Xəbər verildiyi kimi, fevral ayının 23-də Avropada yaşayan soydaşlarımızın Belçikanın Brüssel şəhərində, Avropa Parlamentinin önündə izdihamlı mitinqi keçirilib.
Sevindirici haldır ki, Avropa mətbuatında da sözügedən mitinqin keçrilməsi barədə xəbər verilib.
Məsələn belə xəbərlərdən birini Niderland mətbuatı üçün tədbirdə iştirak edən soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov hazırlayıb.
Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
Niderland mətbuatında çıxan xəbərdə fevralın 23 – də Avropanın müxtəlif ölkələrindən gələn azərbaycanlıların Belçikanın Brüssel şəhərində, Avropa Parlamentinin önündə etiraz mitinqi keçirildiyi yazılıb və daha sonra qeyd edilib: “Mitinq iştirakçılarının əsas tələbləri “Xocalıya ədalət”” olub. Əllərində Azərbaycan bayraqları, müxtəlif şüarlar olan mitinq iştirakçıları ümidvar olduqlarını bildiriblər ki, tezliklə ədalət öz yerini tutacaq. Mitinqin sonunda əllərindəki qara rəngli şarları havaya buraxan azyaşlı iştirakçılar bununla Xocalıda uşaqların da qətl edildiyinə diqqət çəkmək istəyiblər”.
Xəbərdə “Belçika – Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Ayhan Dəmirçi və Macarıstandakı “Qardaşlıq” cəmiyyətinin sədri Ramiz Əmirlinin fikirləri də yer alıb.
Xəbərdə həmçinin Xocalı hadisələrinin baş vermə səbəbi, Azərbaycan torpaqlarının 20%-nin Ermənistanın işğalında olması, Ermənistanın BMT – nin dörd qətnaməsinə məhəl qoymadığı da vurğulanıb.
//www.rfgmagazine.nl/azerbeidzjanen-protesteren-in-brussel/