Modern.az

Konstitusiya bütün suveren ərazilərimizdə bərpa olunub – komitə sədri

Konstitusiya bütün suveren ərazilərimizdə bərpa olunub – komitə sədri

Aktual

Bu gün, 15:45

“Azərbaycan Konstitusiyası müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsinin və davamlı inkişafımızın hüquqi əsasını təşkil edir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Konstitusiyanın qəbulunun 31-ci ildönümü münasibətilə bildirib.

Deputat qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsasını qoyub:

“Xalqımızın zəngin dövlətçilik ənənələrinə və qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan Əsas Qanunumuz insan hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyi, hakimiyyət bölgüsü, sosial müdafiə və iqtisadi fəaliyyət azadlığı kimi fundamental prinsipləri təsbit etdi”.

Ş.İsmayılovun sözlərinə görə, Konstitusiyanın qəbulu müstəqil Azərbaycanın siyasi və hüquqi sisteminin formalaşmasında, dövlət institutlarının fəaliyyətinin tənzimlənməsində və sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayıb.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə, dövlət xidmətlərinin əlçatanlığının genişləndirilməsinə və sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə xidmət edib.

Deputat Konstitusiyanın dövlətçilik tarixindəki əhəmiyyətinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə daha aydın göründüyünü vurğulayıb:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suveren hüquqlarının bütün ərazilərində həyata keçirilməsini təmin etdi. Bununla da ölkəmizin konstitusiya quruluşu və dövlət hakimiyyətinin fəaliyyəti bütün suveren ərazilərimizdə bərpa olundu”.

Ş.İsmayılov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, yaşayış və sosial infrastrukturun yaradılmasını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını konstitusion prinsiplərə əsaslanan inkişaf siyasətinin nəticələri kimi qiymətləndirib.

“Bütün bunlar Azərbaycan Konstitusiyasının yalnız dövlət hakimiyyətinin təşkilini müəyyənləşdirən hüquqi sənəd deyil, həm də ölkəmizin müstəqilliyinin, suverenliyinin və davamlı inkişafının, vətəndaşlarımızın hüquq və azadlıqlarının, firavanlığının əsas hüquqi təminatı olduğunu göstərir”, – deyə deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz