Nəsibə Mirzəyeva
AMEA Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı
Gürcüstanla Ermənistan arasında diplomatik münasibətlər 1992-ci ilin iyulun 17-də qurulub. Gürcüstan Demokratik Respublikasının yaradılmasının 100-cü ildönümü ilə əlaqədar olaraq cari ilin may ayında Ermənistan rəsmilərinin Gürcüstana rəsmi səfərləri baş tutub. Ermənistanın yeni baş naziri seçilmiş Nikol Paşinyanın da ilk rəsmi səfəri Gürcüstana oldu. Mayın 30-31 tarixlərində 2 günlük zaman çərçivəsində Gürcüstan rəsmiləri ilə görüşlər təşkil olunaraq, bir sıra məsələlər müzakirə edilib. N.Paşinyan səfəri zamanı Gürcüstanın prezidenti Georgi Marqvelaşvili, baş nazir (hazırda sabiq baş nazir) Georgi Kvirikaşvili, parlament sədri İrakli Kobaxidze, xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb. N.Paşinyanın Tbilisi heyətinə baş nazirin müavini Tiqran Avinyan, müdafiə naziri David Tonoyan, xarici işlər naziri Zoqrab Mnatsakanyan, elm və təhsil naziri Araik Arutyunyan, mədəniyyət naziri Lilit Manunts, diaspor naziri Mxitar Ayrapetyan, nəqliyyat naziri Aşot Akopyan daxil idi. Heyətin tərkibinə nəzər saldıqda müzakirələrin təqribən hansı aspektdə aparıldığını təxmin etmək elə də çətin deyil.
N.Paşinyanın Tbilisiyə səfərinin ilk ehtimalları mövcud şəraitə uyğun olaraq aşağıdakı səbəblərlə bağlı ola bilərdi:
-Avropa Birliyi ilə əlaqələrini tənzimləmək və Qərbə doğru addım atmaq üçün rəsmi Tiflisdən istifadə;
-Bakı-Tbilisi-Qars, TANAP, Lazurit dəhlizi və s. bu kimi layihələrdən kənarda qaldığı üçün;
-Gürcüstanla Ermənistan arasında nisbətən yüksək olan gömrük rüsumlarında güzəştlər əldə etmək üçün;
-Alternativ yolların istifadəyə verilməsində razılıq əldə etmək üçün və s.
Paşinyan səfəri zamanı dəfələrlə çıxışında Gürcüstanın ərazi bütövlüyü haqqında fikirlər səsləndirib. Elə səfərinin ilk günü Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin məzarı üstə gül dəstələri qoyub. Nəzərə alsaq ki, həlak olanların əksəriyyəti Baqramyan adına batalyon tərəfindən qətlə yetirilib bu amil olduqca maraqlıdır. Səfəri zamanı N.Paşinyan Gürcüstanda yaşayan erməniləri də unutmayaraq əvvəl Tbilisidə ermənilərin elmi-mədəni mərkəzi olan Ovanes Tumanyanın ev muzeyinə baş çəkib. Daha sonra erməni diasporası nümayəndələri ilə Surb Gevorq kilsəsinin həyətində görüş keçirmişdi. Səfərin ən çox diqqət çəkən məqamı nazirin birbaşa Samtsxe-Cavaxetiyaya səfəri oldu. Artıq məlumdur ki, Ermənistan müstəqillik qazanandan bəri Gürcüstana dəfələrlə rəsmi səfərlər təşkil olunub, lakin buna baxmayaraq, bir dəfə də olsun heç bir rəsmi nümayəndə Cavaxetiyaya səfər etməyib. N.Paşinyan Samtsxe-Cavaxetiyada ermənilər tərəfindən qəhrəman kimi qarşılandı. Görüşdə ermənilər qarşısında çıxış edən Paşinyan onlara birlik olduğu üçün təşəkkür etməklə bərabər, həmçinin dəstək olduğunu da vurğuladı. Bununla Paşinyanın Tbilisi heyətində diaspor naziri Mxitar Ayrapetyanın iştirakı məsələsi aydın olur. Rəsmi Tbilisinin Cavaxetiya regionuna necə həssas yanaşdığı məlumdur. Paşinyan bu səfəri ilə tarixə yenilik gətirməyə çalışsa da, rəsmi Tbilisi məsələyə səssiz yanaşması ilə əslində bir çox suallara cavab vermiş oldu. Bəlkə də bu Cavaxetiyadakı vəziyyətin sonrakı gedişatını izləməyə imkan verəcək. Nəzərə alsaq ki, hələ cari ilin əvvəlində Ermənistanın Yerkir Tsirani (Ərik ölkəsi) Partiyasının lideri Zarui Postancyan Gürcüstanın Samtsxe-Cavaxetiya regionuna “ümumerməni hərəkatı” təşkil etmək üçün səfər etmişdi, deməli Ermənistanın Cavaxetiya regionuna təsir cəhdləri başa çatmayıb.
Məlumdur ki, səfərdən öncə tez-tez Abxaziya dəmiryolunun açılması haqqında məsələlərin müzakirə ediləcəyi haqqında fikirlər səsləndirilmişdi. Lakin gözlənilənlərin əksinə olaraq Gürcüstan rəsmiləri çıxışlarında bu məsələyə toxunmayacaqlarını qeyd etdilər. Buna baxmayaraq, Paşinyan Gürcüstandakı görüşündən sonra Yuxarı Lars yoluna alternativin tezliklə həll ediləcəyinə dair ümidinin olduğunu bildirib.
Səfər çərçivəsində Tbilisidəki erməni məktəblərində erməni dilinin tədris problemləri də müzakirə olunmuşdu. Gürcüstanın Elm və təhsil nazirinin müavini Liya Qiqauri ilə Ermənistanın Elm və təhsil naziri Araik Arutyunyan Tbilisidə 103 nömrəli erməni məktəbinə baş çəkib vəziyyətlə tanış olmuşlar. “Ermənistan doğma dilində olan kitablar və dərs vəsaitləri ilə erməni məktəblərini təmin etməlidir”-deyə nazir Araik Arutyunyan bildirib. Hazırda Gürcüstan sərhədindən erməni dilində dərslik keçirmək qadağandır. Bunun isə səbəbləri məlumdur: dərsliklər gənc nəsilə təsir üçün ən yaxşı vasitədir.
Səfər müstəqilliyin 100-cü ildönümünə təsadüf etsə də, cari il Gürcüstan üçün mürəkkəb siyasi şəraitlə davam etməkdədir. Həmin səfərin heç də təsadüfi olmadığını bir sıra məsələlərə istinadən söyləmək mümkündür: Hazırda gürcü kilsəsi ilə erməni kilsəsi arasında müəyyən səbəblərlə bağlı narazılıqlar davam etməkdədir; Rəsmi Tbilisidə ilin əvvəlində iğtişaşlar və etiraz aksiyaları baş tutub; Məlumdur ki, TANAP-ın açılış mərasimi əvvəlcədən planlaşdırılmışdı və s. Həm bu, həm də digər məqamlara nəzər saldıqda rəsmi Tbilisinin mürəkkəb vəziyyətlə üz-üzə qaldığı bir zamanda səfər heç də təsadüfi hesab edilə bilməzdi. Üstəlik hakim partiya daxilində narazılıq baş nazir G.Kvirikaşvilinin istefasına gətirib çıxardı. Erməni “təhlilçiləri” hazırki vəziyyətdə Gürcüstan üzərində Türkiyə və Azərbaycanın təsirinin azaldığını hesab edirlər. Məsələn, Gürcüstan üzrə ekspert C.Melikyan səfərdən sonra Gürcüstanla Ermənistanın sonrakı münasibətlərinə dair bu fikirləri söyləmişdir:
“Baş nazir dəyişildi, lakin hakim partiya hələ də hakimiyyətdədir. Bu isə erməni-gürcü münasibətlərinə heç bir məsələdə mane ola bilməyəcəyini göstərir. Son illər Gürcüstanın Türkiyə və Azərbaycanla əlaqələri inkişaf edirdi. Praktiki olaraq bütün nəhəng infrastruktur layihələri artıq başa çatıb. Hələlik aydın deyil ki, Azərbaycan şirkətləri və Azərbaycan hakimiyyəti daha nəyə investisiya qoya bilər”.
