya ödənişinə başlanılıb. Qaydaya uyğun olaraq keçən ilin oktyabr-dekabr ayında 7449 heyvan sahibinə doğulmuş 8529 baş buzovun hər birinə görə 100 manat olmaqla cəmi 852900 manat məbləğində subsidiya ödənilib. 2017-ci ilin birinci rübü ərzində isə 10100 heyvan sahibinə 11964 baş buzova görə 1196400 manat subsidiya verilməsinə dair qərar qəbul edilib.
Respublikada baş sayına görə müxtəlif qruplara aid edilən heyvandarlıq profilli müxtəlif təsərrüfatlar fəaliyyət göstərir. Belə ki, hər birində 50-99 başadək iribuynuzlu heyvan mövcud olan 602 təsərrüfat, 100-199 başadək 118 təsərrüfat, 200-499 başadək 28 təsərrüfat, 500 baş və ondan yuxarı 16 təsərrüfat, eyni zamanda 100-499 başadək xırdabuynuzlu heyvan mövcud olan 8733 təsərrüfat, 500 baş və ondan yuxarı xırdabuynuzlu heyvan mövcud olan 873 iri heyvandarlıq təsərrüfatları var. Mövcud təsərrüfatların 28-i modern heyvandarlıq kompleksləridir. Bununla yanaşı respublikanın müxtəlif bölgələrində 78 quşçuluq müəssisəsi fəaliyyət göstərir.
Hazırda Respublika Süni Mayalanma Mərkəzinin yeni kompleksinin inşası sona yetmiş, laboratoriya avadanlıqları və törədici heyvanlarla təchizatı başa çatıb. Respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniya Federativ Respublikasından 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin-anqus olmaqla cəmi 28 baş törədici buğa, İran İslam Respublikasından isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl Mərkəzdə istifadə olunmaq üçün gətirilib. Müəssisə fəaliyyətə başladıqdan sonra toxum bankı formalaşdırılmaqla respublikanın genetik materiala olan tələbatı tam ödənəcək və bu sahə üzrə ixrac potensialı yaranacaqdır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf etdirilməsi” layihəsi çərçivəsində 2016-cı ildə 163 nəfər, 2017-ci ilin birinci rübündə isə 19 nəfər süni mayalama mütəxəssisi müəssisədə təlim kursu keçirilib. Bu təlimlərin 2017-ci ilin iyun ayınadək davam etdirilməsi nəzərdə tutulub. Hazırda fəaliyyət göstərən süni mayalama mütəxəssislərinin sayı 324 nəfərdir.
“Ətlik-südlük istiqamətli müasir 5-10 başlıq ailə-kəndli təsərrüfatlarının yaradılması” layihəsi çərçivəsində Ağcabədi, Bərdə və İmişli rayonlarının seçilmiş pilot ərazilərində müasir ailə-kəndli təsərrüfatlarının yaradılması yolu ilə kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilir. Belə ki, Ağcabədi, Bərdə və İmişli rayonlarında seçilmiş fermerlərin torpaqlarından nümunələr götürülərək kimyəvi tərkibi öyrənilmiş, onlara yüksək məhsuldar silosluq qarğıdalı toxumları, mineral gübrələr verilmiş və yerli kənd təsərrüfatı mütəxəssislərinin nəzarəti altında bütün aqrotexniki tədbirlər həyata keçirilib. Hər bir fermer üçün kredit paketi hazırlanmış və kredit paketində cari il üçün digər yemlərin tədarükü və payızlıq əkin aparılması məqsədilə əlavə vəsait də nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində hədəf ərazilərdə seçilmiş pay torpaqlara sahib ailələrə güzəştli şərtlərlə lizinq yolu ilə ətlik-südlük istiqamətli damazlıq heyvanlar verilib. Ağcabədi rayonunda 25 ailəyə 178 baş, Bərdə rayonunda 27 ailəyə 189 baş, İmişli rayonunda isə 17 ailəyə 149 baş Simmental cinsindən olan damazlıq heyvanlar verilmişdir. Hazırda pilot ərazilərdə layihə tərəfdaşı kimi seçilmiş 69 ailə təsərrüfatına ümumilikdə 516 baş qaramal verilmiş və heyvanların verilməsinə qədər onların yem bazasının formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Hər bir rayonda bir süd qəbulu məntəqəsi yaradılaraq ailə-kəndli təsərrüfatı sahiblərindən ibarət ictimai birliklərin istifadəsinə verilib.
Layihənin həyata keçirildiyi müddətdə cəmi 1.4 min ton süd istehsal edilmiş, I və II nəsil 572 baş bala alınıb.
Modern.az