Modern.az

Rusiya vətəndaşı olan kəlbəcərlidən Fuad Ələsgərova MÜRACİƏT

Rusiya vətəndaşı olan kəlbəcərlidən Fuad Ələsgərova MÜRACİƏT

Aktual

25 Fevral 2019, 11:23

Əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı, Abşeron rayonu Saray qəsəbəsi N.Nərimanov küçəsi, ev 5-də qeydiyyatda olub orada yaşayan Abdullayev Rüstəm Həbib oğlu Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri cənab Fuad Ələsgərova müraciət edib.

 

R.Abdullayevin müraciəti şikayət ərizəsinin obyektiv araşdırılmaması ilə bağlıdır:

 

“Hörmətli, Fuad müəllim!

 

Xeyli müddətdir hüquq mühafizə orqanlarında mənim şikayət ərizəmlə bağlı obyektiv araşdırma aparılmadığı, məni aldadım pulumu ələ keçirmiş, əvvəllər hakim işləmiş Lətif Nəbiyev barəsində heç bir qanuni tədbir görülmədiyi, əksinə onun hüquq mühafizə orqanları tərəfindən qanunsuz olaraq müdafiə olunduğu üçün Sizə müraciət etməyə məcbur olmuşam.

 

Belə ki, mən Kəlbəcər rayonunda doğulmuşam. Uzun müddət Rusiya Federasiyasında yaşamışam. Mənim yaxın qohumlarım Azərbaycanda yaşayırlar. Mən mütəmadi olaraq Azərbaycana gəlib-gedirəm. Əvvəllər Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində və Bakı şəhəri Suraxanı rayon məhkəməsində hakim işləmiş, işdə yol verdiyi qanunsuz hərəkətlərinə görə Prezidentin sərəncamı ilə işdən azad olunmuş Lətif Ədil oğlu Nəbiyevlə 2008-ci ildə onun qohumları vasitəsi ilə tanış olmuşam.

 

Normal münasibətlərimiz olub, ona Rusiyada bizneslə məşğul olduğumu bildimişdim. 2012-ci ilin may-iyun aylarında Lətif Nəbiyevlə bir yerdə olduğumuz zaman o, mənə bildirdi ki, Azərbaycanda tikinti-inşaat işləri aparmaq niyyətindədir, bunun üçün müəyyən avadanlıq alması lazımdır, lakin onun buna maddi imkanı çatmır. Ona təcili pul lazımdır. O bildirdi ki, biznesi yaxşı bacarır, mənim ona verəcəyim pulu da tez bir müddətdə qaytaracaq. Mən də onunla uzun bir müddət ərzində tanış olduğuma, onun əvvəllər vəzifələrdə işləməyinə görə ona inanırdım. Ona inanmamaq üçün heç bir əsasım yox idi. Ona görə də Lətif Nəbiyevin göstərişi ilə onun qaynı Sadıqla birlikdə Bakı şəhərindəki banklardan birinə gedib Lətif Nəbiyevin mənə qabaqcadan demiş olduğu bank hesabına 20.000 ABŞ dolları məbləğində pul köçürdüm. Lətif Nəbiyev dediyi vaxtda işə başlamadı. Mən ona bu barədə bildirdikdə, o mənə dedi ki, sənədləşmə işlərində bir az ləngimə var, ona görə işə başlama ləngiyir. Mən ona narazılığımı bildirərək, işlərimin dalınca Rusiya Federasiyasına qayıtdım. 2012-ci ilin avqust ayında mən Rusiyada olan zaman Lətif Nəbiyev mənə zəng edərək işə başlamaq üçün əlavə pul lazım olduğunu bildirdi. Mən yenə ona inanaraq Lətif Nəbiyevə ilkin olaraq 2000 ABŞ dolları pul göndərdim. Sonra yenə Lətif Nəbiyev biznes işlərinin normal getdiyini, işlərin yaxşı olacağını bildirərək məndən yenə pul istədi. Həm də o mənə deyirdi ki, işləri çox yaxşı olacaq, məni də bu işə qatacaq, ona verəcəyim puldan da artıq mənə pul qazandıracaqdır. Mən də ona inandım. Ona görə də Gəncə şəhərində yaşayan qardaşım Uğurluya zəng edərək pul tapıb Lətif Nıəbiyevə çatdırmasını bildirmişəm. Qardaşım Uğurlu da hissə-hissə olmaqla Lətifə iki ay müddətində 28.000 ABŞ dolları pul vermişdir. Lətif Nəbiyev bu pulları alan zaman mənə bildirirdi ki, pulların hamısını 2012-ci ilin oktyabr ayının 20-nə kimi qaytaracaq, hətta mənə əlavə pul da verəcək, Rusiyada məni işə düzəldəcək və s.