Sentyabrın 10-da Gürcüstanın baş naziri Mamuka Baxtadzenin də Ermənistana rəsmi səfəri baş tutdu. Səfərdən təqribən on gün öncə Ermənistanın baş naziri N.Paşinyan jurnalistlərə verdiyi müsahibəsində: “Gürcü və erməni xalqı əmin olmalıdır ki, bizim münasibətlərimizdə heç bir mənfi niyyət yoxdur. Güman edirəm ki, mənim Gürcüstana olan ilk səfərim uğurlu oldu. Əvvəlcə Tbilisidə, sonra Samtsxe-Cavaxetiyada oldum. Ümidvaram ki, bu səfər münasibətlərimizdə yeni mərhələyə başlanğıc olacaqdır. Samtsxe-Cavaxetiyaya olan səfərimə gəlincə isə, məlumdur ki, orada çoxlu erməni yaşayır və mənim oradakı əsas məqsədim erməni və gürcü xalqının dost olduğunu çatdırmaq idi. Erməni xalqı əmin olmalıdır ki, Gürcüstan hakimiyyətinin attıdığı addımlarda heç bir mənfi niyyət yoxdur və münasibətlərimizi heç bir faktor qaralaya bilməz”-deyə bildirmişdi. Doğrudur, bu müsahibə nisbətən keçmiş səfərdən sonrakı və yeni səfərdən əvvəlki fikirləri “yönləndirmək” xarakteri daşısa da, əslində öz addımını müdafiə etmiş kimi görünür.
M.Baxtadzenin İrəvana səfəri zamanı heyətinin tərkibində:
- Xarici işlər naziri-David Zalkaliani;
- Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri-Levan Davitaşvili;
- Parlamentin spikeri-Giorgi Volski;
- Deputatlar-Kaxaber Okriaşvili, Samvel Manukyan, Enzel Mkoyan, Ruslan Poqosyan (son üç deputat Gürcüstan parlamentində təmsil olunan erməni deputatlarıdır-M.N);
- “Gürcü dəmiryolu”nun direktoru David Paradze var idi.
Səfər çərçivəsində M.Baxtadze N.Paşinyan, prezident A.Sarkisyan və parlamentin sədri Ara Babloyanla görüşərək müzakirələr aparıb. Əsas müzakirə mövzuları enerji, nəqliyyat, turizm, təhsil sahəsində əməkdaşlıq olmuşdur. Ticarət dövriyyəsinin iki dövlət arasında iki dəfəyədək artımına nail olunması barədə planlar hazırlanmışdır.
Qeyd edək ki, Paşinyanın Gürcüstana səfərindən sonra Gürcüstan dəmiryolu ilə daşınan taxıl məhsullarına Ermənistan üçün 52% güzəşt tətbiq edib. Bundan başqa qanunvericilik sahəsindən başlayaraq energetikaya kimi bütün sahələri əhatə edəcək yol planının hazırlanmasına başlanacaq. Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski bu ilin noyabr ayınadək Tbilisidə erməni-gürcü hakimiyyətlərarası iqtisadi komissiyasının iclaslarının keçirilməyə başlayacağı haqqında da məlumat verib.
Hər iki səfəri təhlil edərkən Ermənistanın Cənubi Qafqazda Gürcüstanla əlaqələrə önəm verməklə hazırki vəziyyətindən çıxmağa çalışdığını görürük. Gürcüstan regionda münasibətləri sabit saxlamaq istiqamətində addımlar atsa da, Ermənistan rəsmiləri səfərlərini siyasi boşluqdan istifadə əsasında, ya da maraqları çərçivəsində aparır.