İyunun 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristovayla görüşüb.
Modern.az xəbər verir ki, səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor K.Abdulla ADU-nun Azərbaycanın dil siyasətinin bütün spektrlərini əhatə etməsinin vacibliyindən danışıb. O, universitetdə bolqar dili, mədəniyyəti və tarixinin öyrənilməsi baxımından səfirliyin mühüm işlər görə biləcəyini bildirib.
Rektor K.Abdulla ikitərəfli əməkdaşlığın ölkələr arasındakı əlaqələri daha da inkişaf etdirəcəyinə əminliyini ifadə edib. O, multikulturalizmlə bağlı ideya və layihələrin universitet platformasında da davam etdiriləcəyini vurğulayıb. ADU-nun rektoru Bolqarıstanın paytaxtında yerləşən universitetlərlə yanaşı, digər şəhərlərdəki nüfuzlu ali təhsil müəssisələri ilə də Dillər Universiteti arasında əlaqələrin qurulmasının Azərbaycan dilinin, mədəniyyətinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Universitetdə olmaqdan məmnunluğunu bildirən səfir M.Xristova Bolqarıstanın ali təhsil müəssisələri ilə ADU arasında tələbə mübadiləsi, yay məktəblərinin təşkili və s. kimi istiqamətlərdə əməkdaşlığın mümkün olduğunu bildirib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə olunub.
Daha sonra Kamal Abdulla IV İslam Həmrəylik Oyunlarında iştirak edən könüllü tələbələr, eləcə də akademik borcu olan tələbələrlə görüşüb.
Modern.az xəbər verir ki, mötəbər beynəlxalq tədbirdə könüllü fəaliyyət göstərən tələbələrə Azərbaycanın ictimai həyatında fəallıq göstərərək ölkənin inkişafına töhfə verdiklərinə, dünya miqyasında tanıdılmasında yaxından iştirak etdiklərinə görə təşəkkür edən rektor K.Abdulla ADU-nun böyük potensialının olduğunu xatırladıb. O, IV İslam Həmrəylik Oyunlarında universitetdən 1000 nəfər tələbənin könüllü kimi iştirak etdiyini, onlara imtahan sessiyasında güzəştlər oluna biləcəyini bildirib, akademik borcu olan tələbələr üçün yay məktəbinin ödənişsiz təşkil olunacağını deyib.
Görüşdə tədris prosesi, imtahan sessiyası, ikinci xarici dilin tədrisi və s. məsələlər ilə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Modern.az