2017-ci ilin aprel ayında Lətif Nəbiyev zəng edərək mənə adlarını dedikləri qohumlarının köməyi ilə Gəncə şəhərində su-kanalizasiya işləri görəcəyini və bu iş üçün ona 5000 ABŞ dollar pul lazım olduğunu söylədi və işlərinin uğurlu olacağını bildirirb nəticədə mənim ona verdiyim pulları tam qaytaracağını dedi. Mən onun yeni qohumlarının imkanlı olduğunu bildiyim üçün yenə də ona inandım və qardaşım Sultan vasitəsi ilə ona Abşeron rayonunun Saray qəsəbəsində iki dəfəyə 5000 dollar pul çatdırdım. Özüm də hissə-hissə olmaqla Rusiya Federasiyasından bank vasitəsi ilə Lətifə 4700 dollar pul göndərdim. 2017-ci ilin iyun ayında Lətifin təkidi ilə Azərbaycana qayıtdım, Lətiflə görüşdüm. Onunla söhbət zamanı mən gördüm ki, Lətif Nəbiyev bütün bu müddətdə məni aldadıb, bu müddət ərzində dediyi işlər onun dediyi kimi olmayıb, biznes işi də qurmayıb. Mən Lətifdən 60000-ABŞ dollarımı tələb edəndə o məni Gəncədə gördüyü iş yerinə apardı, məni işlə tanış etdi, bir neçə gündən sonra mənim xahişimlə işlə bağlı bağladığı müqaviləni mənə göstərdi, mən müqavilə ilə tanış olduqdan sonra ona dedim ki, bu müqavilə ilə heç bir qazanc əldə etmək mümkün deyil. O mənə dedi ki, nə işinə qalıb ayda təxminən 18000-manat qazancın olacaq. Mən də razılaşdım və fikirləşdim ki, heç olmasa qazancım olmasa da ona verdiyim 60000-ABŞ dollarımı geri ala bilərəm. Bununla da üç aya qədər onun yanında oldum. Bu müddətdə onun işinə kömək etdim və o mənə hissə-hissə 10000-manata qədər pul verdi. Sonra gördüm ki, Lətif məni yenə aldadır, hətta fəhlələrin pulunu belə xeyli vaxtdır ki, vermir. Ondan sonra fəhlələr ondan pulunu tələb etməyə başladılar.

 

Lətif də hamının pulunu verəcəyinə söz verib Bakı şəhərinə qaçdı. Mən Lətifə zəng edərək nə vaxt Gəncə şəhərinə gələcəyini soruşurdum. O da mənə iki-üç günə gələcəyini bildirsə də Gəncə şəhərinə gəlmədi. Mən təxminən 10-15 gün gözlədikdən sonra Bakı şəhərinə gəldim. Lətif Nəbiyevin evinə gedib pulumu tələb etməyə başladım. O mənə dedi ki, yaxın müddətdə verəsiyəm. Danışıq zamanı Lətifin oğlu Elxanın dediyinə görə Lətif məndən aldığı 9700-ABŞ dolları pulu qızı Günelin toyuna xərcləyibmiş. Mən artıq onun məni aldatmasına tam əmin olduqdan sonra ona vermiş olduğum pullarımı intensiv surətdə, yəni özünə, oğluna, tanışlarına müraciət etməklə tələb etməyə başladım.

 

Sonda isə o, mənə “istəyirsən vur öldür, mənim sənə verəcək pulum yoxdur”-deyə cavab verdi. Həm də dedi ki, hara şikayət edirsən et, sənin şikayətinə burada baxılmayacaq: “Mənim burada geniş əlaqələrim var, heç kim mənim barəmdə tədbir görməyəcək”.

 

Ondan sonra mən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişəm. Orada ərizəmlə bağlı heç bir araşdırma aparılmadan ərizəmi Abşeron rayon polis idasinə göndəriblər.  Abşeron rayon Polis İdarəsinin baş təhqiqatçısı Əsgərov Rəfael Tofiq oğlu material üzrə mənim və Lətif Nəbiyevin izahatlarımızı almaqla kifayətlənib, Lətif Nəbiyev izahatında mənim dediklərimi tədiq etsə də təhqiqatçı buna əhəmiyyət verməyib, material üzrə 26 fevral 2018-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edib. Mən həmin qərardan Abşeron rayon prokuroruna şikayət etdim. Həmin qərar Abşeron rayon prokuroru tərəfindən ləğv edilib və materiallar araşdırılması üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Bu dəfə isə müstəntiq tərəfindən mənim və Lətif Nəbiyevin izahatımız qısaca alınıb, mənim əlimdə kifayət qədər sübutlar olmasına baxmayaraq (aidio danışıqları) buna əhəmiyyət verilməyib, müstəntiq Vasif Zeynallının 26 iyul 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib.

 

Siz Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi kimi Respublikamızda böyük nüfuza maliksiniz. Ona görə mənim ərizəmi nəzarətinizə götürməyinizi, ərizəmin tam, hərtərəfli və obyektiv araşdırılmasına, aldadılaraq məndən alınmış 60.000-ABŞ dolları pulumun Lətif Nəbiyevdən alınaraq mənə ödənilməsinə və təqsirkar şəxslərin barəsində qanuni tədbir görülməsinə göstəriş verməyinizi xahiş edirəm”,deyə şikayətçi öz müarciətində bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı