Modern.az

Gəncə Dövlət Universitetində Konstitusiya Günü qeyd olunub

Gəncə Dövlət Universitetində Konstitusiya Günü qeyd olunub

Aktual

Bu gün, 17:31

Gəncə Dövlət Universitetində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 12 Noyabr – Konstitusiya Gününün tarixi və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamızın tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən Konstitusiya Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olub, milli suverenliyin, siyasi sabitliyin və hüquqi dövlətçiliyin möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradıb. O da vurğulanıb ki, müstəqil Azərbaycanın Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin əsas hüquqi bazasını formalaşdıraraq ölkənin gələcək inkişafına güclü təkan verib.

GDU HİK-nin sədri Afaq Qasımova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlardan, Konstitusiyanın müddəalarına uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsindən və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Tədbirdə Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Konstitusiya və demokratik inkişafın əsasları”, Azərbaycan tarixi kafedrasının əməkdaşı İlham Məmmədov “Konstitusiya və demokratik inkişafın əsasları”, Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyev “Azərbaycan Respublikası Konstitusiyasının fundamental prinsipləri”, GDU-nun Baş hüquqşünası Günay Şirinova “Konstitusiya: dövlətçiliyimizin, suverenliyimizin və peşəkar məsuliyyətimizin hüquqi təməli”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Konstitusiya ali qanunumuzdur” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdə vurğulanıb ki, Konstitusiyanın qəbulu Azərbaycanın müstəqillik tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi tarixi xidmətlərin bariz nümunəsidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz