Rauf Cəfərovun 60 yaşına
Sarvan İbrahimov
İşə tələsdiyimdən, bir az da iti addımlarla yüyürdüyümdən ətrafımdakıları görmür, qarşıma çıxanlardan sürətlə sıyrılırdım. Yaxın məsafədən qulağıma səslənən doğma səs məni bir anlıq ayaq saxlamağa məcbur elədi. Ani dönməyimlə üzündən süzülən nur işıq seli kimi gözlərimə doldu. Həmişə gülərüz, mehriban görməyə alışdığım əziz insan artıq qarşımda dayanmışdı. Macal tapmamış nəfəsimi dərməyə o,ərkyana bir ağız səsləndi mənə. "Qardaş, hara tələsirsən belə, bir ayaq saxla. Nə var, nə yox?”,- deyə ürəyi doluymuş kimi söhbətə qanad verdi. "Onsuz da bir göz qırpımında ömür tələsə-tələsə gəlib keçir. Bir də görürsən ki, finişə yaxınlaşırsan. Budur, mən də sabah altımışı haqlayıram”. Uşaqlığını, gəncliyini, keçdiyi həyat yolunu kino lenti kimi göz önündən keçirən Rauf müəllim biixtiyar tərcümeyi-halının qısa xronalogiyasını verməyə çalışaraq ömür kitabını vərəqlədi:
- 1958-ci il oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində dünyaya göz açdım. 1981-86-cı illərdə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil aldım. İlk pedaoji fəaliyyətə kəndimizdə başlayaraq 18 il müəllim kimi çalışdım. 2004-cü ildən taleyimi paytaxt Bakı ilə bağladım.
2005-ci ildən Azərbaycan Nəşriyyatında Nəşrlər və redaksiya şöbəsində redaktor kimi işə başlayan Rauf Cəfərov çox keçmir ki, Həmkarlar İttifaqı Komitəsinə sədr seçilir. 2016-cı ildən etimad göstərilərək Azərbaycan Nəşriyyatının baş direktor müavini vəzifəsinə irəli çəkilir: "Uzun illik çoxşaxəli fəaliyyəti dövründə dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirən baş direktorumuz Ağabəy Əsgərovun rəhbərliyi altında çalışmaq mənə əlavə stimul verməklə potensialımı ortaya qoymağa imkan yaradır".
Ən böyük arzusu günbəgün çiçəklənən Azərbaycanımızın ağrılı problemi olan Qarabağımızın, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır: "O möhtəşəm qələbə günümüz çox yaxındadır. Ali Baş Komandanımız və güclü ordumuz tezliklə xalqımıza QƏLƏBƏ sevincini yaşadacaq”.
Və beləcə xoş niyyət, müqəddəs bir arzu ilə sağollaşdıq. Mən də fürsəti bada vermədən bu anı ağ vərəqə köçürüb təbrik yazısı etməyi özümə borc bildim. Dedim, qoy məndən dost hədiyyəsi, sürprizi olsun.
Sevimli bir müğənninin ifasında yaddaşıma oturuşan məşhur bir mahnıda deyildiyi kimi, "60 yaş nədir hələ”... Hələ yubiley yaş sıralamasında 70, 80, 90 gəlir...100-cü baharınızda görüşmək ümidi ilə "köhnə” DOST!
60 yaşınız mübarək!