Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 7-9 fevral tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş bilik yarışması keçirilib.
Modern.az xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin himninin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı qısa videoçarx nümayiş etdirilib.
Açılış mərasimində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər ittifaqının baş katibi Aytən Əliyeva çıxış edib. O qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Layihənin başlıca məqsədi yerli gənclərə, Azərbaycanda təhsil alan xarici gənclər təşkilatlarının nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat verməkdir. Eyni zamanda tariximizin bu mühüm hadisəsinin unudulmasına imkan verməməkdir.
Aytən Əliyeva bildirib ki, ittifaq yeganə platformadır ki, Avropadan, Asiyadan, Afrikadan olan gənclər təşkilatlarını özündə birləşdirir. Biz əsasən, beynəlxalq layihələr həyata keçiririk. Azərbaycanda fəaliyyət göstərdiyimiz üçün yerli layihələr həyata keçirməyi, Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərə də mövqe bildirməyi özümüzə borc bilirik.
“Ölkə Prezidentinin sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmuşdu. Biz də bununla bağlı layihə keçirməyi qərara aldıq. Layihələrin keçirilməsi müəyyən vaxt alır, biz də layihəni 2019-cu ildə keçirməyi qərara aldıq. Ümid edirəm ki, yarış maraqlı olacaq. Bu gün Azərbaycanın bilikli, təhsilli gənclərə ehtiyacı var. Mən özüm bir çox beynəlxalq tədbirlərdə iştirak edirəm. Bizim informasiya müharibəsində qalib gələcək gənclərə ehtiyacımız var. Ona görə də istər dost ölkələrlə , istər düşmən ölkələrlə ağıllı mübarizə aparmaq üçün gənclərimizi elm almağa çağırıram. Ancaq o halda qalib ola bilərik ki, bizim savadlı, intellektual gənclərimiz olsun”.
Bilik yarışmasında hər komandada 5 nəfər olmaqla 16 komandadan ibarət olub. Yarış 3 gün davam etmişdir. Yarışın birinci və ikinci günü yarımfinal, 3-cü günü isə final baş tutub, finalda Maqnatlar, Asan Könüllüləri, 5D və Qladius komandaları iştirak edib. Yarışın hər bir sualı AXC-nin tarixi və tarixi faktlar əsasında tərtib olunub və hər biri 10 bal dəyərində qiymətləndirilib. Bilik yarışının qalibi Qladius komandası olub.
Yarışın ekspertləri AMEA-nın Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin elmi işçisi Aygün Əzimova, müstəqil ekspert Natiq Nəsirov, İntelektual yarışlar üzrə ekspert Ayan Bəşirzadə və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər ittifaqının nümayəndəsi Zərifə Qəhrəmanlı olmuşdur.